Allahın bizə sevgiylə verdiyi bu yaşadığımız həyatı elə biz özümüz də nifrətlə, riya ilə, yalanla, paxıllıqla, günahlarla... dar, zindan edirik özümüzə. Allahın pak, məsum, saf yaratdığı insan övladını əcinnəyə çeviririk. Zaman keçdikcə dəyərlər dəyişir.
"...Elə xalqlar var ki, öz əli ilə imza qoyduğu, möhür vurduğu sənəddən də boyun qaçırır. Azərbaycanlılarda isə kişi sözü var. Onlarla bir şey barədə sövdələşəndə sənəd, imza, möhür tələb etmək lazım deyil. Azərbaycanlı verdiyi sözdən heç vaxt dönməz...". Aleksandr Düma "Qafqaz səfəri"ndə yazırdı bunları vaxtilə. Nə gözəl dəyərlərimiz vardı, çox ölkələr gəzib, müxtəlif millətlər, insanlar tanıyan bir fransızı heyran edəcək qədər gözəl dəyərlərimiz.
Belə sübutlar tarixdə, yazıda qalmasa, bugünkü günün insanı o dəyərlərin heç vaxt olmadığına inanar. Çünki, təəssüf hissiylə söyləyim ki, günümüzdə Dümanın söylədiyi "kişi sözü"nə demək olar ki, az-az rast gəlinir. Boşboğazlar, satqınlar, yalançılar, başqasının qız-gəlinin geyimini, yerişini, həyatını müzakirə edənlər, söz verib anında unudanlar, yüz qram içib dağları yaracağına söz verənlər, şərəfinə and içib, şərəf sözünə xilaf çıxan şərəfsizlər ordusu yaranmaqdadı. İmam Əli deyir ki: "Kişi səhv edər, amma şərəfsizlik etməz! Çünki səhv bağışlanar, amma şərəfsizlik əsla!".
Kişiliyin ən yaxşı nümunələrindən biri olan Şeyx Şamil isə: "Kişi lağ etməz, etdiyini başa vurmaz, səhvi hər kəs içində edənin üzünə deməz, yalan danışmaz, satqınlıq etməz və yanında kimsə satqınlıq edərsə, onun cəzasını dərhal verər və ən əsas kişi sütundur. Kişi "kişi" olarsa nə qadını, nə qızı, nə də ölkəsinin qadınları yolunu azmazlar!" - deyirdi.
Adətən başqasının qızının, qadının namusuna əl uzadanın, böhtan atanın, qeybət edənin öz evindəki qadınların namusundan xəbəri olmaz.
"Kişi tüpürdüyünü yalamaz", "Kişinin sözü bir olar" deyirdilər. Qarnını doyurmaq, hansısa mənsəbə çatmaq, dünyəvi istəyinə nail olmaq üçün hər alçaqlığa razı olan, sözünü geri götürən, riyakarlıq, məddahlıq edən şərəfsizlər sürüsü yaranmaqdadır. Artıq doğru danışan barmaqla göstəriləcək.
Mənim uşaqlığım kişi sözünün önəmli, söz vermənin bir möhürlə təsdiq olunmuş dəyərli sənədə bərabər olduğu, söz ağızdan çıxdısa, onu yerinə yetirməmənin ağır bədəli olduğu bir mühitdə keçib. Bircə kəlməsi ilə qan davası bağlanan kişilər gördüm el-obamda. O vaxtlar da tək-tək keçəlhəmzələr olardı, amma el arasında onların qətiyyən hörməti olmazdı. Həm də o zamanlarda kişini vəzifəsinə, puluna görə deyil, insanlığına, şəxsiyyətinə, xasiyyətinə görə tanıyar, hörmət edərdilər. Kişi traktorçu da ola bilərdi, çoban da, kolxozçu da, sədr, katib də - yeterdi ki, söz sahibi olsun, sözünə bütöv olsun.
Bir vaxtlar at, papaq və qadın kişinin namusu sayılırdı. Əksəriyyət: Yaxşı kişilər yaxşı atları minib getdilər - deməklə bu önəmli məsuliyyəti üstlərindən atmağa çalışırlar. Maraqlıdı, görəsən o, gedən kişilərin yurdunda heç özü kimisi qalmadımı?
İndi at yoxdu, əvəzində bahalı maşınlar var, papaq da artıq yalnız soyuqdan, gündən qorumaq, yaxud dəb üçün qoyulur. İndi o dəyərləri yox etdikləri bəs deyilmiş kimi, papağı ələ salmaq da dəbdədi. Qadınsa... artıq matriarxal qaydalar hökm sürməkdədir. Ən yaxşı halda qadınlar işləyir, kişilər iş tapmır.
Hər addımda söz verib sözündən qaçma, yalançılıq, riyakarlıq, məddahlıq, boğazdan yuxarı sözlər insanı iyrəndiməkdədir. Və bu cılızlaşma getdikcə artdığından heç kim bunu əksiklik saymır və bir nəfər sözünə bütöv adama rast gələndə tutiyə kimi qoruyub saxlamaq istəyirsən. Belələri yoxdur demək də haqsızlıq olar. Amma o qədər azdılar ki, gözə çarpmırlar.
İş yerində rəhbərin "gözünə girmək" üçün yoldaşlarını satan, onların haqqında olan-olmaz dedi-qodu danışmaqla gözdən salmağa, bir tək özünün işə can yandırdığını bildirməyə çalışan "kişi" o qədər rəzil görünür ki... Və bu yaltaq, məddah sürüsü qazandığı maddiyatı itirdiyi mənəviyyatdan artıq hesab edir. Onun mükafatını əsirgəməyən rəhbərlik də bunları görə bilir, çünki tarixən həmişə "böyüklərin" yaltaq vəzir-vəkilləri, təlxəkləri olub və onların bu yaltaqlığı artıq əhəmiyyətsiz olanda sonları zindanda, yaxud dar ağacında bitib.
Dostluqda heç vaxt cins ayrılığı etməmişəm. Bütün ləyaqətli adamları, hətta heç vaxt yaxın münasibətdə olmasam da, özümə dost hesab etmişəm. Məncə, fikir, ruh, düşüncə yaxınlığı məsafə yaxınlığından önəmlidir. Bunun üzərinə əsas insan - kişi xarakterini - sözübütövlüyü, comərdliyi, təmkini, qarşı tərəfin heysiyyatını özününkündən üstün tutma bacarığını da gələndə o dostluğun tayı-bərabəri olmaz.
Axşama qədər küçədə, tində domina oynayıb, çay içərək gələnə qarşıdan, gedənə arxadan baxaraq böhtan danışan kişinin nə dəyəri ola bilər ki.
Bu yazının yazılmasına hər gün küçədə, nəqliyyatda, iş yerində rastlaşdığım güclü cinsin naqisliyi səbəb oldu.
Rəhmətlik Baba Pünhanın bu misralarında fikrimi əhatə eləyən hər şey var:
Kişi var ki, kişidir, amma kişiynən işi yox,
Kişi var, nakişidir, amma deyir ki, kişi yox.
Kişi var, ağzı cırıqdır, sözü dişdən tökülür,
Kişi var, ağzı bütövdür, amma bir cüt dişi yox...
Kişi var, pullu işi, yaxşı dişi, közdə şişi,
Kişi var, qəlbi kabab, manqalı qüssə, şişi yox.
Kişi var, arvadını xeyli vişindən buraxıb,
Kişi var, arvadının dövri-qədimdən vişi yox.
Kişi var, Azərbaycanda beşindən biridir,
Kişi var ki, evində biri vardır, beşi yox.
O qədim Ankarada Pünhana erkək dedilər,
Kişi bizlərdə imiş, sən demə türkdə kişi yox.
Yadınızdadırsa, "Kişi sözü" filmində Qasım deyir ki, "Xoruz. Cinsi kişdir. Əbəs yerə banlamaz. Ağzını da bağlasan, qaranlığa da salsan, mütləq saat 4-də banlaycaq". Yəni, kişinin sözü bütöv olar. Əbəs yerə "banlamaz".
Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Bəlkə də yox, amma ən azından ağası ola bilməyəcəyin sözü verməyə bilərsən.
Bəzək-düzəkli, jeleli saçlı, pomadalı, tatuajlı, boyunbağlı, qulağı sırğalı kişilər bizim köhnə kişilərin davamçılarıdımı? Əgər bunlar kişi xarakterinə təsir etməyəcəksə(!), bir sözüm yoxdu. Amma məncə, kişinin gözəlliyə, yaraşığa ehtiyacı olmaz, çünki kişinin yaraşığı hər şeydən əvvəl onun cəsarəti, etibarı, mərdliyidi.