adalet.az header logo
  • Bakı 11°C
29 Mart 2023 11:50
904
ELM VƏ TƏHSİL

AĞDAM CÜMƏ MƏSCİDİNİN İLK AXUNDU - Axund Molla Mustafa Əliyev - 180

Axund Molla Mustafa Ağamalı oğlu Əliyev 1843-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində anadan olmuşdur. 

Məqalə “Qarabağın Seyidli oymağı” (I kitab, Bakı, 2017) adlı monoqrafiyam əsasında hazırlanmışdır. O, Qarabağda varlı tacirləri, savadlı din xadimləri ilə tanınan Seyidli kəndinin Kərbəlayi Miralılar nəslindəndir.
Axund Molla Mustafa Əliyevin həyatı və fəaliyyəti haqqında təəssüf ki, əlimizdə kifayət qədər məlumat yoxdur. Atası Ağamalı (1808-1848) Kərbəlayi Miralının (...-1826) böyük oğludur. Arxiv sənədlərinə istinadən Seyidli kəndinin din xadimlərindən sayılmışdır. Beş yaşında atası vəfat etmiş, əkiz bacısı Xırda xanım və körpə yaşlı qardaşı Camal ilə anası Yetər xanımın himayəsində böyümüşdür.


Axund Molla Mustafa Əliyev ilk təhsilini Seyidlidə almışdır. Sonralar Nəcəfdə ali dini məktəbdə oxumuş, qeyri-adi istedadı, qabiliyyəti sayəsində ərəb dilini, şəriət elmlərini mükəmməl öyrənmişdir. Savadlı din xadimi kimi Qarabağa qayıtmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Azərbaycanın tarixi memarlıq abidələrindən sayılan Ağdam Cümə məscidi 1868-1870 illərdə inşa edilmişdir.

Məscidin memarı Kərbəlayi Səfi xandır. Kərbəlayi Miralılar nəslindən olan Tahir Axundovun vaxtilə atasından, yaşlılardan eşitdiyi məlumata görə, məscidin özülü “Xan qızı” Xurşidbanu Natəvan tərəfindən qoyulmuş, lakin tikintisi yarımçıq qalmışdır. Axund Molla Mustafa Əliyev Xan qızından halallıq almış, məscidi tikdirmişdir. Tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın (Axundova) araşdırmalarına istinadən Axund Molla Mustafadan başqa Hacı Ramazan (Axund Molla Mustafanın əmisi – O.Z.B), Hacı Tağı, Hacı Ələkbər, Hacı Cəbrayıl, Hacı Xəlil, Hacı Alı, Hacı Cümşüd, Hacı Həsən məscidin tikintisinə vəsait xərcləmişlər.
 

Axund Molla Mustafa Əliyev Ağdam Cümə məscidinin axundu seçiləndə təxminən otuz yaşlarında idi. Onun təşəbbüsü ilə sonralar məscidin nəzdində dini məktəb fəaliyyət göstərmişdir. Dini məktəbdə ərəb dilini, şəriət elmlərini tədris etmişdir.
Axund Molla Mustafa Əliyev iki dəfə ailə həyatı qurmuşdur. Birinci evlilik həyatında Şuşa qəzasının Çəmənli (indiki Ağdamın Çəmənli kəndi) kəndindən olan xanımla evlənmiş, İbrahim adlı oğlu dünyaya gəlmişdir. İkinci dəfə Məşədi Başxanımla evlənmiş, Zülfüqar, Yusif, Nəsir adlı övladları anadan olmuşdur.
Axund Molla Mustafa Əliyevin övladları Axundov soyadını daşımışdır. Nəsil bu gün də Axundov soyadı ilə tanınır.
Müxtəlif vaxtlarda Ağdam Cümə məscidinin axundu seçilmiş Hacı İbrahim ağa Axundov, Axund Molla Zülfüqar Axundov, barama istehsalı ilə məşğul olmuş, Ağdamda ipək fabrikinin sahibkarlarından sayılmış Məşədi Yusif Axundov və Məşədi Nəsir Axundov Axund Molla Mustafa Əliyevin oğlanlarıdırlar.
Bu il Axund Molla Mustafa Əliyevin anadan olmasının 180 illik yubileyi tamam olur. Ağdam Cümə məscidinin ilk axundu Axund Molla Mustafa Əliyevin həyatı, fəaliyyəti tədqiq edildikcə zamanla layiqli qiymətini alacaqdır.

Orxan Zakiroğlu (Baharlı)