24 Dekabr 2015 09:16
2311
GÜNDƏM

XƏMİR ÇOX SU APARACAQ

Dekabrın 21-də dolların qalxması və milli valyutamızın devalvasiyaya uğraması ilə apteklər də yüz oyundan çıxdılar. Onlar keçmiş "ənənələrinə" sadiq qalaraq bir göz qırpımında qiymətləri qaldırdılar. Yüz oyundan çıxan bəzi aptek müdirləri isə dolların kursunun qalxmasını bəhanə edərək hətta aptekləri dekabrın 22-də səhər saatlarından axşamadək bağlı saxladılar. Bunu da onunla izah elədilər ki, qiymətlərdə dəyişiklik olmalıdır.
Bax, bunu başa düşmək o qədər də müşkül məsələ deyil. Ən azından ona görə ki, eyni hadisəni müxtəlif dükan və mağazalarda da həyata keçirmişdilər. Yəni qiymət artımından yararlanan ayrı-ayrı işbazlar apteklərdə də bu üsuldan istifadə etməyə başladılar. Dekabrın 2-də müxtəlif apteklər səhər saatlarında dərmanı müxtəlif qiymətə satırdılar. Hansı ki, mövcud qanunla bütün apteklərdə dərmanların qiyməti eynidir. Ancaq buna baxan kimdir. Qısa zaman kəsiyində sanki apteklər pul qazanmaq üçün Bakı şəhərində bir-biriylə yarışa giriblər. Və bu yarışda da fərasətlilər daha çox pul qazanıblar.
Dekabrın 22-si səhər saatlarında Yeni Günəşlidəki əksər apteklər axşam saat 18-ə qədər bağlı olub. Eyni zamanda da Bakının mərkəzi küçələrində əksər apteklər bağlı idi. Bunu başa düşmək olardı, yəqin qiymətlərin qalxması ilə əlaqədar olaraq bəzi apteklər yeni qiymətlər müəyyənləşdirmək istəyirdilər. Amma qəribəsi o idi ki, Yeni Günəşlidə müəyyən dərmanların qiymətini 50 faiz bahalaşdırmışdılar. Nəsimi rayonu ərazisindəki aptekdə həmin dərmanı isə 40 faiz baha qiymətə satırdılar. Heç cürə başa düşmək olmur. Bu cür addımları nə üçün və niyə atırlar?
Amma dərindən fikirləşəndə hər şeyi dəqiqləşdirmək mümkündür: qısa zamanda bir çox apteklər milyonlarla pul qazanmaq istəyir və buna da nail olurlar. Hansı ki mövcud qanunla dərmanların qiymətini Tarif Şurası tənzimləyir və Tarif Şurasının qərarı olmadan heç bir dərman preparatı baha qiymətə satıla bilməz. Bu qanunla belədir. Ancaq Bakıdakı apteklər qanunları saya salmır və hər şeyi öz arşınları ilə ölçürlər. Özü də çox gözəl və çox yaxşı ölçürlər.
Dekabrın 23-ün də saat 13 radələrində Bakıdakı bir neçə apteklə əlaqə saxladıq. Çünki bizə "Lispres" dərmanı lazım idi. Bu məqsədlə "Qlükoza" və "Zeytun" apteklərinə zəng vurduq. Hər iki aptekdən bizə bildirdilər ki, qiymətlərin dəyişməsi ilə əlaqədar olaraq onlar işləmirlər. Özü də bu dərman ucuzlaşacaq. Yaxşı, qan təzyiqi və ürək-damar xəstəsi olan insanlar kritik anda nə etməlidirlər? Ya onlar qan təzyiqi qalxarkən həmin dərmanları qəbul edib normal vəziyyətə düşməlidirlər, ya da yıxılıb ölməlidirlər. Bax, burda bir söz deyirik: Allah apteklərdə işləyənlərə insaf versin.
İnsaf da bizdə çox azdır. Yəni ona çalışırıq ki, birinci öz məqsədimizi və marağımızı qoruyaq. Ondan sonrakı qətiyyən çoxlarımızı maraqlandırmır. Pul olan yerdə təbii ki, şəxsi maraqlar bizim millətdə daha çox üstünlük təşkil edir. Onlar fikirləşirlər ki, təki mənim İşim düzəlsin. Altda qalanın canı çıxsın.
Bizim də canımız çıxır axı. Onsuz da hər şey bahalaşıb, qiymətlər kəllə-çarxa qalxıb. Bax belə anlarda hətta sağlam insanlar sıxıntı yaşayır və onların səhhəti gərginləşir. Əgər sağlam insanlar indiki durumda mürəkkəb vəziyyətə düşürsə, onda görün səhhətində problem olan pasiyentlər hansı çətin anlar yaşayacaq. Hər halda tezliklə Səhiyyə Nazirliyi hərəkətə gəlməli və apteklərdə baş verən özbaşınalıqların qarşısını almalıdır. Əks təqdirdə, hələ bu xəmir çox su aparacaq.