Döyüşək?…- Elçin Cəlilov yazır
Qurban Qurbanov Azərbaycan futbolunda ən yaxşı nəticələri qazanıb, təkrarlanması uzun illər mümkünsüz görünən tarix yazıb. Ardıcıl 12-13 il davam edən dominantlıq elə-belə mümkün olmur. Epizodik uğur başqa yerli mütəxəssislərimizdə də olub, Qurbanov böyük bir istisnadır, müstəsnadır.
Bu və oxşar səbəblərdən futbolumuzda olan aktivasiyalar barədə fikir icad etmək istəyərkən onun yanaşmalarını prioritet saymağım tam təbiidir, məntiqəuyğundur.
Fəlsəfi ifadə etsəm, nəticələr göstərir ki, Qurbanov fenomeni Azərbaycan futbolu üçün subyektiv yox, obyektivdir.
Obyektivdən baxmaq, görmək istəyəndə özümün deyil, Qurbanovun baxış bucağından, rakursundan baxmağım ən yaxşı yanaşma olardı.
Subyektiv yox, obyektiv.
Gəlin bu anlamda gündəmin qaynar mövzusu olan “Sabah” – “Qarabağ” oyunundakı penalti qalmaqalına OBYEKTİV rakursdan baxaq.
Qurbanov:
“Bu barədə fikir bildirməyim, fərqli qarşılana bilər”.
Hm…
Son vaxtlar toxunduğum məsələnin “zınqırovuna” toxunuş edim: siz açıq-aşkar (?) olanı açıq-aşkar deyə bilmirsinizsə (?), biz bunu necə və niyə edək?
Sitat:
“Topun ələ dəydiyi görünürdü. Amma Rəhim Həsənov yəqin ki, bununla bağlı açıqlama verəcək”.
– Ok, Qurban hoca, biz də sizin kimi edəcəyik. Rəhimin nə deyəcəyini gözləyəcəyik – nə deyəcəyini bilə-bilə.
Sitat:
“Bəzən bu cür fikirlər səsləndirəndə, deyirlər ki, rəqibin qələbəsinə kölgə salınır”.
– Nə deyirlərsə desinlər. Həqiqət sizin dilinizdən çıxacaqsa, bu, hamımızınkından daha desibelli çıxacaq. Dəqiq mövqe, fikir, qərar varsa, demək, açıqlamaq gərəkdir.
Sitat:
“Həmin epizodu penalti kimi gördüm. Olan şeylərdir”.
– Bəs bunu deyin də. Bu qədər ehtiyatla, dolayı danışmaq niyə? Çıxışın əvvəlində bu haqda danışmağın fərqli qarşılana biləcəyi ehtimalını səsləndirib ehtiyat edirsiniz, amma yekunda penalti ola bilmə ehtimalı barədə…
Həqiqətən, biz bu həqiqəti bilməliyik, baş məşqçilər, klub rəhbərləri açıq, net danışmayınca medianın mövzu haqda emosional yazıları subyektiv olur, bu da qeyri-peşəkarlıqdır. Bəli, siz danışmalısınız, həm də qəti, açıq. Onda biz də o obyektivdən rahat baxa bilərik; istər emosional olsun, istər rasional və s.
Dolayıçılıq ediriksə, bu da yanlış deyil. Onda medianın da dolayıçılığını qınamayaq.
Biz politkorrekt danışaq, eyhamla işarə vuraq, media asıb-kəssin, ağ yuyub qara sərsin…
Hmm…
Doğru olmur, yoldaşlar.
Bəli, Rəvan Həmzəzadənin son dəqiqədəki penalti qərarı penalti kimi görünüb, lakin penalti verilməyən qərar kimi səciyyələndirilə bilər. Mümkündür ki, Rəvan şablona əsaslanıb verdi o qərarı, ancaq müzakirəyə açıq epizod kimi qabarır. Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun şərhini gözləyək.
Hmm.. ok..
Bu da bizim politkorrekt yanaşmamız.
Nə şiş yansın, nə kabab.
P.S.
İllərlə “yanğınlarda” var-gəl edib, “qızmadıq istisinə, kor olduq tüstüsünə”…
P.P.S.
Nazim Hikmətin şeirindən, “Sən yanmasan, mən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa” misraları deyir ki, “…gəlin yığışaq, gedək müharibəyə!” qazverməsi olmasın, doğru üçün döyüşürüksə, birlikdə döyüşək.
/futbolpress.az


Bakı -°C

