adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Aprel 2021 14:19
32542
MƏMLƏKƏT
A- A+

Qazi və Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı dövlətin sosial siyasətidir

 “YAŞAT” Fondu bu istiqamətdə ilk addımlarını uğurla atır

 

 Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının həyata keçirilməsi üçün  Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb

 Fondun əsas fəaliyyəti yuxarıda qeyd olunan  istiqamətlərdə vətəndaşlara xidmət göstərməkdir  . Fondun vəsaiti şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına sərf olunur.

Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb. Onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkir, həmin ailələrin yaşayış və məişət çəraitləri ilə tanış olur, ehtiyaclarının fond tərəfindən ödənilməsi istiqamətində addımlar atılır.

 Fondun formalaşmasında vətəndaş cəmiyyəti və dövlət birlik nümayiş etdirir.  Böyük humanitar missiyanı həyata keçirən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Sözügedən hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

           44 günlük Zəfər Qələbəsindən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan etdi ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsində, Müzəffər Qələbəmizin qazanılmasında müstəsna rolu olan Qazi və Şəhid  ailələrinə qayğı və yardımların göstəriməsi dövlətin sosial siyasəti olacaq.  “YAŞAT” Fondu qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları üəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir.  Məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi və s.,bu günədək Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləridir.

Fondun fəaliyyəti şəffafdır. Bu da  dövlətə ictimai etibarı artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib. “YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub.

Hazırladı: Rüstəm Hacıyev