adalet.az header logo
  • Bakı 12°C
29 Noyabr 2021 14:50
882
HADİSƏ
A- A+

Xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub

Sürücü İsmayıllı rayon Mərkəzi Xəstəxanasının şöbə müdirini və onun qohumunu avtomobillə qəsdən vurub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə bildirib ki, noyabrın 28-də saat 16:40 radələrində İsmayıllı rayon sakini, 1966-cı il təvəllüdlü Ağamirzəyev Fazil Səməd oğlu idarə etdiyi 10-LZ-067 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən əvvəlcədən aralarında mübahisə olmuş İsmayıllı rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, 1975-ci il təvəllüdlü Abbasov Elçin Şahsuvar oğlunu və onun qohumu 1981-ci il təvəllüdlü Əzizov Rövşən Aydın oğlunu yolun əks istiqamətindəki səkidə piyada hərəkətdə olduğunu görüb və qəsdən nəqliyyat vasitəsini onların üzərinə sürüb.

Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan yaralılar müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanılıb, Fazil Ağamirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.