hacklink Adalet.az | HƏR SEVİNC SƏADƏT GƏTİRMİR Adalet.az | HƏR SEVİNC SƏADƏT GƏTİRMİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏR SEVİNC SƏADƏT GƏTİRMİR

17936    |   2009-05-23 08:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə nömrəsində)
   
    İyirminci illərin sonu, otuzuncu illərin əvvəlindən başlayaraq çox böyük qurbanlar bahasına olsa da, SSRİ-nin iqtisadiyyatında, sənaye və kənd təsərrüfatında müəyyən irəliləyişlər hiss olunmağa başladı. Planlı təsərrüfata keçid partiyanın yeni rəhbərinin yeni siyasətinin uğuru kimi qiymətləndirildi. Stalin hakimiyyəti gücləndikcə siyasi rəqiblər, fərqli düşünənlər sistemli şəkildə zərərsizləşdirilir, ya da biryolluq aradan götürülürdü. Ölkədə məqsədyönlü şəkildə elə şərait yaradılırdı ki, heç kim kimsəyə və heç nəyə arxayın olub asudə nəfəs belə almasın, başının altına yastıq qoyaraq rahat yata bilməsin. Gecənin istənilən saatında hər an qapını taqqıldadıb səni yerindən qaldırıb sorğu-suala çəkə bilərdilər. Nəyə görə? Məsələn, yanında belə bir söz danışılıb, sənsə bunu eşidib lazımi yerlərə vaxtında xəbər verməmisən. Kütləvi xarakter alan qorxu hissi, daxili xof hamını susmağa, əyintilərə göz yummağa, dövlət maşınına dinməz-söyləməz itaət etməyə gətirib çıxarırdı. 1937-ci il hadisələrinə gətirib çıxaran qanlı yolda qət edilməmiş çox az məsafə qalırdı. O mərhələnin özü də istər siyasi, istər hüquqi-inzibati, istər ideoloji cəhətdən ciddi hazırlıq tələb edirdi. Belə vaxtda Stalinin təbliğat maşınının mühərrikinin at gücü nəzərəçarpacaq dərəcədə artmalı idi. Daxili siyasət bazarında ona ləbbeyk deyən vəzifəli, orden medallı kəmsavadlar yetərincə çoxalmışdı. Əhəmiyyəti gərəksizləşən boşboğazlar onu qıcıqlandırırdı. Belələrinə o, qətiyyən üz vermir, yaxına buraxmırdı. İndiki mərhələdə ölkə sərhədlərindən kənarda tanınan simaları cəlb etməklə beynəlxalq aləmdə nüfuz qazanmaq, ictimai fikirdə müsbət rezonans doğuracaq hadisələr yaratmağa çalışmaq lazım idi. Bu niyyəti həyata keçirmək üçün ən münasib namizədlərdən biri, bəlkə də birincisi Amerikada, Avropada kifayət qədər yaxından tanınan Aleksey Maksimoviç Qorki ola bilərdi. Zəmanənin ən görkəmli ədibləri onunla mütəmadi görüşür, davamlı yazışır, hesablaşırdı. Bir sözlə, yaşı altmışı haqlamış Aleksey Maksimoviç aləmdə səsi, sözü eşidilən, imzası sayılan-seçilən şəxsiyyət idi.
   Uzun illərdən bəri İtaliyada yaşamağa alışan Qorkinin vətənə qayıtmaq niyyəti yox idi. Onun qayıdışı üçün neçə vaxtdan bəri xeyli hazırlıq işləri aparıldı. Bu işdə oğlu Maksimdən, sevgilisi Mariyadan yetərincə istifadə edilirdi. Rəsmi olaraq isə 1928-ci ildə Partiyanın Mərkəzi Komitəsi məsələni gündəmə gətirdi. Yazıçılar, müxtəlif təşkilatlar, əmək kollektivləri nüfuzlu soydaşlarına müraciət edirdilər ki, siz vətənə dönməli, yeni dövlətin mədəni həyatına yeni nəfəs verməlisiz. Ölkənin hər yerindən ona axın-axın məktublar, müraciətlər, dəvətlər göndərilirdi. Bu kampaniyaya komsomolçuları, pionerləri də cəlb etmişdilər. Yazıçıya sual verirdilər ki, siz nədən öz həmvətənlərinizin yanında deyil, faşistlərin hakimiyyətə gəldiyi bir dövlətdə yaşamalısız? Axı, rus xalqı sizə sonsuz məhəbbət bəsləyir. Təbliğat maşınının qayıdış proqramına əsasən, neçə vaxtdan bəri nümayişkəranə tərzdə fasiləsiz davam edən ümumxalq istəyini nəzərə alaraq, Sovet hökuməti də ana yurda qayıtmaq xahişi ilə yazıçıya müraciət etdi. 1928-ci ildə Sovetlərə ilk tanışlıq səfərindən sonra Qorkinin bu çağırışı qəbul etməyə bir neçə ciddi əsası var idi. Bu səbəbdən Aleksey Maksimoviç Kremlin də qoşulduğu sovet xalqının dəvətinə "hə" dedi.
   
   ***
   
   Maksim Qorki çox yüksək səviyyədə qarşılandı. Pişvazına çıxan camaat sözün əsl mənasında onu əlləri üstündə gəzdirirdi. Peşkovları Moskvada keçmiş milyonçu Ryabuşinskinin malikanəsində yerləşdirdilər. Bu bina 1900-cü ildə memar Fyodor Şextelin layihəsi əsasıında tikilmişdi. Akademik Fyodor Osipoviç istedadlı memar idi. Onun ucaltdığı binalar bu gün də Petroqradın, Moskvanın yaraşığıdır. Oktyabr inqilabından sonra baş götürüb hara istəsə gedə bilərdi. O, nəinki Rusiyada, Avropa ölkələrində də sayılıb-seçilən sənətkar kimi tanınırdı. Xaricdən cazib təkliflər alsa da, vətənini heç nəyə dəyişmədi. Düşündü ki, necə olsa təcrübəli memara yeni quruluşda iş tapılar. Fəqət, taleyi başqa cür gətirdi. Sovetlərdə nə özünü, nə əməyini, nə də istedadını dəyərləndirən tapıldı. Küncdə-bucaqda səfalət içində ömür sürməkdən xəstələnib 1926-cı ildə dünyasını dəyişdi. Ryabuşinskilər isə nəsillikcə didərgin düşdülər. Qohum-əqrəbadan kim qaldısa, onları da sürgündə çürütdülər. Milyonçu ev sahibini Qorki şəxsən tanımasa da, ailənin digər üzvləri ilə əlaqəsi olmuşdu. Naşir qardaşı Paveli 1911-ci ildə Kapridə evində qonaq etmişdi. Dünya şöhrətli alim Dmitrini isə Djerzinskinin köməyi ilə 1918-ci ildə həbsdən qurtarmişdi. O da Parisə köçüb elmi işlərini davam etdirdi. Fransa Elmlər Akademiyasının müxbir üzvü seçildi. 1917-ci ildən sonra Setepan Ryabuşinskinin müsadirə ediləndən sonra malikanəsi görün kimlərin əlinə keçmədi: Xarici İşlər Xalq Komissarlığı, Dövlət nəşriyyatı, psixoanalitik institut, uşaq bağçası... İndi təsəvvür edin ki, oralar necə bərbad vəziyyətə düşmüşdü. Şextelin eskizləri əsasında hazırlanan mebeldən, aydınlatma qurğularından, havalandırma və isitmə sistemindən nişanə də qalmamışdı. Otaqlarda üstü nadir sənət əsəritək mərmərlə bəzədilmiş odun sobalarını söküb dağıtmaq kim bilir hansı "ağıllının" küt beyninə düşmüşdü. Kremlin göstərişi ilə o ərəfədə binanı bayırdan və içəridən əməlli-başlı təmir etdilər. Əvvəlki cahi-cəlalı qalmasa da, hər halda səliqə-səhman yaradılmışdı. Həmin günlər bütün qəzetlər Qorkidən yazırdı. Yenə rəsmi gəzintilər, yeniliklərlə tanışlıq, əmək qəhrəmanları ilə görüşlər... 1927-1928-ci illərdə Dövlət nəşriyyatı tərəfindən Lunaçarskinin redaktəsi ilə proletar klassikinin 22 cilddən ibarət seçilmiş əsərləri dərc olundu. Bunun ardınca yazıçının çoxcildli əsərlərinin növbəti nəşrinə başlandı. "Yeqor Bulıçov və başqaları" (1932), "Dostiqayev və başqaları"(1933) pyeslərini yazdı. Neçə illərdi üzərində işlədiyi "Klim Samqinin həyatı" əsərini bitirib ayrıca kitab şəklində oxuculara çatdırdı. Haqqında bəhs etdiyim Malı Nikitinski küçəsində yerləşən malikanədən başqa Moskvanın şəhərkənarı meşəliklərində, eləcə də Krım yarımadasında ona iki gözəl villa da ayırdılar ki, istədiyi vaxt rahat dincələ bilsin, xarici qonaqlarını qəbul etsin. Buranı təkcə Herbert Uels deyil, Romen Rollan da ziyarət etmişdi.
   Buna baxmayaraq, Maksim Qorki get-gedə özünü qızıl qəfəsə salınmış quş kimi hiss edirdi. Deyirdi ki, malikanənin sahibi mən deyiləm, Mossovetdir. El atası barədə ürəyindən keçənləri dilinə gətirməsə də, dillərdə əzbər olan, şüarlarda səslənən sözlərlə, mədhiyyələrə də qələmini bulamadı. Başqa cür desək, qayıdışdan sonra Stalinin ümidlərini doğrultmadı. Buna baxmayaraq, Baş katib onun 65 illik yubileyini xüsusi təntənəylə qeyd etməyə hazırlaşırdı. 1932-ci ildə yubiley komissiyasının iclasında çıxış edən İosif Vissarionoviç təklif etdi ki, Nijnı Novqorod şəhərinin adını dəyişib Qorki qoysunlar. Bundan əlavə, Moskvada Tverskoy küçəsinə proletar yazıçısının adını versinlər. Bir təklif də o oldu ki, yazıçı Lenin ordeni ilə təltiv olunsun. Bundan sonra Bədaye teatrı da onun adını daşısın. Uzaqgörən Stalin bununla "sağlığında qiymət verin insanlara" fikrini Qorkinin timsalında həyata keçirirdi. Bu, hələ "qorkiləşmə" işinin başlanğıcı idi. Yenicə start götürən kampaniya sonralar elə vüsət alacaqdı ki, bunu sözlə ifadə etmək də çətinləşdi. İllər uzunu əsərlərindən qat-qat sayı çox olan heykəl, küçə, prospekt, mədəni-maarif ocağı, sənaye və kənd təsərrüfatı müəssisəsi, təhsil obyekti sovet xalqına Qorkini daim xatırladacaqdı.
   Bəzən meyli çəkəndə Stalin Qorkiyə qonaq gələrdi. Geniş və yaraşıqlı salonda olduqca sərbəst şəraitdə bura dəvət olunan yazıçılarla görüşməyi xoşlardı. O, hamını dinlər, öz sözünü deyər, fikirlərini tövsiyə və təlqin edərdi. Belə görüşlərdən birinin iştirakçısı olan Korneli Zelinski deyir ki, Malı Nikitinski, 26 ünvanda Qorkinin yaşıdığı evdə həmin gün biz 50 nəfər idik. Stalin söhbət əsnasında ilk dəfə yazıçıları "insan qəlbinin mühəndisləri" adlandırdı. Bu ifadə tezliklə hamının dilinin əzbəri oldu. Görüş bir neçə saat davam edib. Yazıçılar İttifaqının yaradılması zərurəti, yeni təşkilatın qarşısında duran vəzifələr barədə fikirlərini ilk dəfə rəhbər Qorkinin evində səsləndirdi, dramaturgiya sahəsinə daha çox maraq göstərməyi tövsiyə etdi. Onun fikrincə, zəhmətkeşlərin gərgin iş şəraitdə qalın romanları oxumağa kifayət qədər vaxtı olmadığından bu məqamda teatr tamaşalarının tərbiyəvi əhəmiyyəti daha təsirli ola bilərdi. Ədəbiyyat institutunun yaradılması barədə danışanda onu da əlavə etdi ki, yeni quruma qonaqpərvər ev sahibimizin adını verməyi düşünürük.
   Qorkinin evi nə qədər qonaqpərvər olsa da yazıçılar özlərinə ayrıca bir bina istəyirdilər, yəni bir növ penklub kimi. Bu barədə müraciətə də Stalin müsbət yanaşıb. Bir müddət sonra Qraf Olsufyevin malikanəsini yazıçıların ixtiyarına verilməsi barədə göstəriş verib. Qorkinin evində keçirilən qeyri-rəsmi görüşlərdə hər dəfə nəsə bir yaddaqalan hadisə baş verərdi. Bir dəfə Stalin yaxın ətrafı ilə teatra gedibmiş. Həmin axşam Vladimir Kirşon adlı dramaturqun "Çörək" pyesi əsasında hazırlanan tamaşa oynanılırdı. Bir neçə gün sonra Qorkinin evində keçırılən ənənəvi görüşdə fürsət tapıb rəhbərə yaxınlaşan yazıçı, tamaşa haqqında onun rəyini öyrənmək istəyir. Stalin deyir ki, mən belə bir tamaşanı xatırlamıram. Bu cavabdan özünü itirən müəllif xatırladır ki, axı, bu günlərdə siz həmin tamaşanı teatrda seyr etmişsiniz. Stalin deyir:
   13 yaşım olanda yadımdadır ki, Şillerin "Məkr və məhəbbət" əsərinə tamaşa etmişəm. Amma " Çörək " tamaşasına baxmağım yadıma gəlmir.
   Əsər konyukturanı nəzərə almaqla yazılmışdı. Konflikt kənddə qolçomaqlarla mübarizə üzərində qurulsa da, bədii dəyəri olmadığı üçün Stalinin gözündə əhəmiyyətsiz idi. 30 yaşlı Vladimir Kirşon bir neçə səhnə əsərinin müəllifi idi. Hətta 26 Bakı komissarının fəaliyyətinə həsr olunmuş "Küləklər şəhəri" adlı bir pyes də yazmışdı. Qələmini inqilabı ideyalarının tərənnümü yolunda süngü eləsə də, 1937-ci ilin may ayında onu da həbs etdilər. "Çörək" pyesinin müəllifinin çörəkli günlərinə beləcə son qoyuldu. Elə düşünməyin ki, buna səbəb bədii cəhətdən zəif əsərlər yazması olub, xeyir. Ağır cəzanın siyasi motivləri vardı. Ədəbiyyat aləmində Trotski qruplaşmasının üzvi kimi ifşa edilərək "xalq düşməni" kimi güllələnən 35 yaşlı yazıçıya 1956-cı ildə bəraət veriləcəkdi.
   (ardı var)
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK