adalet.az header logo
  • Bakı -°C
05 Dekabr 2013 08:40
17239
LAYİHƏ
A- A+

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

İnsanlar niyə Binəqədini seçir?

"Mənə Baknın bir neçə rayonundan mənzil təklif olunmuşdu. Binəqədini seçdim. Bura sakit, səliqəli rayondur". Bunu 33 yaşlı Vaqif Mustafayev deyir. O, bildirir ki, 10-15 il bundan öncə mənzil almaq istəsəydi, bəlkə də, Binəqədiyə üz tutmazdı. Həmsöhbətimiz Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yaşayır.

Torpaq bazarının ən aktiv iştirakçısı...

"Yeni mənzil aldığım bina metroya yaxındır. Marşrut problemi, tıxac yoxdur. Park, uşaq bağçası, orta məktəb, ticarət mərkəzi binamızın yaxınlığındadır. Həyətimiz də, gördüyünüz kimi, səliqəlidir. Burada yaşıllıq salınıb, oturacaqlar, çardaqlar qoyulub. İnsanın yaşaması üçün burada lazım olan hər şey var", - deyə Binəqədinin yeni sakini bildirir.
Binəqədi rayonunda yaşamaq istəyənlərin sayının artdığını statistik rəqəmlər də təsdiqləyir. Ərazisi 169, 38 kv.km olan rayonda yaşayan daimi əhalinin sayı 253 min 700 nəfərdir. Faktiki əhalinin sayı isə 400 min nəfərə yaxındır. Binəqədi əhalisinin sayın durmadan artmaqda davam edir. Bu, təsadüfi deyil. Həmsöhbətimiz Faqif Mustafayevin dediyi kimi, rayonda insanların rahat yaşaması üçün vacib olan infrastrukturlar mövcuddur. Nüfuzlu qeyri-hökumət təşkilatı olan "Daşınmaz Əmlak İştirakçıları" İctimai Birliyinin araşdırmaları da təsdiq edir ki, hazırda torpaq bazarında ən aktiv rayon Binəqədidir. Qeyd olunur ki, rayona əhali axınının sürətlənməsinin bir neçə səbəbi var.

Üç mühüm səbəb

Birincisi, Binəqədi rayonu Azərbaycanın ən böyük rayonlarından biridir. Buranın ərazisi yeni yaşayış məskənlərinin salınmasına imkan verir.
İkincisi, son illər rayonda böyük infrastruktur layihələr gerçəkləşdirilib ki, bunun sayəsində Binəqədi Bakının ən qabaqcıl rayonlarından birinə çevrilib. Rayon ərazisində 3 metrostansiyanın - Nəsmi, Azadlıq və Dərnəgül stansiyalarının fəaliyyətə başlaması rayona olan marağı artırıb. Bakı avtovağzal kompleksinin rayon ərazisində fəaliyyət göstərməsi, həmçinin "Binə" və Sədərək" ticarət mərkəzlərinin Binəqədinin yaxınlığında yerləşmələri burada əhalinin saynın artmasına təsirsiz ötüşməyib.
Nəhayət, rayonda 95 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunlardan 5-i mədənçıxarma, 85-i emal, 2-si elektrik enerjisi, qaz və buxarlanma, 3-ü isə su təchizatı və tullantıların təmizlənməsi müəssisələridir. Rayonda fəaliyyət göstərən əsas iri sənaye müəssisələrindən neft və qaz çıxarma təyinatlı "Binəqədi Oil Company" Neft Şirkətini, ayaqqabı istehsalı üzrə ixtisaslaşmış "Bot" MMC-ni, əsasən maşınqayırma üzrə ixtisaslaşmış "B.Sərdarov adına Maşınqayırma zavodu"nu, müxtəlif təyinatlı dəmir və polad məhsullarının istehsalı üzrə ixtisaslaşmış "Bakı Poladtökmə"ATSC-ni, müxtəlif növ boyalar istehsal edən "FAB Boya" və "Bilfa Boya" şirkətlərini misal göstərmək olar. Bunlardan əlavə, rayon ərazisində spirtsiz və sərinləşdirici içkilər istehsal edən "Koka-kola Bottlers LTD", "Golden Uoter", "Mars Overseas" kimi iri şirkətlər də fəaliyyət göstərir ki, onların istehsal etdikləri məhsullar bütün respublika ərazisində satılır. Eyni zamanda, rayonda "Akva Park" istirahət və əyləncə kompleksi də fəaliyyət göstərir. Bundan əlavə, paytaxtın möhtəşəm şadlıq saraylarından sayılan "Monte Kristo", "Lido", "Min Bir Gecə" şadlıq sarayları, "Elit" ticarət və istirahət mərkəzi, "Oazis" istirahət mərkəzi rayon əhalisinə və paytaxt sakinlərinə xidmət göstərirlər. Binəqədidə təhsil, səhiyyə, idman ocaqlarının sayının kifayət qədər olduğunu da nəzərə alsaq, insanların bu rayonda nə üçün yaşamaq istədiklərinə cavab tapa bilərik. Apardığımız müşahidələr, söhbətlər zamanı bəlli oldu ki, Azərbaycanın ən böyük məscidi Binəqədi rayonunda inşa edilir.

2013-də görülən işlər

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, təkcə 2013-cü ilin oktyabr ayında Sakinlərin Müraciət Xidmətinə 1933 müraciət edilib. Birbaşa cavablandırılmış zənglərin sayı 1409, yaradılmış əks əlaqələrin sayı 662, tərtib edilmiş şikayət vərəqələrinin sayı 357 olub. 2013-cü ilin ilk 9 ayında rayon ərazisinin sosial-iqtisadi inkişafı istiqamətində bir sıra mühüm işlər görülüb. Hesabat dövrü ərzində rayonda sənaye sahəsində 124 milyon 655 min manatlıq və ya keçən ilin müvafiq dövründən 2,9% çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. 2013-cü ilin yanvar-sentyabr aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 97 milyon 786 min manat məbləğində investisiya yönəldilib ki, onlardan 64 milyon 26 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. 2013-cü il sentyabrın 1-nə olan məlumata əsasən, rayonunda 3875 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir. Carı ilin 9 ayında rayonun müxtəlif ünvanlarından sakinlərin müraciətləri nəzərə alınaraq 5 yeni xeyir-şər evi tikilib, 1 xeyir-şər evi əsaslı təmir edilib, 6 xeyir-şər evi isə müvafiq avadanlıqlarla tam təmin olunub və bu tip evlərin tikintisi və ya təmir-bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulub. Rayon ərazisində yeni yaşıllıq ərazilərinin salınması istiqamətində ümumilikdə 73828 m2 çəmən (qazon) salınıb, 94125 ədəd müxtəlif növ gül-çiçək, dekorativ kollar və 6656 ədəd müxtəlif növdə ağaclar əkilib. Həmçinin ötən dövr ərzində rayon ərazisində müxtəlif yerlərdə uzunluğu 19733 m olan 118400 m2 sahəyə asfalt örtüyü çəkilib.

İlham Əliyev: "Binəqədinin planlı inkişafı problemlərin həllinə imkan yaradır"

Qeyd edək ki, Binəqədi rayonunda aparılan quruculuq işlərini ölkə başçısı İlham Əliyev yüksək qiymətləndirib. O, bu ilin aprel ayında Binəqədi rayonunun Biləcəri qəsəbəsində əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmiş mədəniyyət-istirahət parkının açılışında iştirak edib. Prezident çıxışında bildirib ki, Binəqədi rayonunda son vaxtlar çox böyük işlər görülməyə başlanıb: "Bu parkın açılışı onu göstərir ki, nəinki Bakının, ölkəmizin hər bir yerində iş görmək mümkündür və lazımdır. Sadəcə, iradə olmalıdır, hər bir insanın öz doğma Vətəninə məhəbbəti və əlbəttə ki, peşəkarlıq yüksək səviyyədə olmalıdır. İndi Bakı dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bunu Bakıya gələn hər bir qonaq qeyd edir, vurğulayır. Bakının, əlbəttə ki, tarixi gözəlliyi vardır. Bakının öz ab-havası, öz memarlıq əlamətləri vardır. Ancaq hər bir başqa şəhər kimi, Bakı da inkişaf edir. Bakıda yeni binalar əvvəllər tikilmiş binalarla bir vəhdət təşkil edir. Onların arasında heç bir ziddiyyət yoxdur, Bakının gözəlliyi əlbəttə ki, onun yerləşməsindədir. Eyni zamanda, Bakıda gözəl ictimai yerlər salınır, parklar, istirahət zonaları, binalar bərpa edilir. Bakı təkcə mərkəzdən ibarət deyildir. Bakıda vətəndaşlar hər bir rayonda, hər bir qəsəbədə yaşayırlar. Onların şəraiti yaxşı olmalıdır. Onlar üçün gözəl imkanlar yaradılmalıdır. Ona görə Bakının kənarında yerləşən qəsəbələrdə xüsusi proqramlar icra edilir. Yəni, bu yerlərə xüsusi diqqət göstərilməlidir. Xüsusilə Binəqədi kimi böyük rayonun inkişafı üçün xüsusi tədbirlər planı icra edilir. Bu rayonun planlı şəkildə inkişafı əlbəttə ki, bütün problemlərin həlli üçün imkan yaradacaqdır. Siz qeyd etdiniz, yeraltı infrastruktur işlərinin - kommunikasiyalar, xətlər, qazlaşdırma, elektrik enerjisi, su, kanalizasiya və s. - bütün bu işləri biz paralel şəkildə görürük. Əlbəttə ki, vətəndaşların rahat yaşaması, istirahəti, sağlamlığının bərpası üçün belə gözəl parklar lazımdır. Əlbəttə, biz problemləri bilirik, onların həlli ilə məşğuluq. Problemlərin həlli üçün bizdə bütün imkanlar - siyasi iradə, maliyyə imkanlarımız, artıq gözəl, peşəkar kadrlarımız, dəyərli vətəndaşlarımız vardır. Yəni, əsas məsələ ondan ibarətdir ki, biz problemləri aşkarlayaq və həll edək".

Sakinlərin şikayətinə icra hakimiyyətindən cavab gəldi

Binəqədi rayon sakini Yaqub Vəliyev bildirir ki, rayon çox sürətli inkişaf gedir: "Təkcə, Biləcəri qəsəbəsinin mərkəzi tamamilə yenilən qurulub, küçə genişləndirilib. Bütün kommunikasiya xətləri təzələnib. Rayonun ərazisində üç metro stansiyası istifadəyə verilib. "Avtovağzal" metro stansiyasının isə, inşallah, yaxın vaxtlarda açılışı olacaq. Rayonumuzun ərazisində Moskva Dövlət Universitetinin Bakı filialı üçün kompleks tikilib. "Azəryol" voleybol kollektivinin həm inzibatı binası, həm oteli, həm meydançası istifadəyə verilib. Neçə-neçə məktəb, sağlamlıq mərkəzi, uşaq bağçası inşa olunub".
Rayon sakinlərinin şikayətləri də var. Bildirirlər ki, qış aylarında "mavi yanacağ"ın təzyiqi aşağı düşür. Binalar istilklə tam təmin olunmayıb. Ümumiyyətlə, çoxmənzilli binaların istiliklə təmin olunmasında ciddi problemlər var. Həmçinin müxtəlif kommunal xətlərin çəkilişi zamanı asfalt örtüyü dağıdılır və sonra ya bərpa olunmur, ya da yarımçıq bərpa olunur. Hətta özəl şirkətlər, müəssisələr də özbaşına yolları qazmaqla məşğul olurlar. Məsələn, Vaqif Mustafayev deyir ki, onu tez-tez gördüyü bir mənzərə narahat edir: "Dərnəgül metrostansiyanını qarşısındakı parkı iki-üç gündən bir sulayırlar. Binalara su gəlməyəndə belə, parka su tapırlar. Yaz, yay fəsillərində yaşıllığın sulanması təbiidir. Amma payız və qışda parkı niyə sulayırlar? Bu aylarda aparılan suvarma işlərinin bitkilərə heç bir xeyri yoxdur. İçməli suyu boş-boşuna axıdırlar".
Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov bizimlə söhbətində bildirdi ki, sürətlə inkişaf edən Binəqədi rayonu problemlərdən uzaq deyil: "Sadaladığınız problemlərin bəzimi bizə məlumdur, bəzilərini isə ilk dəfədir eşidirəm. Qış aylarında mənzillərə verilən qazın təzyiqinin aşağı olması, kommunal xətlər çəkilərkən yolların dağıdılması bizi də narahat edir. Qeyd olunan problemlərin aradan qaldırılması üçün tərəfimizdən müvafiq tədbirlər görülür".
İcra hakimiyyətinin nümayəndəsi həmçinin qeyd etdi ki, yeni "Mənzil haqqında" Qanuna uyğun olaraq çoxmənzilli binaların idarəolunması mexanizmi işə düşəndən sonra Binəqədidə əhalinin yaşayış səviyyəsi daha da yüksələcək.
Bildirək ki, Binəqədi Rayon İcra Hakimiyyəti ictimaiyyətə açıq olan, fəaliyyəti barədə hesabat vermək vərdişinə yiyələnmiş icra hakimiyyətlərindəndir. Binəqədi Rayon İcra Hakimiyyətinin "binegedi-ih.gov.az" saytına nəzər salırıq. Saytda 2013-cü il ərzində rayon ərazisində görülən işlər, baş verən ən mühüm hadisələrlə bağlı 200 xəbər yerləşdirilib. Amma elə icra hakimiyyətləri var ki, onların saytları olsa da, aktiv deyil. Belə saytlarda nəinki 200, heç 20 xəbərə rast gəlmək olmur.

Ruslan Xəlilov

Yazı Binəqədi rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur