adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Sentyabr 2021 19:59
274
ANALİZ
A- A+

Türkiyə - Azərbaycan qardaşlığı

"Türkiyə həmişə olduğu kimi Azərbaycanı onun haqq davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir". Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib. 

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixdə imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi artıq fəaliyyət göstərir. Monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmlidir, belə ki, ola biləcək hər hansı gərginlik mərkəz tərəfindən izlənilərək qarşısı alınması üçün operativ şəkildə tədbirlər görüləcəkdir: "Həmin mərkəzdə Türkiyyənin olması bizim üçün çox önəmli bir haldır. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanda Türk Ordusunun kiçik modeli yaranmaqdadır. Artıq bu sahədə əməli-praktiki işlərə başlanılmışdır. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır. Cənab Prezidentin Türkiyə, Rusiya, İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, onlar ortaq mövqedədirlər".

Deputat qeyd edib ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması bölgədə marağı olan böyük güclərin - Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Rusiyanın da maraq dairəsindədir: "Bunlardan hər birinin Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasından özünə məxsus gözləntiləri var. Biri üçün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazda sülh və əmin-amanlığın yaradılması, bölgə ölkələrinin Avropaya daha sıx inteqrasiya olunması, demokratiyanın inkişafı, enerji resurslarının dünya bazarlarına təhlükəsiz daşınması, bir başqası üçünsə bölgə üzərindəki nəzarəti itirməməsidir. İndiki halda, 44 günlük Vətən Müharibəsindən sonra, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan üçün də mənfi hal olaraq qəbul edilmir. Əslində ölkəmizin bölgənin inkişafı və davamlı sülh içində yaşaması ilə bağlı gözləntilərini nəzərə alsaq Azərbaycan tərəfi, sərhədlərin açılmasını və münasibətlərin normallaşmasını dəstəkləyə də bilər. Bir şərtlə ki, Ermənistan tərəfi revanşist fikirlərdən əl çəkməli və əsassız ərazi iddialarını ümumiyyətlə gündəmdən çıxarmalıdır. Bir şey də vurğulanmalıdır ki, bu Türkiyənin öz qərarıdır. Azərbaycan isə qardaş Türkiyənin verdiyi hər qərarda onu dəstəkləməyə davam edəcəkdir".

Digər Xəbərlər