31 May 2017 13:19
8215
MƏMLƏKƏT

Çimərlik mövsümü ilə bağlı 9 avtobus xətti dəyişdirildi

Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət traektoriyasında dəyişiklik edilib.

BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Adalet.az-a bildirib ki, məqsəd bu ilki çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş gəlişini təmin etməkdir.

Belə ki, mövsümü xarakterli dəyişikliyə əsasən iyunun 1-dən etibarən:

· 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu” stansiyasından "Buzovna” çimərliyinə,

· 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu” stansiyasından "Bilgəh” bağlarına,

· 173 nömrəli marşrut xətti üzrə avtobuslar "Pirşağı” bağlarına və çimərliyinə,

· 179 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar Süleyman Sani Axundov küçəsindən "Qızılqum” sanatoriyasına,

· 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin "Ləhiş” bağlarına,

· 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin "Sahil” çimərliyinə,

· 108 və 134 nömrəli marşrut xətti avtobuslar "Görədil” və "Fatmayı” bağlarına,

· 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə "Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.