BƏXTİYAR VAHABZADƏNİN POEZİYASINDA RUSİYA-AZƏRBAYCAN TARİXİ GERÇƏKLİKLƏRİ
Bu da bir üsuldur, qədimdən qədim,
Zalımlar ayırır kökü budaqdan.
B.Vahabzadə
Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının azadlıq və müstəqillik simasıdır. Ədəbiyyatımızın əsrlərdən bəri davam edib gələn mübariz və döyüşkən ruhu B.Vahabzadənin yaradıcılığında xüsusi bir orijinallıqla meydana çıxmışdır. Şairin özünəməxsusluğu ondan ibarət idi ki, o, insanın idraki oyanışını tarixi-ənənəvi köklərlə bağlayır və onu milli ruhun təzahürü kimi təqdim edirdi. Digər tərəfdən Vətəninin dəli bir vurğununa çevrilən B.Vahabzadə onu azad-lığı olmadan təsəvvür etmək də istəmirdi. Şair millətin azadlığını millətin mövcudluğundan üstün tutaraq azadlığı yaşama haqqı kimi dəyərləndirirdi. Çünki azadlığı olmayan, kölə halına salınmış bir millət gec-tez məhv olub gedəcəkdir:
Millətin millətliyi
Yaşar ləyaqətində -
Eşqində, qeyrətində,
Şərəfində, adında,
Bir də... azadlığında.
B.Vahabzadənin ictimai-siyasi lirikasının əsas tənqid hədəfi çar Rusiyası və onun varisi olan Sovet hakimiyyəti idi. Rusiyanın xalqımızı tarixi kökündən ayırma siyasətinə qarşı şairin poeziyası amansız bir qəzəblə silahlanmışdır. Bütövlükdə B.Vahabzadə yaradıcılığının əsasını təşkil edən bu həssas məqam onun poemalarında daha böyük sənətkarlıqla qələmə alınmışdır.
1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə:
Necə ayırdınız dırnağı ətdən -
Ürəyi bədəndən, canı cəsəddən?
Axı kim bu haqqı vermişdir sizə,
Sizi kim çağırmış vətənimizə?
- deyən şairin üsyan sədaları özünün ilk yüksək mərhələsinə çatmışdır. Vətənimizin Rusiya tərəfindən işğalının əsasını qoyan bu mənfur müqavilə və ona soyuqqanlılıqla imza atanlar şairin kövrək qəlbini yaralamış və onun neçə min illik yaddaşı olan milli mənəviyyatına toxunmuşdur.
Əlbəttə, şairin bu cəsarətli addımı, "cavabsız" qalmadı. "Gülüstan"dan sonra şair universitetdəki işindən uzaqlaşdırıldı, şeirlərinə yasaq qoyuldu, maddi sıxıntılar çəkdi, çoxları ondan üz döndərdi...
Lakin bütün təqiblərə və təzyiqlərə baxmayaraq B.Vahabzadə "Gülüstan"dan sonra bir-birinin ardınca qələmə aldığı "Ağlar-güləyən" (1962), "Yollar-oğullar" (1963), "Həyat-ölüm" (1965), "Təzadlar" (1967), "Mərziyə" (1984), "Ləyaqət" (1986) və s. kimi poemalarında ya tarixin dili ilə, ya da özgə xalqların həyatına istinadən fikirlərini və etirazlarını davam etdirmişdir. O, istər açıq-aşkar, istərsə də mətnaltı şəkildə bu riyakar quruluşun simasını açıb göstərməkdən çəkinməmişdir. Bu baxımdan şairin "Leninlə söhbət" poeması incə bir istehza üzərində qurulub. Leninə müraciət edən şair Leninin sözləri ilə onun və onun yaratdığı hakimiyyətin əməlləri arasındakı fərqi dəqiqliklə və ehtiyatla nəzərə çatdırır:
Sənin kimi sevməliyik,
Yurdumuzu, elimizi.
Sənin kimi sevməliyik,
Babamızın ocağını,
Atamızın çırağını,
Nəğməmizi, dilimizi!..
Burada müəllif demək istəyir ki, möhtərəm Lenin, sən öz yurdunu, babanın ocağını, atanın çırağını, nəğməni, dilini sevdiyin kimi, biz də öz milli dəyərlərimizi sevirik. Sənin vətənin, ocağın, dilin sənə əziz olduğu kimi, bizim vətənimiz, ocağımız, dilimiz də bizə əzizdir. Elə isə sən nə haqla mənim vətənimə soxulursan, dilimə yasaq qoyursan?! Budurmu sənin bizə vəd etdiyin azadlıq və böyük gələcək?
Eləcə də "Ağlar-güləyən" poemasında Səhhətin guya öz zəmanəsi haqqında dediyi:
Hansı qanunda var ki,
Öz elindən olasan,
Öz dilindən olasan,
Hədəf də sən olasan,
Güllə də sən olasan?
misraları B.Vahabzadənin özünün leninlərə və onların quruluşuna qarşı birbaşa açıq ittihamı idi.
B.Vahabzadənin poemaları içərisində yüksək sənətkarlıq nümunəsi olan "Yollar-oğullar" əsəri mühüm yer tutur. Poemanın süjeti Fransa-Əlcəzair müharibəsi üzərində qurulsa da, əslində, burada Rusiya-Azərbaycan tarixi gerçəklikləri ön plana çəkilmişdir. Sadəcə olaraq əsərdəki hadisələr Azərbaycandan Əl-cəzairə köçürülmüş, Rusiya müstəmləkəçiliyi Fransa müstəmləkəçiliyi ilə əvəz edilmişdir. Lakin poemanın məzmunu arxasında gizlənən əsl məna, hələ o zaman diqqətdən yayınmamış, mübahisələrə səbəb olmuşdur.
Xalq şairi Xəlil Rzanın poema ilə ilk dəfə necə tanış olduğunu göstərən aşağıdakı sətirləri əsərin mahiyyəti ilə bağlı bizdə kifayət qədər dərin təsəvvür yaradır. X.Rza "Azərbaycan" jurnalının redaksiyasında şair Əlağa Kürçaylının poema haqqında dediklərini belə xatırlayır: "Bəxtiyar Yaltaya dincəlməyə getdiyi zaman mənə təzə poemasını verdi. Mən oxudum, çox xoşuma gəldi. Amma redaksiyamızda işləyən namərd filankəs (mən qəsdən o adamın adını çəkmirəm. Çünki onu bütün yazıçılar tanıyır), bu əsərin antisovet əsər olduğu və millətçilik təbliğ etdiyi barədə həm Mərkəzi Komitəyə, həm DTK-ya, həm də Yazıçılar İttifaqının sədri Mehdi Hüseynə danos yazmışdır".
Xəlil Rza yazır ki, "... Bir neçə gündən sonra öyrəndim ki, Ə.Kürçaylı Bəxtiyara teleqram vurmuş, o da istirahətini yarımçıq qoyub gəlmişdir. Əsəri oxuyan M.Hüseyn Bəxtiyarı müdafiə etmiş, bu əsərdə çuğulçunun dediklərinin olmadığını bildirmiş və poemanın üstünə yazmışdır: "Məhkum xalqların milli azadlıq hərəkatına həsr edilmiş bu əsər lazımlı əsərdir və çap olunmalıdır".
B.Vahabzadə bu poemada Sovet hakimiyyəti illərində Rusiyanın Azərbaycana münasibətini göstərməklə qalmamış, üstəlik uzaqgörənlik də etmişdir:
Bax bu güllə səsləri
"Mən də bir xalqam" deyən
millətimin səsidir.
Azadlıq nəğməsidir.
Yuxarıdakı misralar mübarizəyə çağırışın bir üsulu idi. Bu mübarizə uzun illər məqamını gözlədi və nəhayət 1990-cı ilin 20 yanvarında güclü bir partlayışla SSRİ-ni təməlindən sarsıtdı...
***
Məmməd Aslana görə "Vətənin tale xəritəsi Bəxtiyar Vahabzadənin əsərlərində bəzi tarix və coğrafiya kitablarından daha dolğun əks olunub". Bu baxımdan Bəxtiyar Vahabzadənin yaradıcılığını XX əsr Azərbaycan tarixinin poetik salnaməsi də adlandırmaq olar. Xüsusən də Azərbaycan-Rusiya tarixi gerçəklikləri onun əsərlərində ədəbi bir dolğunluqla izlənilibdi. Onun müxtəlif şeirlərindən alınan aşağıdakı parçalar eyni tarixin ardıcıl səhifələridir.
Öncə 1813-cü ildə "Gülüstan" və 1828-ci ildə "Türkmənçay" müqavilələri bağlanır. Ölkə Rusiya ilə İran arasında Şimala və Cənuba bölünür:
Tapdamaq olarmı haqqı bu qədər?
Yüz əlli ildir ki, soyurlar bizi.
Bu heç,
Bizə bayram elətdirirlər
Tarixdə ən böyük faciəmizi.
1920-ci ildə Azərbaycan Qızıl Ordu tərəfindən zəbt edilir. Şimali Azərbaycanda qurulan Sovet hakimiyyəti xalqımızı öz tarixindən uzaqlaşdırmaqla onu keçmişindən qoparır:
Tariximiz danıldı,
Uydurma tarix ilə kimliyimiz anıldı-
Öz kökünü bilməyən gözü küllü bu millət
Zamanın yollarında hər addımda yanıldı.
Sonra isə 1937-ci ilin dəhşətli repressiyaları başlayır:
Xalqa neçə-neçə tələ qurdular,
Başımız cilova keçəndən bəri.
Qəsdən, bilə-bilə adlandırdılar-
Xalqın dostlarını "xalq düşmənləri".
Bununla da ölkənin üzərinə Stalin-Bağırov rejiminin vahiməsi çökür. Xalqın dilinə qıfıl vurulur, düşüncələr susdurulur, duyğular iflic edilir. Millətin ruhuna və beyninə qorxu hakim olur:
Mən qorxuram, sən qorxursan,
O da qorxur, bu da qorxur,
Biz qorxuruq.
Təzə fikir beynimizə gələn kimi
tez qorxuruq.
Nəticədə isə insanların həyatında elə bir vəziyyət yaranır ki;
Mən öz faciəmi səadət bildim,
Toyumda ağladım, yasımda güldüm.
Zülmətə nur dedim, yoxa var dedim,
Ən böyük bədbəxtə bəxtiyar dedim.
Lakin gec də olsa haqq qalib gəlir. 70 il sonra Sovet hakimiyyəti süqut edir. Azərbaycan əvvəlki müstəqilliyinə qovuşur:
Şərin əliylə ölən, xeyrin, xeyirxahlığın
Sığalıyla dirildi.
Yüz il yatmış gözəli bir nəvaziş, bir öpüş
Dərhal oyada bildi.
Mətnaltı şəkildə deyilən bu misralarda "Şər" Sovet hakimiyyətinin timsalıdır. "Xeyir" Vətənin azadlığı yolunda meydanlara atılan xalq ordusudur. "Yatmış gözəl" XX əsrin əvvəlində qundağında boğulan, lakin əsrin sonlarında təkrar dirilən Azərbaycandır.
***
Bəxtiyar Vahabzadənin yaradıcılığı, sadəcə, Vətən məhəbbəti ilə cilalanmayıb. Bu əsərlərə hər şeydən öncə inqilabi ruh hakimdir. Vətəni sevməklə məhdudlaşmayan şair ədəbi və siyasi mübarizələrin ön cəbhəsində dayanır. Bu da ondan irəli gəlir ki, Bəxtiyar Vahabzadənin nəzərində Vətən məfhumu adi bir məkan anlayışı olmayıb, daha geniş məna daşıyır. Şair üçün Vətən xalqın mənəviyyatının və əxlaqının ifadəsidir. Vətəni qorumaq yalnız müəyyən hüdudlar daxilində olan hər hansı bir ərazini qorumaq deyil, həm də xalqın ruhunun və tarixi köklərinin təəssübkeşi olmaq deməkdir.
Bəxtiyar Vahabzadə şəxsiyyət və ədəbi qəhrəman anlayışına da bu prizmadan yanaşır. Şairə görə insan yalnız vətənin azadlığı və səadəti uğrunda mübarizə aparıb, həyatını qurban edəndə böyük olur: "Bu zaman o, bir insan kimi özü vətənləşib amala çevrilir. Vətənin timsalına dönür. Bu nöqtədə o, şəxsiyyət səviyyəsinə yüksəlir".
Bu fikirlə əlaqədar olaraq Bəxtiyar Vahabzadənin Məmməd Əmin Rəsulzadəyə həsr etdiyi şeirlərinin üzərində dayanmaq istərdik. Bu əsərlərdə şair bir tərəfdən Vətənin timsalına dönən ideal bir qəhrəmanı məhəbbətlə yad edirsə, digər tərəfdən də SSRİ-nin Azərbaycan xalqının düşünən və Vətən üçün yanan oğullarına qarşı haqsız münasibətini göstərir.
Şərqin ilk demokratik respublikasının qurucusu M.Ə.Rəsulzadənin ölümü XX əsr Azərbaycan tarixinin böyük itkisi idi. Xalqın bu talesiz lideri Azərbaycandan uzaqlarda, sərhəd məftillərinin o biri tayında, ikinci vətəni Türkiyədə "Azərbaycan" deyə-deyə gözlərini əbədi yumdu.
Bəxtiyar Vahabzadənin poemalarının birində ("Təzadlar") yazdığı -
Həmişə zindana dönübdür Vətən
Vətənin ən böyük oğullarına -
misraları daha çox M.Ə.Rəsulzadəyə aid edilə bilər.
Rəsulzadənin ölümündən sonra onun məzarı xalqımız üçün müqəddəs bir ziyarətgaha çevrildi. Türkiyəyə yolu düşən hər bir sənətkar bu şanlı məzarın görüşünə tələsdi. Bu kiçik qəbir daşı Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Zəlimxan Yaqub və bir çox sənətkarların fəlsəfi və poetik misraları ilə əbədiləşdi.
Xalq yazıçısı Elçin B.Vahabzadənin və eləcə də bir qrup ziyalıların M.Ə.Rəsulzadənin məzarı ilə görüşlərindən birini belə xatırlayır: "...Vətən Cəmiyyətinin 3 nəfərdən ibarət rəsmi nümayəndəliyi Bəxtiyar Vahabzadə, professor Nürəddin Rzasoy və mən M.Ə.Rəsulzadənin qəbrini ziyarətə getmişdik.
Bəxtiyar Vahabzadə, Nürəddin Rzasoy, mən, Azərbaycan Milli Mərkəzinin, Ankaradakı Azərbaycan Kültür Dərnəyinin liderləri Məhəmməd Kəngərli, Feyzi Aküzüm, Əhməd Qaraca... Bir də ki, o iddiasız, o sadə qəbir daşı..."
B.Vahabzadə M.Ə.Rəsulzadənin xatirəsinə 2 şeir həsr etmişdir - "Bir ulu məzar" və "Məmməd Əmin Rəsulzadənin xatirəsinə".
Şair birinci şeiri 1987-ci ildə Ankarada M.Ə.Rəsulzadənin məzarı ilə görüşdən sonra, ikinci şeiri isə 1990-cı ildə Nəriman Həsənzadənin M.Ə.Rəsulzadəyə yazdığı "Ankarada Məmməd Əmin Rəsulzadənin məzarı" adlı şeirinin təsiri ilə qələmə almışdır.
Hər iki şeirdə B.Vahabzadə öz ədəbi qəhrəmanını, sadəcə, böyük bir şəxsiyyət deyil, həm də azadlığın və hürriyyətin daşıyıcısı kimi görür. Çünki yalnız o, 1813-cü ildən bəri əsarət zəncirini boynuna keçirən bir xalqın ilk demokratik respublikasını yaratmışdır, yaratdığı milli respublikanı dünyaya tanıtmışdı, xalqı kütlə olmaqdan xilas edib, onu millət zirvəsinə yüksəltmişdir:
Gəldim ziyarətə bir ulu qəbri,
Arzumla, fikrimlə dopdolu qəbri.
Kimdir burada yatan?
- şanlı dünənim.
Məkkəmin içində Məkkəmdir mənim.
Məlumdur ki, ADR-nin süqutu və M.Ə.Rəsulzadənin vətəndən uzaqlaşdırılması ilə ölkənin 2 illik azadlığına son qoyuldu. Onun varlığı ilə qurulan dövlət onun yoxluğu ilə bərbad edildi. Ona görə də bu məzar Vətənin azadlıq simvolu kimi xatirələrə həkk olundu:
Mənimçün bu məzar bir məzar deyil,
Dünənki qüdrətim, fərasətimdir.
İki il yaşayan, yalnız iki il -
Qundaqda boğulan hürriyyətimdir.
Göründüyü kimi, şair şeirin hər bir misrasında bir-birindən dərin ümumiləşmələr aparır. Əvvəldən də qeyd etdiyimiz kimi insanın necə vətənləşib amala çevrildiyini M.Ə.Rəsulzadənin timsalında nümayiş etdirir:
Dəydi bir-birinə əvvəl də, son da,
Yatır bu məzarda eşqim, vicdanım.
Qədim türk elinin ana qoynunda
Yatır bəxti yatan Azərbaycanım.
M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyini görmədən dünyadan köçdü. B.Vahabzadə şair həssaslığı ilə duyurdu ki, Vətənin taleyi üçün narahatlıq M.Ə.Rəsulzadəni məzarında belə rahat buraxmayacaqdı. Buna görə də şair qəhrəmanın rahat uyuması üçün onu gələcəyin qalibiyyətinə inandırmağa çalışır:
Atam, azadlığın nə olduğunu-
Onun ləzzətini dərk etdi xalqın.
Sabah, ya biri gün, bilirəm bunu,
Yenə qalxacaqdır enən bayrağın.
M.Ə.Rəsulzadə bəşər tarixinin elə şəxsiyyətlərindən idi ki, onun yalnız varlığı, həyatda cismən mövcudluğu deyil, dəfn olunduğu məzarın bir ovuc torpağı belə azadlıq və şanlı gələcək göyərtməyə qadir idi. Necə? Hansı yolla? Bunu ən yaxşı B. Vahabzadə izah edib:
Qəbrindən aldığım tütyə torpağı
Sənin qaldırdığın şanlı bayrağın
Dibinə qürurla tökəcəyəm mən,
Orda gələcəyi əkəcəyəm mən.
Bəxtiyar Vahabzadə M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi ikinci şeiri ("Məmməd Əmin Rəsulzadənin xatirəsinə") 1990-cı ilin 28 mayında, yəni ADR-nin ildönümündə qələmə almışdır. Nəriman Həsənzadənin:
Heykəl var-məzara gömülsün gərək,
Məzar var-heykəli ucalmalıydı -
misralarından epiqraf kimi istifadə etmişdir. Lakin B. Vahabzadənin əvvəlki şeirindəki dərin və ümumiləşdirici fəlsəfəni burada görmürük. Şeirin bədii tutumu da əvvəlki əsərə nisbətən zəifdir. Birinci şeirdən alınan məntiqi nəticəni burada adi bir təəssüf hissi əvəz edir:
Bu torpağın özü boyda
Bu torpağa məhəbbətlə doluydun.
Bu torpağın yolunda da
Sən öz canını qoydun.
Yaxud:
Zamana bax! Bu torpağı
Bir "sağ ol"a satana,
Xəyanətin kölgəsində
Rahat-rahat yatana.
Yaxud da:
Yatdığımız bəs etməzmi?
Ayılaq biz, görək biz
Xeyir nədir, şər nədir? -
və s. kimi misralar M.Ə.Rəsulzadənin şərəfinə yazılan bir şeirin misraları olacaq qədər zəif və sönükdür.
Bunun əksinə olaraq N.Həsənzadənin şeiri daha dolğun bir sənət əsəri kimi təqdirə layiqdir. Əsərin ən səciyyəvi xüsusiyyəti isə onun son dərəcə kövrək bir lirizimlə yazılmasıdır:
Qarşımda bir məzar, məzarda KİŞİ!
Qəbristan daimi bir heyrətimdi.
Əsrin ən talesiz bir əzabkeşi -
Mənim Türkiyədə ziyarətimdi.
Və yaxud:
İlahi, nə qədər böhtan yazdılar,
Mənə nələr deyir bu kiçik məzar.
Hayana döndüksə, şüar asdılar,
Hanı kommunizm, o şanlı şüar?!
Yaxud da:
Hanı bu beşiyin ana laylası?!
Hanı Azərbaycan..? Yat, quzum, laylay.
Yerin behişt olsun, daş ağrıtmasın,
Mənim "xalq düşmənim", "məhbusum" laylay -
kimi misralar nə qədər səmimi, təbii və düşündürücüdür.
Bu şeir B.Vahabzadənin birinci şeiri qədər bədii əhəmiyyətə və sənətkarlıq xüsusiyyətinə malikdir.
Lakin bu o demək deyil ki, B. Vahabzadənin ikinci şeiri başdan-başa zəif misralar üzərində qurulub. Əlbəttə, xeyir! Bu əsərdə B. Vahabzadə düşüncəsinin məhsulu olan ibrətamiz misralar da var ki, onlar bütövlükdə şeirə xüsusi bir gözəllik aşılayır:
Ancaq ana təbiətdə
Bir əzəli qayda var:
Bünövrəsi eşq olmayan
Tunc olsa da tez uçar.
Şeirin son misraları isə N.Həsənzadədən gətirilən epiqrafla səsləşir və bədii yekun kimi əhəmiyyətlidir.
Davamlıdır qəlbimizə köçüb gələn o məzar.
Postamenti nifrət olan yüz heykəldən yüz dəfə!