adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

BƏD YUXU

OQTAY SALAMOV
27437 | 2010-10-23 05:38
Həftənin bazar ertəsi günü idi. Gecə bəd bir yuxu gördüm. Suyumuz qrafiklə gəldiyi üçün vaxtı deyildi ki, suya danışım. Bu yaxınlarda ekranlarda gedən çoxseriyalı, maraqlı kinodan belə nəticə çıxardımYusif peyğəmbərin də başı Misirin dövlət işlərinə qarışıqdı, yuxunu xeyir, ya şərə yozmağa vaxtı yoxdur. Ona görə də sizinlə bölüşməli oldum. Gedişində süjet xətti pozulsa, posmodernizm qanunsuzluqlarına riayət olunmasa üzrlü sayın, yuxunu idarə etmək olmur axı...
   
   Aləmi röyada gördüm ki...
   
    Stalininmi, Beriyanınmı, yoxsa bizim aşıqların geyimi kimi hərbifason geyimdə bir cavan oğlan ekranda qurulmuş üçübucağın bir tərəfini tutmuşdu. O biri iki tərəfıində hərəsində üç nəfər olmaqla altı adam oturmuşdu. Hakimə oxşayanları da vardı, məhkuma oxşayanları da. Aparıcı müdrik bir görkəmlə, özü də altından xətt çəkilmiş bir müdrik görkəmlə əvvəl bu gün bazar ertəsi olduğunu xatırlatdı, sonra sponsordan danışdı. Sonra da dedi ki, bu gün tənqidə, təhqirə dözümdən danışacağıq və tamaşaçılara qanacaq dərsi deyəcəyik. Axırıncını sözlə demədi, iddiasından belə anlaşıldı.. Oğlan yaman əsəbiləşmişdi, deyəsən hansı qəzetdəmi, saytdamı, iclasdamı ünvanına deyilən sözlər xoşuna gəlməmişdi. Elə bilirdi ki, əlinə mikrofon düşüb, yekə bir şirkətin yekə bir adamıdı və hamını təhqir edə bilər- hamımızı ekrandan təhqir elədi: Meydan buradı, sözü olan gəlib burada danışsın, elin içində donquldanmasınlar!
   
   Noolar yuxu olanda, adamın bəyəm yuxuda heysiyyəti olmur? Səsimi yoxladım, gördüm bu oğlan heç də məndən yaxşı donquldanmır. Həm də mövzu təhqirə dözüm mövzüsü idi axı. Dedim yəqin üstümüzdə təcrübə aparır ki, nə qədər dözə bilirik. Aparıcı Özüyçin Həzrətbəyli tamaşaçıları təhqir ricətini tamamlayandan sonra "qonaq"larını təqdim etməyə başladı. Deyirəm savad, istedad, qanacaq ayrı şeydi, elə təqdimatdaca bəzi qonaqları elə rişxəndlə, elə aşağılamaqla, elə ələsalmaqla tanıtdı ki, avans olaraq mənim onlara yazığım gəldi.
   
   Özüyçin bəyi kifayət qədər tanıyıram. Savadlı, intellekt sahibi, öz fikri olan adamdır. Bu adamın ən azından yuxuda xoşum gəlməyən bir cəhəti var ki, elə bilir qarşısındakılar hamısı, optom savadsız, kütbeyin, nadan və qanmaz adamlardı. Araqızışdırmaq, adamları bir-biri ilə salışdırmaq, insanlara yuxarıdan aşağı baxmaq, qaşınmayan yerdən qan çıxarmaq... verilişin formatı, televiziyanın xüsusiyyətləri adından sırınan müştəbehlik hoqqalarına sən demə bu millətin layiq olduğu münasibət kimi haqq qazandırmaq da olurmuş(Yuxu olmasaydı bu cümləni rəndələmək də olardı..).
   
   Yuxunun bu yerində haradansa reklam pauzası düşdü ortaya. Özüyçün Həzrətbəylinin əllərinin şəklini ekranda krupnı planla göstərirdilər. O dəqiqə bildim ki, mənim düşüncə və qanacaq kateqoriyam onunkuna baxanda hələ çox aşağıymış. Çünki əlini büküb göstərməkdə mən qeyri-mədəni bir şey duydum. Yəqin o köhnə sosializm realizmindən qalan hissdi, postmodernizmdə bunlar mədəniyyət nümunəsi sayılır. Yuxumdakı reklam pauzasında Özüyçün müəllim ad-soyad dəyişikliyi ilə bağlı nitq irad eləyib deyirdi ki, hər kəs ad-soyad seçməkdə sərbəstdir. Məsələn, mənim bütün qohumlarım Həzrətovdu, amma mən Həzrətbəyliyəm. Elə yuxuda bir dostum oğluna ad qoymaqla bağlı rastlaşdığı situasiya düşdü. Dostum uşağına türk adı qoymaq istəyirmiş, o vaxt deyirlər olmaz. Deyir onda uşağın adını Eşşək qoyuram, olarmı? Deyirlər olmaz. Dostum deyir, qardaş Ceyran olar, Maral olar, Tovuz olar, bəs Eşşək niyə olmaz, o da heyvandı, o birilər də. Amma yaxışı ki, bu məsəli xatırlatmadım, verilişin mövzusu təhqirə dözüm idi axı.
   
   Veriliş davam elədi. Özüyçün müəllim əvvəl şair qonağını qaraladı, soruşdu ki, belə bir şairi tanıyan varmı? Auditoriyadan bir nəfər dedi ki, şerlərini oxumuşam, yadımda qalmayıb. Özüyçin müəllim az qala qol götürüb oynayacaqdı:
   
   -Gördünüz, sizi tanıyan yoxdu, istəyirsiniz sizin şerlərdən bir-iki misra oxuyum?
   
   Yazıq şair, bildi ki, düşüb qara dəftərə, nə söyləsə, nə desə ya burada sözü kəsiləcək, ya da montajda yenə Özüyçin müəllim haqlı çıxacaq. Dedi yox, istəmirəm oxuyasınız. Yeri gəlmişkən, elə bu şair də, başqa bir publisit adı ilə çağrılıb təhqir edilən bir bəy də and-aman elədilər ki, bizi başqa mövzunun müzakirəsi adı ilə çağırıblar, yəni aldadılmışıq- vecinə alan olmadı. Özüyçin müəllim şairin ilk baxışda doğrudan da mənasız görünən bir neçə misrasını oxudu. Özü də oxudu, nə oxudu, bir intonasiya, bir rişxənd, bir ələsalma ilə ki, gəl görəsən. Zaldakılar da bir alqışladılar, bir çəpik çaldılar ki, gəl görməyəsən. Neynəsinlər, televizorda göstərilirdlilər . Dedim axı, savadlı, intellektli adamdı, həm də İncəsənət Universitetini bitirib (İnanıram ki, adam yazıya cavab vermək istəsə, elə təkcə bu İncəsənət Universiteti sözündən tutub mənim yazımı yerlə sürüyər, özü də haqlı görünər. Özü demişkən, posmodernizm hakimi-mütləqdir, özü deməmişkən, amma fakt - pult da onun əlindədir ).
   
   Şair and-amaq elədi ki, bu şerin adı "Cahargah"dı və o ay amanlar, uy-uylar avazdan götürülüb. Sonra şeri oxudu. Zal bu dəfə də alqışladı. Amma çəpik səslərindən belə hiss olunurdu ki, zal da pərt olub, hətta Özüyçin bəy də. O qırmızılıqda olan adam bircə onu deyə bildi ki, müəllim, siz hamıya bu şeiri intonasiya ilə oxuya bilməzsiniz, audio variantını buraxın.
   
   Sonra başlandı əsl razborka. Sən demə, əyalətdə yaşayan bir publisit özünə veb-sayt, bloq açıb və orada yerləşdirdliyi yazıların birində az qala məktəblərdə də hər gün eşidilən, küçə-bazarda hər addımda nümayəndələri rast gəlinən iki dənə açıq söz işlədib. Guya bura ekran olduğu üçün həmin sözün yerinə bir fit səsi verdilər. Amma elə Özüyçin müəllimin beşinci, ya altıncı təkrarında (hər halda mən üzr istəyirəm!) "....." və "....." sözləri eşidildi. Sonra da başlandı Özüyçin müəllimin məhkəməsi:
   
   -Bu təhqirdir, yoxsa tənqid?
   
   Az qaldı ki, Tağı müəllimin jurnalistə dediyi "burcutma!"nı da bura qoşacaqdı, yəqin kimsə frençinin ətəyindən çəkdi, ya da montajda belə sözləri kəsdilər. Müəllif nə qədər demək istədi ki, sözü ekranda, qəzetdə işlətməyib, sayta müəyyən adamlar girirlər, sözlər kontektsdən çıxarılıb... dəxli olmadı. Özüyçin müəllim dedi ki, bu sözdən sonra adı çəkilənlər arasında Rəqsanə də var, üzünə deyə bilərsən həmin sözləri? Rəqsanə də başladı bu tərəfdən təhqirə. Sözə qarışan əvvəllər çox maraqlı yazıları olan , indi televiziyada qərarlaşan bir qələm əhli də əsl yarınma nümunəsi göstərərək nəyə görəsə özünü tamaşaçının gözündə alçaltdı. Əgər yuxuda görülənlər tərsinə yozulursa, yəqin adam özünü ucaltdığını da düşünə bilər.
   
   Publisist müəllim məcbur olub açıqladı ki, bir yazısında Özüyçin müəllimi tənqid eləyib, indi göz görə-görə ondan intiqam alınır. Və bu yerdə Özüyçin müəllimin şah zərbəsi səsləndi:
   
   -Axırıncı dəfə hansı kitabı oxumusan?
   
   Bu da Səməd Səmədov deyil ki, himnimizin müəllifini və sözlərini bilməsin (öz aramızdı, sonra raport verdi ki, artıq əzbərləyib), dedi ki, məni niyə təhqir edirsiniz, mən nəinki oxuyuram, hətta kitab redaktə edirəm. Sonra kitabın adını da çəkdi. Özüyçin müəllim nə desə yaxşıdı:
   
   -Çox keyfiyyətsiz və maraqsız kitabdı, elə redaktoru siz olduğunuz ondan bilinir.
   
   Hiss elədim ki, yuxuda əlim balışımın altındakı kitabı gizlətdi ki, birdən görər, onu da axmaq kitab adlandırar. Hansısa Alber Kamyunun "Yad adam" ("Postoronnıy") əsərini bir dostun təklifi ilə oxuyurdum.
   
   Və yuxuda böyük bir kəşf elədildiyinin şahidi oldum. Sən demə, qəzet jurnalistləri ekranda az göründükləri üçün, televiziya işçiləri qədər tanınmadıqları üçün paxıllıq edirlər, onlara qara yaxırlar.Və bir də, sən heç demə Özüyçin müəllimin təbirincə, bu publisistin ən böyük azarı o imiş ki, oturub əyalətdə, buradakı populyarlara qibtə eləyirmiş. Qərəz, təhqir, riyakarlıq... bu döyulsə, bəs hansıdır görəsən. Hələ istedadına, qabiliyyətinə hörmət elədiyim bir aparıcı da gül kimi söhbətin içinə zəhər kimi bir şey qatıb Özüyçin müəllimi dəstəkləyndə istədim yuxumda deyəm ki, Gavur, sən də?...
   
   Özüyçin müəllimin xoşladığı ifadələrdən biri də "axı siz hakim deyilsiniz"di. Amma öz elə hakimlik eləyir ki, adamın yadına təkcə paltarına görə yox, elə özünü aparmağına görə də Beriya düşür.
   
   Yarımbaşlıqda yazmışdım ki, yazının adını "Əl içində" də adlandırmaq olar. Hansısa bir verilişə, adama şamil etməyə bilərsiniz, yuxuda tamaşaçını əl içində, daha doğrusu əlinin altında saxlayan bir iddia oldluğu üçün belə yazmışdım. Yenə yuxudakı dava-mərəkədə Özüyçin müəllim bizə sırımağa çalışırdı ki, atasız uşaq doğmaq və bunu nümayiş elətdirmək, lütlənib ortaya düşmək, məişət pozğunluğu... adamların şəxsi işləridi. Yaxşı, ay televiziya işçisi, şəxsi işin mənim teleekranımda nə azarı var? Bu şəxsi iş yox, artıq şəxsi, əslində ümumi şişdi. Özü də bədxassəli şiş. Onu ekrandan təbliğ eləmək isə...
   
   Yəni televiziada doğrudan da ən böyük qayda qaydasızlıqdı?
   
   ...Bu nə bəd yuxu idi mən gördüm. Xeyirə yozulmasa, heç nə, batdıq ki...

TƏQVİM / ARXİV