VİDADİ BABANLI - 90
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Vidadi Babanlı da 90 yaşına gəlib çatdı və birinci yazıçıdır ki, öz ədəbi nəsli içərisində 100-ə doğru inamla addımlayır. Müsahibələrinin birində deyir ki, hələ ki, sağlamam, bircə gözlərim zəifləyib. Əlbəttə, insan üçün göz, görmək qabiliyyəti birincidir, amma bir də var göz duyğusu. Vidadi müəllimin göz duyğusu heç vaxt zəifləməz və mən onun sevimli oxucularından biri kimi sizi əmin edib deyirəm ki, Allah qoysa, o, 100 yaşında da bu duyğunu itirməyəcək. Çünki o, çox nikbin adamdır və 12 il bundan əvvəl bir şeirində yazmışdı ki:
Heç bir bədxah ala bilməz qələmimi əlimdən,
Sinəm şeir dəftəridi hekayətlə bərabər.
Qılığı kəm, həm də ötkəm sənətkaram, bəli, mən,
Fəqət dilim şən dillənir şikayətlə bərabər.
Müasir Azərbaycan nəsrinin görkəmli nümayəndəsi kimi tanıdığımız Vidadi Babanlının 90 illiyilə bağlı bu yazını niyə onun şeiri ilə başladım? Çünki Vidadi Babanlı ədəbiyyata şeirlə gəlib. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Vidadi Şıxlı" imzası ilə çap olunub. Amma o, bir şair kimi o qədər də şöhrət qazanmadı, hətta şeirləri tənqid də olundu. Deyək ki, Vidadi Şıxlının o zaman yazdığı şeirlər məşq xarakteri daşıyırdı. O şeirlərin içində romantik duyğularla yaşayan bir gəncin könül çırpıntıları əks olunurdu. "Onda mən romantik bir aləmdəydim. Başımda yalnız və yalnız şeir sevdası dolaşırdı. Qatarda, möcüzə vaqonda yellənə-yellənə səadət axtarışına, arzularıma qovuşmağa gedirdim. Sevinci aşıb-daşmış ürəyimdə bu həvəsə körpə misralar cücərirdi:
Üz tutub gedirəm yeni aləmə,
Görüb-götürdüyüm gəlməz qələmə.
Bol ruzi ummuram, razıyam kəmə,
Xudam əsirgəməz rəhmini məndən".
Bəli, onu doğrudan da yeni aləm gözləyirdi, amma bu yeni aləm şeir aləmi deyildi. 1954-cü ildə Vidadi Babanlının "Gəlin" povesti Uşaqgəncnəşr tərəfindən kitab halında çap olunur və beləliklə, o, sözün əsl mənasında yeni aləmə qədəm qoyur. "Gəlin" povesti Vidadi Babanlıya uğur gətirir və bundan sonra müasir Azərbaycan nəsrində istedadlı bir nasirin varlığını hamı hiss edir. Görünür, həyatı, gerçəkliyi, insanları müşahidə qabiliyyəti onda daha güclü imiş və bu yolda nəsrə üz tutur. Nə idi "Gəlin" povestində, elə ilk nəsr əsərində Vidadi Babanlını oxuculara və ədəbi ictimaiyyətə sevdirən? Təbii ki, bu povestdə Azərbaycan sovet nəsrinin bəzi ştampları yox deyildi (amma dövrü də nəzərə almaq lazımdır!) - "müsbət qəhrəman"ın şəhərdən kəndə gəlib fəallığı ilə seçilməsi, öz işi və peşəsi ilə hamıya nümunə göstərməsi və ona qarşı bir və ya bir neçə mənfi obrazın "mübarizə" aparması o zamankı nəsr əsərlərində süjetin və konfliktin əsasını təşkil edirdi. Amma "Gəlin" povestində diqqəti cəlb edən bunlar deyildi. Diqqəti cəlb edən o idi ki, Vidadi Babanlı povestdə təbii dil stixiyasını qoruyub-saxlayır. Hiss edirsən ki, onun dili əsl kənd koloritinə köklənib, nə özünün təhkiyə tərzində, nə də təsvir etdiyi obrazların nitqində sünilik, qurama ədəbi dil elementləri nəzərə çarpmır. İkincisi, Vidadi Babanlının kənd məişətini, elin adət-ənənələrini yaxşı bilməsi də üstün keyfiyyət idi. Nəhayət, onu da qeyd edək ki, əsərdə yeni düşüncə tərzinin təcəssümünü görürük. Şəhərli qızı Şəfanın bir həkim kimi kənddə hamının rəğbətini qazanması bir yana, o, mənəvi münasibətlərə yenilik gətirir. Təbii ki, onu bəyənməyən, hər bir hərəkətinə əks reaksiya göstərən həkim Qurbanzadə və Şəfanın qaynanası Sənəm eyni məntiqlə düşünürlər. Şəfanın "açıq-saçıqlığı", ifrat səmimiliyi onlarda qıcıq oyadır. Amma nəticədə, səmimiyyət qalib gəlir. Şəfanı evdən qovan qaynana bu səmimiyyət qarşısında aciz qalır.
Bundan sonra Vidadi Babanlı "Həyat bizi sınayır" romanını qələmə alır. Bu dəfə məkan dəyişir, əsərin qəhrəmanı Həsrət kənddən şəhərə gəlir. İnstitutda imtahandan kəsiləndən sonra bir daha kəndə qayıtmır, Sumqayıtda metallurgiya zavodunda işə girir, burada əsl həyat dərsi keçir. Məsələ burasındadır ki, povestin yazıldığı illərdə kəndli cavanların şəhərə axını başlanmışdı (Bunu ilk dəfə Mehdi Hüseynin "Abşeron" romanında müşahidə etmişik. M.Hüseyn öz qəhrəmanının timsalında kəndli bir cavanın bir neftçi kimi çətinliklərdən keçə-keçə əmək qabaqcılı necə şöhrət qazanmasını təsvir etmişdi. Vidadi Babanlı sonralar etiraf edəcəkdi ki: "Mən bu əsəri qələmə almazdan əvvəl bir il Sumqayıt şəhərində yaşamış, fəhlə yataqxanasında tərbiyəçi vəzifəsində çalışmışam. Zavod fəhlələrinin işini və məişət tərzini diqqətlə öyrənmişəm. Povesti yazanda da özümdən heç nə uydurmamışam".
Ümumiyyətlə, Vidadi Babanlı həyatın axarını, nəbzini vaxtında tutmağı bacaran bir yazıçıdır . Təkcə haqqında söz açdığım iki povestində deyil, sonrakı əsərlərində də Vidadi müəllim həyatda baş verən əhəmiyyətli dəyişiklikləri, yenilikləri ədəbiyyata gətirən yazıçılardan olmuşdur. Onu təkcə Azərbaycan oxucularının deyil, Ümumittifaq oxucularının da ((haqqında danışacağımız roman kütləvi tirajla bir neçə dəfə rus dilində nəşr edildi) rəğbətini qazanan "Vicdan susanda" romanı da zamanın, dövrün tələbi ilə qələmə alındı. Elm aləmində, elmi-tədqiqat institutlarının birinin kabinetlərində baş verən açıq və gizli münaqişələr həmişə olub, indi də davam edir. "Vicdan susanda" Vidadi Babanlının elə bir əsəridir ki, burada münaqişə və konflikt təkcə institut divarları arasında deyil, ayrı-ayrı ailələrdə də baş verirdi, karyerizmin kökləri ailədən başlayıb institutda da davam edirdi. Belə bir fikir hasil olurdu ki, vicdan susanda insan öz mənliyini ailədə də itirir, elm aləmində də.
Tənqidçi Akif Hüseynov Vidadi Babanlının "Müqəlləs ocaq" romanını onun ən uğurlu əsəri hesab edir və biz də bu fikirlə razılaşırıq. Gəlin bu məqamda sözü hörmətli tənqidçimizə verək: "Əsərlə tanış olduqca gur həyat mehi üz-gözünü oxşayır, zirək, qaynar insanlarla ünsiyyət bağlayırsan. Əsərin kənd mövzusuna - zənnimcə, yazıçının daxilən duyduğu bir aləmə həsr olunmasının da, yəqin ki, həmin təəssüratın yaranmasında əhəmiyyəti az deyil. İçərisindən çıxdığı yer-yurd haqqında, xəyalına çökmüş adamlar haqqında hərarətli söhbət açmaq üçün yazıçı, deyəsən, möhkəmcə darıxıb qəribsəmişdi. Torpağına, daşına aludə bələdçi kimi müəllif birbaşa bizi döşü güllü-çiçəkli dağlarımızın qoynuna çıxarır və qəhrəmanı ilə birgə dərə-təpə gəzdirir…yalnız alaçıqlarda daldalanıb buludların vahiməli çaxnaşmasını dinləmirik…biz yaylaqları, binələri, qismən də olsa dolaşıb elin-obanın yaşayışına, güzəranına da diqqət yetiririk".
Vidadi Babanlını biz "kənd nasiri" kimi birtərəfli qiymətləndirə bilmərik. Amma sadəcə onu deyə bilərik ki, öncə qeyd etdiyimiz kimi, o, kənd məişətinə və orada yaşayan insanların psixologiyasına yaxşı bələddir. Yəni bu xüsusiyyət onun sadə, təbii nəsr təhkiyəsindən tutmuş təsvir etdiyi hadisələrin reallığına qədər bir prosesi əhatə edir. Yazıçıların əksəriyyəti dialekt və şivə sözlərindən qaçmırlar, lakin elə olur ki, bu sözlər bədii mətndə yerinə düşmür və əcaib səslənir. V.Babanlı isə bu sözləri elə seçir, sonalayır ki, sanki həmin sözlər və ifadələr illər boyu ədəbi dilin öz sözləriymiş.
Vidadi Babanlı ilə qiyabi tanışlığım düz 56 il əvvəl, "Azərbaycan" jurnalında çap etdirdiyi "Ürək yarası" hekayəsini oxuyanda olmuşdu. Məni-altıncı sinif şagirdini bu hekayə elə təsirləndirmişdi ki, özümə yer tapa bilmirdim. Yaman kövrəlmişdim.
Hekayədə Xalıq kişi və Gülüstan qarı adında iki qoca təsvir olunur. Oğulları müharibədə həlak olan bu qocaların yeganə ümidi gəlinləri Sənubərdir. O gəlin ki, elin adət-ənənəsinə xilaf çıxmayıb müharibədə həlak olan ərinin - Mədətin "qara kağızı" gəlməmiş bu ocağı tərk etmək istəmir. Cəmisi bircə ay ər üzü görmüş, neçə il oturub Mədətin yolunu gözləmiş Sənubər heç ağlına da gətirmirdi ki, qocaları tək qoyub getsin. Ancaq həyatın da öz qanunları var. Xalıq kişi düşünürdü ki, niyə bu cavan gəlin öz ömrünü puç eləməlidir, ona görə də ona elçi gələn kimi gəlininə xeyir-dua verir, hətta toyuna da gedir. "Xalıq kişi içəri girdi. Məclisə salam verib, təmkinlə irəli yeridi. Ona tezcə yer düzəltdilər, aparıb yuxarı başda əyləşdirdilər, qabağına isti xörək gətirib qoydular. Ancaq o, heç nəyə əl vurmadı, bir stəkan çay istədi və ortada quruyub qalmış aşığa davam etmək işarəsi verdi.
-Çal, aşıq, çal!
Aşığın sazı daha şən, daha gümrah dilləndi.
…Xalıq kişi evdən çıxandan bəri Gülüstan qarı bir küncə qısılıb oturmuşdu, gözünün yaşı qurumamışdı. Xalıq kişi gəlib onu yenə eyni vəziyyətdə tapdı, əyilib qolunu qarısının boynuna saldı, çömbəlib onunla yanaşı əyləşdi. Qəhərdənmi, sevincdənmi, ya nədənsə səsi titrəyə-titrəyə:
- Gözünün yaşını sil, ay Gülüstan, gəlinə sən də xeyir-dua ver, - dedi - Qoy getsin ev-eşik qursun, oğul-qız anası olsun. Hər bir kəs, ona verilmiş ömrü insan kimi yaşamalıdı… Qarı dinmədi. Yetimləmiş uşaq kimi, yanıqlı-yanıqlı içini çəkdi".
Vidadi Babanlının haqqında ən az danışılan (bəlkə də heç danışılmayan) bir əsəri var - "Gizlinlər" romanı. Bu əsər öz tipinə görə sırf avtobioqrafik romandır. Əgər Vidadi Babanlını təkcə roman, povest və hekayələr müəllifi kimi deyil, həm də bir insan və şəxsiyyət kimi tanımaq istəyirsinizsə, bu romanı oxuyun. Əsər əvvəlcə "Azərbaycan" jurnalında dərc edilmiş, 2005-ci ildə kitab halında çap olunmuşdur. Deməli, yazıçı təxminən yetmiş illik ömrünün ən yaddaqalan hadisələrindən söz açıb.
"Mən ədəbiyyata körpəlikdən bağlanmışam. Hələ orta məktəbin üçüncü-dördüncü sinfindən şeir cızma-qaraları etməyə başlamışam. Amma atam mənim ədəbiyyat adamı olmağımı istəmirdi. Daha doğrusu, istedadıma, gələcəkdə sayılıb-seçiləcək bir qələm sahibi kimi diqqət çəkə biləcəyimə heç cürə inanmırdı. Məni arabir danlayır, "şairlik xülyası"ndan daşındırmağa çalışırdı". Amma inadkar gənc öz dediyindən dönmür. İçərisindəki duyğunu söndürə bilmir, Universitetin ikinci kursunda oxuyarkən ədəbi mühitə qədəm basır. Universitetin ədəbiyyat dərnəyində iştirak edir. Günlərin bir günü "külliyyatını" qoltuğuna vurur. "İri bir qovluğa yığıb, ağzını iki tərəfdən möhkəm bağladığım "külliyyatın" içindəkilər üç "mənzum pyes", dörd "dramatik poema", bir xeyli də şeirdən ibarət idi". Amma düşündüyünün əksi olur, dərnək üzvləri onu ələ salır, gülüşürlər. Bir müddət ruhdan düşsə də, yenə içindəki duyğu onu rahat buraxmır. Nəhayət, şeirləri haqqında ilk xoş sözü eşidir. Cəfər Xəndan onu tərifləyir, "sənin gələcəyinə inanıram" deyir. "Gizlinlər"də əllinci-altmışıncı illərin ədəbi həyatından elə hadisələr seçilir ki, bunları bir kimsə yox, ilk dəfə Vidadi müəllim qələmə alıb. Hiss olunur ki, Vidadi Babanlı Yazıçılar İttifaqının tədbirlərində sadəcə tamaşaçı-dinləyici kimi sakitcə seyrçi olmayıb, görkəmli sənətkarların ədəbi mübahisələrini can dəftərinə yığırmış. Və özünün də bir yazıçı kimi hansı maneələrlə, çətinliklərlə üzləşdiyini də gizlətmir.
Bu yazıda Vidadi Babanlının 90 illik ömür yolunu qısaca izlədim. Halbuki, mən onun digər nəsr əsərlərindən də söz açmalıydım. Dramaturji fəaliyyətini də qeyd etməliydim. Onun əsərlərinin kino ömürlüyündən də danışmalıydım. Gözəl bir mütərcim kimi də onun bənzərsiz olduğunu, görkəmli rus yazıçısı Rasputinin povestlərini necə məharətlə dilimizə tərcümə etdiyini xüsusi vurğulamalıydım.
Ancaq bunları saxlayıram lap yaxın gələcəyə. Allahdan Vidadi Babanlıya uzun ömür, can sağlığı və əlbəttə, gözəl əsərlər yazmağı arzulayıram!
Digər Xəbərlər
08 Iyun 2026 17:29
Prezidentdən Ramiz Fətəliyevlə bağlı SƏRƏNCAM
08 Iyun 2026 16:54
Şamil Əzizov nazir müşaviri təyin edildi
08 Iyun 2026 12:41
Bayram günlərində Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi
08 Iyun 2026 12:30


Bakı -°C

