24 Sentyabr 2024 10:44
2576
MEDİA

"Dezinformasiyaya qarşı mübarizə ölkələrimiz üçün prioritetdir" - Əhməd İsmayılov

“Özbəkistan Respublikası ilə media müstəvisində əlaqələrimizin möhkəmlənməsi mənəvi dəyərlərimizin qorunmasına töhfə verməklə yanaşı, həm də sürətli texnoloji dəyişikliklər mərhələsində zamanın tələbi kimi qarşımızda dayanır”.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Media Forumunun rəsmi açılışında çıxışında deyib.

Əhməd İsmayılov bildirib ki, media sosial şəbəkələrlə rəqabət şəraitində öz təməl prinsiplərinə sadiq qalaraq fəaliyyətini texnoloji tərəqqiyə uyğunlaşdırmalı, rəqəmsal mühitdə konvergensiya prosesini effektiv keçərək müasir çağırışlara cavab verməlidir: “Bu baxımdan ölkələrimizin jurnalist ictimaiyyəti arasında səmərəli əlaqələrin qurulmasının, konstruktiv fikir mübadiləsinin aparılmasının ümumi işimizə mühüm töhfə verəcəyinə əminik”.

O qeyd edib ki, Azərbaycan və Özbəkistanın media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında əməkdaşlığın qurulması, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin fəaliyyətinin inkişafı, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülməkdədir: “2022-ci il 20 iyun tarixində Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nun imzalanması müvafiq sahədə fəaliyyətimizin canlanmasına ciddi stimul verib.

Nəticədə 2023-cü il 22 avqust tarixində Özbəkistan Respublikası Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi” imzalanıb.

“Yol Xəritəsi”nin icrası çərçivəsində bu ilin iyul ayında Özbəkistan Respublikasının Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəsmiləri və bir sıra media nümayəndələrinin iştirakı ilə Azərbaycana press-tur təşkil olunub.

Müvafiq press-tur çərçivəsində Medianın İnkişafı Agentliyində press-turun iştirakçıları ilə görüş keçirilmiş, görüşdə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının, dezinformasiyaya qarşı birgə mübarizənin əhəmiyyəti vurğulanmış, 2-ci Şuşa Qlobal Media Forumunda sözügedən məsələ barədə aparılan müzakirələrin nəticələri ilə bağlı qonaqlara məlumat verilmiş, media sahəsində mövcud əlaqələrin davamlı inkişafının vacibliyi diqqətə çatdırılıb.

Diqqətəlayiq haldır ki, iki ölkə arasında media sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə “Yol Xəritəsi”nin icrası çərçivəsində yaxın gələcəkdə daha əhatəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”.

Əhməd İsmayılov vurğulayıb ki, texnoloji inkişaf özü ilə birlikdə sərhədləri aşan, ölkələrin informasiya mühitini çirkləndirən nüanslar da gətirməkdədir: “Bu kontekstdə dezinformasiyaya qarşı mübarizə ölkələrimiz üçün prioritet təşkil edən məsələlərdəndir.

2-ci Şuşa Qlobal Forumunda məhz bu məsələ ilə bağlı vacib mesajlar verilib. 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın qatıldığı Forumda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, media ekspertləri çağdaş dünyada dezinformasiya barədə əhatəli təsəvvürün formalaşdırılması, onun səbəb olduğu neqativ nəticələrin təhlili və onunla mübarizədə effektiv həll yolları kimi məsələlər ətrafında geniş fikir mübadiləsi apardı.

Özbəkistan-Azərbaycan Media Forumu dezinformasiya ilə mübarizə məsələsini bir daha media gündəminə gətirməklə bu problemə qarşı mübarizənin beynəlxalq səciyyə daşıdığını vurğulayır və inanırıq ki, mövcud vəziyyətdən çıxış yollarının tapılması baxımından əlamətdar olacaq”.

MEDİA rəhbəri bu il Azərbaycan mediasının gündəminin kifayət qədər zəngin olduğunu diqqətə çatdırıb: “Bildiyiniz kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək.

Fürsətdən istifadə edərək, özbəkistanlı həmkarlarımızdan, Forumda iştirak edən dəyərli media nümayəndələrindən Azərbaycanda COP29 ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma, ümumilikdə Azərbaycanın yaşıl dünya naminə irəli sürdüyü təşəbbüslər barədə əhatəli və genişmiqyaslı məlumatlandırmanı təmin etməyi, müxtəlif müstəvilərdə media dəstəyi göstərməyi rica edirik”.