adalet.az header logo
  • Bakı 13°C
18 Iyul 2022 09:44
1087
MARAQLI

75 nəfər qul kimi yaşamamaq üçün ölümü seçdi

Tarixin ən faciəvi hadisələrindən biri olan iqboların kütləvi intiharı köləliyə boyun əymək istəməyən afrikalıların ağrılı həqiqətləri ilə doludur.

Adalet.az Teleqraf.com-a istinadən bu tarixi olayla bağlı maraqlı məlumatları təqdim edir.

1803-cü ildə 75 qərbi afrikalı kölə kimi satılır. Tomas Spaldinq və Con Kuper onların hər biri üçün 100 dollar ödəyir.

Kölə kimi satılan bu insanlar Nigeriyanın cənub-şərqində yaşayan iqbolar idilər. Onları əsarətə alanlar bu insanları öz yurdlarından zorla qoparıb Simons adasındakı tarlalarda işləmək üçün daha baha satmaq məqsədi güdürdülər.

Afrikalı qullar məşhur “Vanderer” gəmisinə mindirilir. Daha sonra zəncirlənərək, “York” adlı sahil gəmisinə aparılır. Gəmi birbaşa Simons adasına doğru üzür.

Gəmi Corciyaya yaxınlaşdıqda iqbolar üsyana qalxır. Qarşıdurmada gəminin kapitanı və bir neçə ekipaj üzvü həyatını itirir, iqbolar gəmini ələ keçirərək, indi Danbar Krik kimi tanınan çayın sahilinə gəlirlər.

Gəmidən düşən afrikalılar çaya doğru irəliləməyə başlayırlar və irəlilədikcə, bir ağızdan oxuyurlar:

“Bizi su gətirdi, su bizi evə aparacaq”.

Bəzi mənbələr kölə olacaqlarını bilən iqboların gəmini ələ keçirdikdən sonra su pərilərini çağıraraq onları evlərinə aparmalarını istədiklərini söyləyirlər.

Çaya girərək kütləvi intihar edən 75 nəfərdən yalnız 13-nün cəsədi tapılıb. Digər cəsədlərdən heç vaxt xəbər olmadı.

Danbar Krikdə intihar edən bu insanların sualtı heykəlləri qoyulub. Bura həm də “İqboların torpağa enişi” adlı tarixi məkana çevrilib.