adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Xarıbülbülün sevinc göz yaşları- İltifat Hacıxanoğlu yazır...

İltifat HACIXANOĞLU
207442 | 2021-05-13 15:51

Şuşada “Xarıbülbül” festivalını televiziyadan seyr etdikcə hamı kimi mən də sevincdən uşmağa qanad axtarırdım. İlahi, çox yox bir il əvvəl ermənilərin at oynatdığı, başda Paşinyan olmaqla yallı getdikləri, hər il mayın 8-də bizi yandırıb yaxdıqları Şuşanın hər yerindən “Bayatı Şiraz”ın əks sədası gəlirdi. Bu sədanı eşidən xarıbülbül sevinc göz yaşı tökürdü.

Ustad övladından şəyird olmaz deyib atalarımız. Halal olsun Kənana ki, gözəl oxudu, halal olsun Təyyara ki, belə övlad yetişdirib. Onun ifasına bu xoşbəxt anları bizə bəxş edən cənab Ali Baş Komandan İlham Əliyevin mimikasından razılıq göstərməsini bütün el-oba gördü. Onun mimikasını düşmənlərimiz də gördü. Bir il əvvəl Paşınyan Şuşada “Yallı” gedəndə isə cənab İlham Əliyev başqa cür baxırdı. Onda o, düşmənin həyasızlığından dişi bağırsağını kəssə də, ordusunu müzəffər qələbəyə hazırlayan bir sərkərdə kimi baxırdı. İlham Əliyev dövrünün çox böyük diplomatıdır, amma həmişə onun görüşlərdə, xüsusən Ermənistan rəhbərləri ilə görüşlərində mimikasına diqqət etmişəm.  Bəlkə də diplomatik qaydalar olmasa o adamları necə təpiyinin altlna salıb it balası kimi döymək istəməsini baxışlarından aşkar oxuyurdum.
Amma dünən tamam başqa cür baxırdı, məmləkərin sərdarı. Bu gün hamımızın baxışında 30 ildən bəri ”kariyesləşmiş” kədərli baxışlar yox olub artıq. Bu gün hamımızın üzü də gülür, baxışı da, ürəyi də.
Dünənki konsertdə tək insanlarımız sevinmirdi. Dünən Şuşanın vətən ətri verən torpağı, suyu min bir dərdnə dərman olan bulaqları, sinəsi yaz çiçəkləri ilə rəngarəng xalıya dönmüş Cıdır düzü sevinirdi. İllərlə boynubükük qalan bənövşəsi, xarıbülbülü sevinirdi. İlahi, bu sevinci hiss etmək necə gözəl bir duyğudur. Bir zamanlar bizə nağıl kimi görünsə də, xoşbəxt sonluqla bitən həqiqətdi Şuşa! İllərdir yuxuda gördüyümüz Şuşa indi çin çıxıb. Cəmi 6 ay əvvəl Şuşa kimi gözəl yurdumuzda hər gün eşidilən bombaların səsini, güllələrin vıyıltısını bu gün gözəl musiqimiz əvəz edib. 
O gözəlliklərin içində festivalı canlı-canlı izləyənlərə paxıllığım tutdu...
Bu sevinci bizə yaşadan cənab Ali Baş Komandana, o torpaq uğrunda canından keçən, Şuşanı yalın əllə bizə qaytaran insanlara sevinc göz yaşları içində təşəkkür edirəm!
Dünən diqqətimi çəkən əsas məqamlardan biri də Mehriban xanımın onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunu təqdim etməsi oldu. Təbii ki, bu kadrlara Ermənistanın baş nazirinin arvadı Anna Akopyan da baxırdı. Yadına salımmı keçən il nə demişdin? Mehriban Əliyevanı Dağlıq Qarabağda muğam dinləməyə dəvət etmişdin, noldu Anna Akopyan? Gördünmü ki, muğamı Qarabağda necə oxyurlar? Mən adım kimi əminəm ki, adam balası kimi “Xarıbülbül” Festivalına baxmaq üçün müraciət etsəydi, Mehriban xanım Anna Akopyanı azərbaycanlılara məxsus qonaqpərvərliklə qəbul edərdi. 
Dünən konsertdən sonra Şuşanın üstündə sayrışan bayram atəşfənaşlığa yaxşı baxdınmı, Akopyan? Çünki Xankəndindəki ermənilər hamı küçəyə çıxıb bizim atəşfəşanlığa qorxa-qorxa tamaşa edirmiş. Məncə artıq ağıllarını başlarına yığmağın vaxtı çatıb. Dünən sevinən”Xarıbülbülün” xatirinə...
 

TƏQVİM / ARXİV