ASAN XİDMƏT
(Hekayə)
Fərəc Fərəcov
İsabala Balaəmi oğlu Balaqədirov insanlıqdan əsər-əlaməti olmayan qəribə bir vücuddur. Rayonda barmaqla sayılası adam tapılar ki, onu tanımasın və ya barəsində bir-iki əyər-əskik söz-söhbət eşitməsin. Belə görünür həmin o İsabala dünyaya gələrkən şeytanın şər qazanında nə bişibsə, hamısını bol-bol dadıb. Və nəticədə də bol-bol şərləşib. Amma bunu əsla özü hiss etmir, yaxud heç hiss etməyin belə fərqində deyil. Öz hesabıynan bəndəsini hamıdan ağıllı, kamallı sanır. Özünəməxsusluğundan hətta qürrələnir də. Bəlkə bu cür düşüncə sahibi olmasaydı dünyanın düz vədəsində rəyasətlik masasından bu qədər sıx yapışmaz, "mən ağıllıyam ki, vəzifədəyəm" mesajını dörd bir yanına səpməzdi.
Bu vaxtacan nə dənizlər qədər çəkiyə gələn üz tüpürcəkləri, nə sayı-hesabı dolaşıq düşmüş şifahi və yazılı töhmətləri İsabalanı dartıb yerindən qopara bilməyib. Düzdür bir azacıq isti aşına soyuq su çilənib... Kişi qırığını qapılar döyməyə, ayaqlar altına düşüb quzular təkin mələməyə vadar edib. Di gəl sonucda bəxti kəsib, sudan quruca çıxıb.
İndi hansı oxucusa hövsələsinin əsiri ola bilməyəcək. Deyəcək axı bu adam nə karə işlərin sahibidir belə bu qədər üz tüpürcəyinə, töhmətə qonaq edilir. Cavab bir mənalıdır: biri digərindən naqis əməllərinə görə... Əməllərinin də hamısını siyahı edib yaza bilmərəm. Ancaq bəzilərinin üstünə görünsün deyə işıq tutacam. Sadalayıram, oxuyun və bilin: bir balaca kobuddur. Elə o qədər də söyüşkənliyi var. Dili zəqqov alçanı andırır. Müdir olmasına baxmayaraq gündə neçə-neçə adamla ağızbəhsi edib dava-dalaş qoparmaq sevimli xobbisinə çevrilib. Savad qrafasına isə kim tənbəllik etməyib diqqət kəsilsə təəssüfdən bir gün, bir gecə başını bulaya-bulaya qalar. Köhnə baqajında Nuh əyyamından qalma saralıb-solmuş fikirlərdən savayı ayrı heç nə gözünə dəyəmməz... Bunlar bir qırağa, sözünün də sahibi deyil. Min sifətlidir, ara qatandır. Daha nə qaldı demədiyim. Hə, yadıma düşdü: bir iynənin ucu qədər də yaltaqlığı var. İndi onu pərdə arxasından tanıyanlar söyləyər axı kabinetində əjdahalıq edən, addımlayanda küçə-bacaya barmaq silkələyən İsabala nə təhər yaltaqlıq edə bilər? Ancaq inandırım sizi, edər, hələ o yana da adlayar. İstəsəniz buna müqabil bir misal çəkim. Son ayların sözüdür. İsabala qonşu kənddən bir nəfərin işini nəinki pulsuz-filansız düzüb-qoşub, hətta, onun rüsum kimi ödəyəcəyi haqq-hesabı da cibindən kəsib. Maşın tutub evlərinə yola salıb. Sən demə, həmin kəs o Qəhrəmanov var ha, Bakıda, onun dopdoğmaca bacısı qızıymış. Day yaltaqlıq nə təhər olar? Di, gördünüz? Yaltaq deyilsə, Həsənin, Hüseynin, Məmmədvəlinin, nə bilim Bəstixanımın da işini o sayaq düzüb-qoşaydı da?! Ay düzüb-qoşdu ha! Hansı ağzı göyçəksə hələ zarafata salıb üzünə bilirsiz nə deyib? Deyib: - İsabala, incimə, sənin üst-başından ətir iyi əvəzinə rüşvət iyi gəlir. Adamın lap burnunu deşir.
Doğrudan da İsabalanın bir azacıq rüşvətxorluğu var. Bunu camaat deyir ha, mən yox... Di gəl ki, adamlar arxada nə deyir desin, ancaq üzünə vurmağa cürətlənəmmirlər, qorxurlar. Bilirsiniz niyə? Həm də bir azacıq demaqoqdur. Axı çoxları tük salır ondan. Kimsə yaxasını onun caynağına ilişdirmək istəmir. Çünki it milçəyidir. Tutduğunu ötürməz.
Mən bir qələm yiyəsi olaraq onun bütün şər əməllərinin əvvəlinə "bir azacıq" sözlərini qoşmağa ərinmədim. Nəyə görə? Düşündüm o boyda vücudu çox da qaralamayım. Əslində yaxından tanımıram İsabalanı. Elə künc-bucaqdan qulağıma dəyənləri söyləyirəm. Söyləntilərimin yalan çıxmasını isə istəmirəm. Onda İsabalanın babalını yumuş olaram, günaha girərəm. Amma məhəlləmizdəki Gülsüm arvadın üzbəsurət mənə çatdırdığı əhvalatı eşidəndən sonra "günahsız" olduğumu anladım.
Bu ara ağlıma gəldi ki, səxavətlə sağına-soluna çəkdiyim qəhrəmanımın nə işini, nə vəzifəsini hələ oxuculara çatdıra bilməmişəm. Axı onlara da maraqsız deyil İsabalanın vəzifəsi... Vallah, əslində vəzifəsinin adını heç yerli-yataqlı bilmirəm. Bildiyim odur ki, bu böyüklükdə rayonda kim evini, mülkünü, torpağını, daha nə bilim, nəyini qanuna salıb özününkü etmək istəyirsə, bax, onda mütləqdir həmin İsabala müdirin bığının alt səmtindən (hərçənd heç bığı yoxdur) keçsin.
Söhbətin bu vədəsində biz də adlayaq əsas mətləbə. Yəni yuxarıda sözünü saldığım Gülsüm arvadın dediklərinə. Onun and-amanla danışdıqlarına qayçı-bıçaq toxundurmadan sizlərə ərməğan edirəm. Buyurun, tanış olun:
Gülsüm arvad:
- Günlərin birində evimizə məktub gətirdilər. Açdım. Ancaq oxuya bilmədim. Təzə əlifbaynanıydı. Qızım Günay gəlib oxudu. Yazılmışdı ki, qısa zamanda evinizi, mülkünüzü sənədləşdirib kupça almasanız, qanuna görə xeylax cərimə ediləcəksiniz... Məktubun altında da səhv eləmirəmsə, İsabala Balaqədirov sözləri yazılmışdı. Deyəsən elə həmən idarənin böyüyüydü o adam. Sonra tanış-bilişdən xəbərləşib öyrəndim ki, çox qəvi bir müdirdi İsabala. Adamlara pislik etməkdən yana sinoy gedir. Başa saldılar ki, tələs, borcdan-xərcdən elə, apar sənədlərini vaxtıkən düzəltdir. Yoxsa əziyyətə düşərsən. Qorxumdan necə demişdilər, tez-tələsik elədim. Səhəri gün pulu, bir-iki kağız-kuğuzu özümlə götürüb rayona getdim. Ondan-bundan soraqlaşıb İsabala adlı zatın yerini öyrəndim. Darısqal və qaranlıq dəhlizdən keçib meşin qapılı otağın yanında ayaq saxladım. Bu qara rəngli qapının İsabalanın yeri olacağını ürəyimdən keçirdim. Zəndim məni aldatmamışdı. Meşin üzlüyü bir neçə yerdən süzülüb sallanan qapını döyüb ehmalca açdım. Şişman bədənli qızın laqeyd baxışları ilə qarşılaşdım. Heç gözüm tutmadı onu. Soyuq tərzdə:
- Müdirin yeri buradır? - deyə xəbər aldım.
- Hə, buradır! - deyə o da sualımı eyni cürə cavablandırdı.
"Buradır" sözünü eşitcək tez kabinetə girmək istədim.
- Ay arvad, hara təpilirsən, öldürər məni, qoy icazə alım, sonra keç.
Bu sözləri qarşımda hasara dönən şişman qız dedi. Diksinib geri çəkildim:
- Gözəl qızım, dünya qopmadı ha, buyurun, icazə alın. Nə qədər xətrin istəsə gözləyərəm - dedim. Ürəyimdə yazıq katibəni "ölümdən xilas etdiyimə" görə sevindim də.
Hannan-gecdən razılıq alındı. İsabalanın kabinetinə daxil oldum. Adını eşidib, birinci dəfə üzünü gördüyüm, sifətindən zəqqum tökülən müdirlə yaşdaş olduğumu güman etdim. Bu səbəbdən də:
- Salam, İsabala qardaş, - deyə həlim səslə dilləndim. Ağzımdan çıxan sözlərin istisi soymamış qışqırtı eşitdim:
- Nə qardaşbazlıqdır! Sənlə məni kim qardaş eyləyib? Danışığına sərhəd qoy!
Səhvimi anladım, düzəliş etdim:
- Baş üstə, yoldaş İsabala müəllim.
- Bax, buna nə demişəm. "Yoldaş" sözü xüsusi olaraq xoşuma gəldi. Sovetin mirasıdır, indi bəyənmirlər... Yaxşı, stolu çək, otur görüm nə əcəb gəlmisən, necə gəlmisən?
- Evimizin, mal-mülkümüzün sənədlərini yığıb gətirmişəm. Kupça deyirsiz, nə deyirsiz, ondan almaq istəyirəm. Bilirəm ki, bütün işlər sizdən asılıdır.
- Bəli, düz deyirsən. Bizdən asılıdır! Nə bilmişdin, kimdən asılı olacaq?!
- Nə deyirəm, başına dönüm. Kömək eylə, işim düzəlsin... Mən də xəcalətli qalmaram.
- Harada işləyirsən, ay arvad?
- İşləmirəm, ev qadınıyam. Həyət-bacada məşğulam. Əkin əkirəm, mal-heyvan saxlayıram... Bir bölük külfət mənə baxır.
- Ərin yoxdu bəyəm?
- Xeyir... ölüb. Ərim qalsaydı day mən niyə idarələrə yol döyürdüm.
- Neynək. Allah rəhmət eləsin. Onsuz da hamı öləcək. Kim qalacaq? Yəni deyirsən evdə səndən başqa əli iş tutanın yoxdur?
- Böyük oğlanın əlindən hər iş gəlirdi. Onu da əsgər aparıblar. Qalan dörd uşağım məktəblidir... Güc-bəlayla dolanırıq.
- Yaxşı, ağlayıb-sızlama, gədən gələr, yenə qaz vurub qazan doldurarsınız.
- Gəlməyinə çox var hələ, təzəcə yola salmışıq.
- Eyb etməz, yəqin ki, mal-heyvanınız az deyil. Ver görüm gətirdiklərini.
- Buyur, bax, qadan alım.
- Qadamı almağa ehtiyac yoxdur. Gətirdiklərin nədir, onu göstər, görüm razı salacaq məni, yoxsa, yox.
- Çalışaram siz istədiyiniz kimi olsun. Alın, yoxlayın...
İsabala gözlərini bərəldib tələm-tələsik kağızları gözdən keçirdi. Sonra yenidən sifətini turşudub üzümə dikdi:
- Bax, görürsən, filan, filan sənədlər yerində deyil. Onları da tapıb gətirərsən, dalısını fikirləşərik. Başa düşdünmü?
Ona nəsə deməyə artıq lüzum görmədim. Kor-peşman kəndə döndüm. Bir neçə gündən sonra tapşırdıqlarını əldə edib yenidən hüzuruna getdim. Verdiyim kar-kağıza yenə gözlərini dörd edib baxdı. Qalın barmaqları ilə sağa-sola çevirdi. Sonra nəsə axtarırmış kimi təkrar nəzər saldı. Dodaqaltı mızıldandı. Birdən uca səslə:
- Hə, indi keçək əsas mətləbə...
- Nəyə, məktəbə?
- Nə məktəb, ay arvad, mətləbə deyirəm, yəni əsas məsələyə...
Əllərinin hərəkətindən və codlaşmış üzünün iştah küsdürən baxışlarından nə deyəcəyini dəqiq anladım. Pul umması şəksiz idi. O qədər danışmışdılar haqqında... Ürəyimdə fikirləşdim nə olar, bir-iki manat şirinlik istəsə verərəm, dünya dağılmayacaq ha... Birdən ürəklənib dilləndim:
- Nə deyirsiniz edək, yoldaş İsabala müəllim.
Ağzımdan çıxan sözə bənd imiş:
- "Üç" verəcəksiniz! - dedi, özü də nağd olsun. Ayrıca saxladığım 500 manatdan cəld 300-nü ayırıb İsabalanın qarşısına qoydum - Götürün, halal xoşunuz olsun.
Pula nəzər salcaq eşşək arısı sancmış adamlar təkin yerindən oynadı:
- Bu nədir, ay kətçi, ağlın qaçıb sənin? Yığışdır bu zir-zibilini, gözüm görməsin. Məni ələ salmısan, yoxsa xam hesab edirsən. Mən "üç min" dedim! Bir manat da keçə bilmərəm.
Qulaqlarıma inanmadım: Necə! Üç min! Vay dədə?! Üç-beş manatlıq qanuni xərc aparan işə üç min rüşvət olar?! İnsaf, mürvət yəni bu dərəcədə silinib aramızdan? Allah cəzanı versin, İsabala!
Qəlbimdən keçənləri içimdə zorla boğub yalvar-yaxar eləməkdən özgə ayrı yol görmədim:
- Ay qardaş... bıy, bağışla, ay yoldaş İsabala müəllim, mən o qədər pulu haradan tapım? Qazananım, gətirənimmi var? Qapımızdakı inəyi, davarları satsam, heç o pulu toplaya bilmərəm. Bir insafın olsun...
- Nə insafbazlıqdır. Nə qoyub, nə axtarırsan. İndi hamı öz xeyrini güdür. Sən də insafı şələləmisən dalına. Sənə insafla deyirəm da, başa düşmürsən? 3 min! O günü bir nəfər, adını deməyəcəm, beş mini yalvarıb qoydu qabağıma. Hələ desəydim "on" da verərdi. Nə bilmisən. Yaxşı-yaxşı fikirləş, başqa yolun yoxdur. Dediyimi təm-türüst gətirsən, istəyin yerinə yetər. Allaha şükür, mal-heyvandan dövlətlisiz... Olmasın yarısı. Mən tələsdirmirəm. Nə vaxt amanat hazır olar, gələrsən.
Acığımdan bağrım çatlayırdı. Onu alışdırmağa ən nalayiq sözlər beynimdə hazır vəziyyətə gəlmişdi. Bir istədim gözümü yumub ağzımın bütün zəhərini töküm üstünə, biabır edim əclafı. Yenə lənət şeytana deyib dayandım. Hirs-hikkə ilə kabinetindən çıxdım.
Aradan bir az zaman keçdi. Fikirləşdim insandı, birdən daş qəlbinə Tanrı xofu sızılar, ürəyi yumşalar. Yenə də bir sınayım... Ancaq əbəsiydi. Mənə yollar yorğunu olmaq qaldı. İsabala tərsliyindən dönmədi ki, dönmədi. İş o yerə yetişdi kəndimizin tanınan ağsaqqalı Kərim müəllimi də onun ayağına apardım. Hörmətli el ağsaqqalını da lənətə gəlmiş pərt saldı. İndi də ürəyim ağrıyır müəllimə. Yaman hala düşmüşdü. Lazımi yerlərə şikayət eləmək istədi hələ. Mən qoymadım. Yalvarıb-yaxarıb sakitləşdirdim: - Həyasızın yekəsidi, - dedim. Sonra başına əngəl olar. Adına ləkə salar. Sağ olsun, eşitdi məni.
Nə isə, çox üzüb-düzdüm. Neyləyim, kimdən borc istəyim. Həm də kasıba kimiydi borc verən. Versəydilər belə, onu necə qaytaracaqdım. Yaxşı ki, ağız açdığım bir-iki qapıdan əliboş qaytarmışlar. Ümid yenə sağılan inəyimizə, danamıza, qoyun-keçiyə qalmışdı. Day ayrı çarəm yoxuydu. Uşaqlar da nə olar, olar - dedim, Allah kərimdi.
Əlimyandıda mal-heyvanımı satacağımı eşidən kəndçimiz qəssab Sədoş qırğı kimi başımızın üstünü kəsdirdi. Hamısına müştəri durdu. Pulu da əlindəydi.
- Götür, işini həll elə, heyvanları da sabah gəlib aparacam.
Səhər açılmışdı. İsabalanın "payını" əldə etməyimə azacıq sevinsəm də, ürəyim qan ağlayırdı. Səhər-axşam ağartıya öyrəşən uşaqlara nə tapıb, nə verəcəyəm? Nə yeyəcəklər o yazıqlar? Mal-heyvanı qapıdan eləmək asan şeydi bəyəm?! Görəcək günlərimiz varmış, Allah, rəhm eylə bizə... Hərdən də özümə toxtaqlıq verirdim. Bundan belə onun-bunun qapısında nə iş desələr görəcəyəm, təki balalarımı ac-yalavac saxlamayım. Oğlan da hərbini başa vurub qayıdar. Əli qızıl doğrayır. İnşallah acımızdan ölmərik.
Beləcə fikir-xəyal yığınında sənədləri də, pulu da götürüb rayon mərkəzinə - İsabalanın hüzuruna getmək üçün evdən çıxdım. Şəhərə gedən maşınların dayandığı kənd meydanına gəldim. Həmişəkindən çox adam, maşın vardı meydanda. Geniş bir səmtdə iri avtobus dayanmışdı. Qapısının ağzı, yan-yörəsi adamla doluydu.
- Nə olub görəsən, bu nə işdi belə? - deyə heyrətimi gizlədə bilmədim. Tanımadığım bir nəfər sözümü cavabsız qoymadı.
- Burada adamlara xidmət göstərirlər. Kimin nə işi varsa, tezliklə həll edilir.
- Elə avtobusda?
- Bəli, avtobusda.
İsabala yadıma düşdü. Eşitdiklərim mənə gülməli göründü... Qəribə şeylər ağlıma gəldi. Necə ola bilər axı, mərkəzdə oturanlar öz ayaqları ilə gəlib bizə xidmət göstərsinlər? Yəqin oğlan zarafat edir.
- Zarafat edirsən mənimlə? - astaca soruşdum.
- Nə zarafat, ay xala, mən özüm bu avtobusun sürücüsüyəm. Bu sayaq işə "Asan xidmət" deyirlər. Necə olub indiyədək eşitməmisən bu haqda?
Yerimdəcə donub qaldım... Deyəsən televizorumuzda bu barədə danışıblar, "Asan xidmət"... Hə, yadıma düşür. Prezidentimizə bu cür işlərə görə minnətdarlıq da edirdilər.
Birdən-birə sanki ürəkləndim... Rayona, İsabalanın yanına getməyi unutdum. Elə həmin oğlana öz işim barədə danışdım. Öyrənmək istəyirdim görüm bizim məsələyə burada baxa bilərlər? O da cavabında:
- Bəs necə! - deyə gülümsədi, - elə əsasən o cür işlərə baxırlar. Həm də bir neçə dəqiqənin ərzində.
Çəkinə-çəkinə xəbər aldım:
- İsabala müəllim buradadır?
- Yox əşşi... Nə İsabala? Hə... keçmiş müdiri soruşursan? Onu çıxarıblar. Özü də biabırçı-lıqla. Yerinə canlara dəyən bir oğlan təyin ediblər. Nə kömək lazım olsa edəcək. Keçin orada dayanın. Görürsən, hamısı öz yerlilərindir. Hərəsi bir iş üçün gəlib. İndiyədək nə qədər adamı yola salıblar.
Sevincimin həddi-hüdudu yoxuydu vallah. Rüşvət üçün götürdüyüm pulu gizlədib, yaraşıqlı avtobusa tərəf yollandım. Növbəm yetişdi. İçəri girdim. Sənədlərimi gülərüzlə qəbul etdilər. Elə bil yuxuda cənnətin ortasına düşmüşdüm. Necə gözəl, mehriban insanların əhatəsindəydim. Bədheybət sifətli İsabala hara, bunlar hara... Doğrudanmı onun aylarla süründürməçiliyə saldığı iş belə asanlıqla həll olunacaq? Heç kimdə İsabalaya bənzər sifət görmədim. Çox nəzakətli davranışları vardı. Ən vacibi də oydu ki, neçə-neçə idarədən asılı olan, günlərlə vaxt apara biləcək işlər bir damın altında həllini tapırdı. Bundan da yaxşı nə ola bilərdi?!
Desəm inanmayacaqsınız, mənim sevincim beş qat, on qat da artığıydı. İsabala kimilərin cəngindən rahat qurtulmağım xəyalıydı sanki. Hələ onun işdən çıxarılması... Kim inanardı ağzından od-alov yağan əjdahanın qol-qanadını belə asanlıqla qırıb yığacaqlar yanına. Bu, möcüzə deyildi, bəs nəydi?
Nəsə, cəhənnəm olsun İsabala. Necə ki, oldu. Mənim kimi neçələrinin canı qurtuldu o zalımın əlindən... Kefimin gözəl çağında elə yaramazın sözünü yada salmağa adamın dili gəlmir. Nə demişəm "Asan xidmət"in işçilərinə. Heç onca dəqiqə gözlətmədilər. Həll etdilər işimi. Kupçamı aldım. Evə tələsirdim. İstəyim oydu ki, inəyimizin satılmasına görə əməlli-başlı yasa batmış balalarımı vaxt itirmədən sevindirim. Həyət qapısına yetişər-yetişməz uşaqların çığırtısını, ağlamaq səslərini eşitdim.
- Qoymayacağam aparasız...
- Biz inəyimizi satmırıq, çıxın gedin, gedin.
- Nə səs-səsə vermisiz, rədd olun! Bir ətək pul verib malınızı almışam. Çəkilin kənara, yoxsa pis olar.
Bu, qəssab Sədoşun səsiydi. Oğlunu da yanına salıb gəlmişdi. Oğluna acıqla:
- Sən də nə gözlərini döyürsən, hayla getsin, beyvaxtdı, tez ol, tez, tez.
İçəri gircək mən də dayana bilməyib partladım:
- Yox, Sədoş, uşaqlarım düz deyir. Daha satmırıq! Apara bilməyəcəksən. Al, bu da sənin pulların. Xayiş edirəm, incimə. Dünən satmağa məcburuyduq... bu günsə.. Allah hökumətimizin bayrağını ucaltsın. Darda qoymadı bizi.
Həmin gün göydəndüşmə bir sevinc yaşadıq. Axı işimiz əlüsdü düzəlmiş, mal-davarımız da qapımızdan olmamışdı. Niyə sevinməyəydik?! Lakin gecə İsabalanın yuxuma girməsi əhvalımı büsbütün sındırdı. Yuxuda o bədniyyət mənə nə desə yaxşıdır:
- Ey, Gülsüm qarı! Elə hesab eləmə məni işdən atıblar bayıra... İşləyirəm! Üç minimi tap gətir. Gətirməsən... Nahamvar barmaqlarını düz gözümün içinə tuşladı. Qışqırıb yuxudan dik atıldım. Qan-tər basmışdı məni. Səhərədək özümə gələ bilmədim. Elə hey üzüb-düzürdüm: Görəsən nə baş verəcək? Bəlkə yuxuydumu, nağılıydımı dünənki hadisələr? Birdən o mundar tipi təzədən mınqıldarlar vəzifə stoluna. Onda necə olarıq biz?...
Beləcə fikir-xəyaldaykən küçə qapısı döyüldü.
- Kimdi, gəlsin, - ucadan səsləndim.
Kənddə hökumət idarəsində çalışan Anar sakitcə qapını araladı:
- Salam, Gülsüm xala, səndən yana gəlmişəm. Şəhərdən zəng vurmuşdular, - dedi - sabah İsabala Balaqədirovun keçmiş iş yerində açıq məhkəməsi keçiriləcək. Sizi də şahid kimi ora dəvət edirlər. Gedib sözünüzü çatdıra bilərsiniz.
- Başıma xeyir, yuxum buymuş elə... Mən də ürək-göbəyimi yemişdim. İçimdən min cürə qara-qura fikirlər keçirdi. Sən demə, məsələ tam tərsinəymiş... Özü-özünə qəbir qazdı bədbəxt. Nə deyim, Tanrı qapısını açsın.
Bəs mənlik nə iş var məhkəmədə? Mənim ki, halalca pulum o haramzadaya qismət olmayıb. Yəqin gedib orada danışmalıyam ki, məndən bir-iki manatlıq işə utanıb-qızarmadan üç min rüşvət tələb edib. Mən də çarəsizlikdən evin bütün dördayaqlılarını satmağa məcbur qalmışdım. Nə yaxşı dadımıza yetişənlər tapıldı...
Qarşımda sual dayanmışdı. Məhkəməyə gedimmi, getməyimmi? Çox götür-qoy elədim. Sonra qəti qərara gəldim: Getməyinə mütləq gedim. Qəsdim heç də onun üzünə dirənmək deyil. Bizlərdə evyıxanlıq olmayıb. Əsas niyyətim oydu ki, nə zamandı ürəyimdə yığıb saxladıqlarımı bircə-bircə töküm ortaya. Hər kəs payını yığışdırsın. İsabalaya gəlincə... Ona ancaq belə deyəcəyəm:
- Vətəndaş İsabala, möhtərəm hakimdən xayişim budur ki, bircə günlüyə də olsa icazə versin sənə, gedib "Asan xidmət"i öz gözlərinlə görəsən. Görəsən və anlayasan ki, xalqa xidmət necə olar!
iyul, 2015
Digər Xəbərlər

Azərbaycan Səfəvilər Dövlətinin orta əsrlərdə ilk dəfə olaraq XVI əsrin II yarısında İngiltərənin Moskva şirkəti ilə ticarət əlaqələri

ZİYALI ÖMRÜ

Ayaz Arabaçı: Bir qazi çay aparır iki fərarinin oturduğu masaya..
