14 Mart 2023 17:26
822
MƏDƏNİYYƏT

BİR AXIR ÇƏRŞƏNBƏ XATİRƏSİ... - Nazim MURADOV yazır

Nazim MURADOV

Şimali Kipr Türk Cümhuriyyəti

 

Anam Rübabə, qardaşım Polad bir də vətənin hər iki tərəfini görmədən ölənlər üçün...

Dəyərli dostlar, həmvətənlər, ilin axır çərşənbəsi ilə bağlı, sadəcə, şəxsi dəyil, siyasi-ictimai mənasının da olduğunu düşündüyüm bir xatirəmi sizinlə paylaşmaq istəyirəm.

***

Mən Azərbaycanın sərhəd rayonlarından birində doğulub böyümüşəm. Bizim kənd köhnə SSRİ – İran sərhədinin, yəni Araz çayının 15 km quzeyində idi. Sərhədin quzey tərəfi, yəni bizim tərəf, içində elektrik olduğunu da eşitdiyim tikanlı məftillərlə möhkəmləndirilmişdi. Hər 2-3 km məsafədə də içərisində silahlı əsgərlər olan keşikçi qüllələri var idi. Güneydən quzeyə, quzeydən güneyə də, nəcə deyərlər, quş uçurdulmurdu. O vaxtlar, həqiqətən də, "dəmir pərdə" illəri idi, ən azından bizim, güneydəkilərlə xəbərləşməmiz mümkün deyildi. Amma bizim babalarımız, atalarımız və biz 1813-dən başlayan bu ayrılıq illərində hər ilin sadəcə bir günündə xəbərləşirdik. O gün – bu gün idi, yəni 21 martdan öncəki çərşənbə axşamı – ilin axir çərşənbəsi günü idi...

***

Hələ yeni təqvim ili gəlmədən (31 dekabrdan) də əvvəl biz – kənd uşaqları, köhnə maşın (əsas da traktor, yük maşını) təkərlərini toplamağa başlayardıq və onları cox çətinliklə dağın təpəsinə çıxarardıq. 21 mart öncəsi son çərşənbə axşamı günü təkərləri (ən azı on-on beş təkər olardı) üst-üstə yığıb içlərini quru kol-kosla, çıl-çırpı ilə, qurumuş gəvənlə doldurardıq. Təkərləri də ayrıca dəmir məftillərlə bir-birinə bağlayardıq, sonra onların hamısını bir neçə yerdən kənardakı qayalara – qayaların başındakı sağlam kollara (çalılara) bağlayaraq üzüaşağı dığırlanmalarının qarşısını alardıq. Sıldırım, yalçın qayaların üzərindəki bu “özfəalliyyət” özəlliklə kiçik yaşlı uşaqlar üçün çox təhlükəli bir iş idi. Amma bunun həyəcanı bambaşqaydı. Əslində, bu həyəcan o axşamın qaranlığı başlarkən Güney Azərbaycandan gələn o od mesajını görməkdən ibarətdi…

***

Dağın başında ən az 25-30 uşaq olardıq. Yanımızda məhləmizin artıq başqa şəhərlərdə, respublikalarda yaşayan bizdən yaşça böyük “uşaqları”, yəni bizim abilərimiz də olardı bəzən. Onlar, bəlkə də, məhz bu həyəcanı yaşamaq üçün yaşadıqları yerlərdən doğma vətənə qayıdırdılar... Axşamın qaranlığı düşənə yaxın həyəcan zirvəyə çıxardı. Hamımız gözümüzü güneyə – Arazın o tayındakı Kəmki dağının biz tərəfinə, yəni quzey ətəklərinə zilləyərdik. Araz da gün batımının işıqlarında gümüş bir xəncər kimi parlar və qəmli-qəmli axıb gedərdi... Qaranlıq düşər-düşməz Güney Azərbaycandakı Kəmki dağının quzey ətəklərinə yayılmış kəndlərin yüksək təpələrindəki tonqalın yanmasıyla bərabər çərşənbə atəşləri yanardı... “Qarşı yatan qara dağ”ın ətəyindəki ilk atəş bizim üçün də siqnal olardı və biz Güneydəki atəşi görən kimi təkərlərimizi yandırardıq. O an ürəyimiz elə həyəcanla döyunərdi ki... Bizdən aşağıda əl içi kimi görünən kəndlər də gözlərini bizə dikərdi, biz zirvədəki çərşənbə tonqalını yandıran kimi bütün kəndlərin həyətlərində, evlərin damlarında çərşənbə tonqalları yanmağa başlardı. Vətənin iki tərəfində – Güneydəki dağlarda da, Quzeydəki dağlarda da tonqallar yanardı o anda... Möhtəşəm bir mənzərəydi bu, Azərbaycanın “Odlar Yurdu” olduğu o anda tam mənası ilə anlaşılırdı.

Hər iki tərəfdə dağların başında tonqallar görünəndə biz çox sevinər, elə o dağ başındaca bir-birimizi qucaqlayıb təbrik edərdik. Aramızda sevinc göz yaşları axıdanlar da olardı... Sən demə, biz böyük vətənin o tayındakı qardaşlarımızla uzun illər bələcə od dilində məktublaşmışıq, bir-birimizə od mesajları göndərmişik; bu od mesajlarında: "Şükür Yaradana, bu ilə də çıxdıq, bu ili də gördük, bu il də çərşənbə tonqalı yandırdıq, bir-birimizdən xəbər tutduq... yeni iliniz, bayramınız mübarək, qardaşlar!" – demişik bir-birmizə... Və vətənin o tay-bu tayındakı dağ başlarında yandırdığımız o müqəddəs çərşənbə tonqalları bizi tam bir il isidərdi, tam bir il ümidlərimizi sönməyə qoymazdı...

***

...Səhv etmirəmsə, o illərdən birində (təxminən 1980-81-ci il idi) axır çərşənbə günü Güneydə od yandırmadılar... Bizim oilki həyəcanımızın, oilki Novruz bayramımızın dadı-duzu qaçdı.... Güneydəki qardaşlara bir şeymi oldu, niyə yandırmadılar tonqallarını?!..

Hamımızın içində bir nigarançılıq vardı. Qardaşlarımızın bayramı niyə qara gəlmişdi?! Bizim bu nigarançılığımız üzümüzdən açıq-aşkar oxunurdu... Sonra bu nigarançılıq kənd camaatına da sirayət etdi və oilki bayramımız yaxşı keçmədi...

***

O illərdə “Körfəz müharibəsi” də deyilən İran-İraq müharibəsi vardı. Təbii ki, biz həmin il güneyli qardaşların od yandırmamasının səbəbini anlaya bilmədik, bunu ancaq illər sonra öyrənə bildik. Bu hadisədən 12-13 il sonra (1990-cı illərin əvvəllərində) yollar açıldı, gediş-gəliş başladı Güneylə. Ailəmdən Güneyə gedənlərdən xahiş etdim ki, illərdir içimdə qalan o nigarançılığın səbəbini öyrənsinlər: Güneyli qardaşlar o il niyə od yandırmadılar, niyə bizi tam bir il gözü yolda, nigaran qoydular?..

Sən demə, hər il bizə od məktubu göndərən, o taydakı təxminən 200 evlik kənddə o il böyük bir yas varmış... O il böyük vətənin o balaca parçası olan kənddən 65 qardaşımız – bəlkə də, dağ başından hər il bizə od məktubu göndərən qardaşlarımız – İran-İraq müharibəsində şəhid olubmuş... Hətta hər ailənin şəhid verdiyi o kənd bu hadisədən illər sonra belə toylarını çal-çağırsız, səssiz-küysüz edirlərmiş... O kənddəki bir toya şahid olan tanışlarım bunu söylədilər...

***

Yaralarımız sağalır yavaş-yavaş. Özəlliklə ilin axır çərşənbəsində küsülülər barışır, hamı giley-güzarını, dərdini içinə atır, dərdi olanlar belə yeni ilə gülərək, sevinərək qədəm qoymağa çalışır ki, il qəmsiz keçsin...

***

Yeni ilinizin – yeni ilimizin sevinclə, uğurla, zəfər gülüşləri içində keçməsi diləyi ilə hamınızı qarşıdan gələn ilin axır çərşənbəsi və Novruz bayramı münasibəti ilə təbrik edirəm!