Bugünlərdə Avropa Xəbər Agentliyində (European News Agency) növbəti yazım yayımlanıb. Həmən yazını, Azərbaycan dilində, “Ədalət”in oxucularına təqdim edirəm.
Müharibələr... Dünyanın müharibəsiz vaxtı olub? Məncə, yox. Bir dəfə haradansa oxumuşdum ki, dünya yaranandan yalnız bir neçə ay müharibəsiz keçib. Düşünürəm ki, bu bir neçə ayda da müharibələr olub, amma “bir neçə ay müharibəsiz olub” yazanların bundan xəbəri olmayıb. Hamımız müharibələri pisləyirik, amma müharibələri edən də bizlərik, insanlar. Yeni-yeni silahlar istehsal olunur, daha güclü, daha çox zərər verə biləcək silahlar. Sanki bir çox dövlətlər bu sahədə bəhsə giriblər. Əslində elə giriblər də. Elə müharibələr də bu silah istehsalçısı ölkələrə daha çox sərf edir. Dövrümüzdə qonşu dövlətlər arasında müharibələrin də bu güclər tərəfindən alovlandığını düşünürəm. Yoxsa qonşular niyə müharibə etsinlər? İndi əvvəlki vaxt deyil ki, hücum edib qənimət əldə edəsən. İndi qazanan vuruşan dövlətlər yox, onları vuruşduranlar olurlar. Əlbətdə ki, bunlar və bundan sonra yazacaqlarım mənim fikirlərimdir, razılaşmaya bilərsiniz.
Dünyanın ən uzun müharibəsi, tarixi kitablara inansaq, Fransa ilə İngiltərə arasında olub (1337-1453) və fasilələrlə 116 il çəkib. Bu müharibə tarixdə “100 illik müharibə” kimi tanınır. Amma dövrümüzdə elə müharibələr var ki, onlar fasilələrlə 100 ildən də artıq çəkib, amma tarixdə “rekord vuran” müharibə kimi düşməyib. Məsələn, ermənilərlə azərbaycanlılar arasında ilk qırğınlar, mənim bildiyimə görə, 1905 – ci ildə olub. Yəqin ki, bu müharibə o vaxt iki dövlət arasında deyil, sadəcə xalqlar arasında olduğu üçün Ermənistan və Azərbaycan arasında gedən müharibə kimi 1905 – ci ildən hesablana bilməz. Ondan sonrakı tarixdə bu qırğınlar, sonralar iki dövlət, Ermənistanla Azərbaycan arasında müharibə bir neçə dəfə olub, təbii ki, fasilələrlə. Bu iki dövlət arasındakı sonuncu müharibə isə ötən əsrin sonlarında Ermənistanın Azərbaycan torpaqlarına iddiası, sonradan isə Qarabağ və yeddi digər rayonun işğalı ilə başlandı. Bir neçə il öncə Azərbaycan öz torpaqlarını, 2020 – ci ildə qismən (böyük hissəsini) və 2023 – cü ildə isə tam (bir neçə kəndi saymasaq) azad etdi. Təəssüf ki, hələ də bu iki ölkə arasında sülh müqaviləsi bağlanmayıb. Bu yerdə xüsusi qeyd etmək istəyirəm ki, bu xalqlar arasındakı müharibələri, həm ötən əsrin əvvəllindəki, həm də sonundakı müharibələri, Rusiya alovlandırıb, daha doğrusu yaradıb və davamlı olmasını təmin edib. Bu gün də bir çox dövlətlər (həmçinin də Rusiya) imkan versələr, düşünürəm ki, sülh müqaviləsi tezliklə imzalanar.
Daha bir uzun sürən müharibə isə illərdir ki, Fələstinlə İsrail arasında gedir, əgər müharibə bir neçə il də davam etsə, “100 illik müharibə” rekordu təzələnəcək. Maraqlıdır, təzələnəcəkmi? Bu gedişlə bunu inkar etmək üçün əsasımız olduğunu düşünmürəm. Zaman-zaman digər ərəb dövlətləri də bu müharibəyə müdaxilə edib və sonra geri çəkiliblər. İran da hər dəfə İsraili hədələməkdən çəkinmir. Demək ki, nəzəri cəhətdən, müharibənin daha da genişlənməsi, daha geniş coğrafiyaya sıçraması belə mümkündür. Ümid edək ki, belə olmayacaq. Qeyd etdiyim kimi, Yaxın Şərqdə də üfüqdə sülh görsənmir.
Siyahını uzatmaq da mümkündür. Afrikada gedən müharibəsələri və.s. də bu sıraya daxil edərək siyahını uzada bilərik. Amma buna ehtiyac hiss etmirəm.
Mənim uşaqlıq, yeniyetməlik və gəncliyimin ilk illəri sovetlər birliyində, SSRİ – də keçib. Məktəbdə bizə öyrədirdilər ki, dünyanın ən xoşbəxt insanları bizlərik, SSRİ vətəndaşları. Bizə həm də öyrədirdilər ki, dünyanın ən xoşbəxt uşaqları da bizlərik, SSRİ – də böyüyən uşaqlar. Müəllimlərimiz deyirdilər ki, biz sovet uşaqları İkinci Dünya Müharibəsindən sonra müharibə görməmişik və görməyəcəyik. Həqiqətən də görmədik, 20 yanvar 1990 – cı ildə sovet qoşunları Bakıda, elə həmən illərdə SSRİ – nin digər bir çox respublikalarında törətdiyi qırğınları görənə kimi. Həmən illərdə SSRİ – nin bir çox respublikalarında Moskva əleyhinə mitinqlər başlanmışdı və Moskva qırğınlar törədərək bu hərəkatların qarşısını almağa çalışırdı. Elə həmən illərdə və SSRİ – nin süqutundan (1991) sonra bizlər, sovet uşaqları anlamağa başladıq ki, illərdir yalançı təbliğatla böyümüşük. Anladıq ki, SSRİ bizə təqdim olunan kimi “sülh göyərçini” deyilmiş, dünyanın nə qədər yerlərində, Əfqanstanda, Macarısatanda və.s. neçə qırğınlar edibmiş. Bütün bunlardan isə bizim xəbərimiz yox imiş və bunlardan xəbərsiz “xoşbəxt sovet uşaqları” kimi böyümüşük. Xəbərsiz böyüməyimizin səbəblərindən biri də o idi ki, xəbər almaq imkanlarımız yox idi, hər şey bizə Moskvanın istədiyi kimi çatdırılırdı...
... İndi isə hər tərəfdən xəbər almaq imkanımız var; tv – lər, radiolar, sosial şəbəkələr və.s. Açığını desəm, bəzən düünürəm, hansı daha yaxşıdır, hər şeydən xəbərsiz olub özünü xoşbəxt sanmaq, yoxsa çox şeydən xəbərdar olub gərgin həyat yaşamaq?
...Müharibələr... Əminəm ki, insanların çoxu yorulub, usanıb bu müharibələrdən, müharibə xəbərlərindən. Nəhayət dünyaya sülh gəlməsi lazımdır. Bitsin artıq bu müharibələr. Sülh olsun. Görəsən nə vaxtsa bu olacaqmı? Bir gün dünyanı müharibəsiz görəcəyik? Görəsən, məsələn, 100 il sonra kimsə bu barədə yazanda “21 – ci əsrin filanıncı ilındən filanıncı ilinə kimi dünyada müharibə olmayıb” yaza biləcəkmi? Azərbaycanlı şair Hüseyn Cavid 20 – ci əsrin əvvəlində:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü - yazırdı və bü gün dünya öz dahisini gözləyir.
Vüqar Abbasov.
P.S. Növbəti yazılarımda SSRİ – dəki həyatımız barədə söz açmağa çalışacam. Düşünürəm ki, bu mövzu oxucular üçün maraqlı ola bilər.
Yazıya buradan keçid edə bilərsiniz: https://www.european-news-agency.de/politik/the_world_is_awaiting_its_genius_-88798/