adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2026 18:00
55
SAĞLAMLIQ
A- A+

8 saatlıq yuxu norması tarixə qovuşur?

Böyüklərin gündə ən azı 8 saat yatmalı olduğu ilə bağlı geniş yayılmış fikir yenidən müzakirə mövzusuna çevrilib. Yeni araşdırmalar yuxu müddətinin hər kəs üçün eyni olmadığını göstərir.

Adalet.az xəbər verir ki, “Brain Medicine” elmi jurnalında müxtəlif tədqiqatların nəticələrinə əsaslanan məqalə dərc olunub. Məqalədə vurğulanıb ki, bəzi insanlar üçün 6 saatlıq keyfiyyətli yuxu da kifayət edə bilər.

ABŞ Milli Yuxu Fondu 26-64 yaş aralığındakı böyüklərə gündə 7-9 saat yatmağı tövsiyə edir. Bununla yanaşı, bəzi insanlar üçün 6-10 saatlıq yuxunun da uyğun ola biləcəyi bildirilir.

Araşdırmalara görə, yuxu sağlamlığını müəyyən edən yeganə amil onun müddəti deyil. Süni işıq bioloji saatın fəaliyyətinə təsir göstərərək yuxuya getmə və oyanma vaxtını gecikdirə bilər. Xüsusilə növbəli iş rejimində çalışanlar və universitet tələbələri arasında müşahidə olunan nizamsız yuxu sağlamlıq problemləri ilə əlaqələndirilir.

Tədqiqatlar həftə ərzində itirilən yuxunun bir hissəsini həftəsonu kompensasiya etməyin heç yatmamaqdan daha yaxşı ola biləcəyini göstərir. Bu baxımdan həm yuxu rejiminin sabitliyi, həm də həftə ərzində toplanan ümumi yuxu müddəti əhəmiyyət daşıyır.

Məqalədə istinad edilən araşdırmalara əsasən, ovçu-yığıcı icmaların nümayəndələri gecələr orta hesabla 5,7-7,1 saat, sənayeləşmədən əvvəlki cəmiyyətlərdə yaşayan insanlar isə təxminən 6,4 saat yatırlar.

Beyin və bədən göstəriciləri əsasında aparılan hesablamalarda ideal yuxu müddətinin 6,4-7,8 saat arasında ola biləcəyi ehtimal edilir.

Araşdırmalar həm az, həm də normadan artıq yatmağın ürək xəstəlikləri, insult, idrak qabiliyyətinin zəifləməsi və piylənmə ilə əlaqəli olduğunu ortaya qoyub. Bununla belə, uzun müddət yatmağın bu xəstəliklərə səbəb olduğu, yoxsa onların ilkin əlaməti sayıldığı hələ dəqiq müəyyən edilməyib.