adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Taleyini qara paltarında əks etdirən qadın

Rövşən Tahir
147234 | 2021-02-10 15:40

Heç özüm də bilmirəm, bu yazıma haradan başlayım. Onun doğum günündənmi, Rəna ananın yanğısındanmı, yarımçıq qalan zabit arzularındanmı, yaxud reallaşan bir arzusundan-Qarabağ torpaqlarının alınmasındamı?

Əbubəkir İsmayılov, oxucuya bu ad çox şey deyir. Torpaqlarımızın düşməndən azad edilməsində şücaət göstərmiş, 2016-cı ildə qəhrəmancasına şəhid olmuşdur Əbubəkir. Yaşasaydı 31 yaşı olacaqdı, yaşasaydı Rəna ana onun şəklini deyil, saçlarını oxşayacaqdı. Amma...

Rəna ananı bu gün görəndə tanımadım. Doğrudan da, oğul ölümü onu çox dəyişib, gözləri zəifləyib, saçı ağappaq olub. Çiyinlərində isə özünün də dediyi kimi, 5 ilin ağır bir yükü var. O yükü ki, bala dərdidir. O yükü ki, 5 ildir, Əbubəkirin sevdiyi yeməyi bişirmir, toylara, şadlıqlara getmir. Qara geyinir ana. Sanki taleyin ona verdiklərini paltarında əks etdirir. Yaşamır, ölür, hər gün, hər saniyə ölür.

Rəna ananın məzar üstündə çəkdiyi ah-naləni, əlini dizlərinə vuraraq “Kaş mən öləydim”, “Əbubəkir helikopterdən sağ çıxaydı da, mən ölərdim” cümlələrini eşitmək dünyanın ən ağır durumudur. Necə əzizləyir o, balasının baş daşını, İlahi?! Ətrindən ötrü darıxdığını dilə gətirib Əbubəkirin heç nəyini deyil, bir tək qoxusunu duymaq istəyir bu ana. Bilmirəm, bəlkə də, kiçik oğlunun Əbubəkir adını daşıyan övladından təskinlik alır Rəna xanım. Bəlkə də, yox, elədir ki, var. “Əbubəkirdir elə bil”,-söyləyir ana,-“Əbubəkir kimi helikopteri sevir. Oyuncaq helikopteri ilə oynayır. Gələcəyin Əbubəkiridir bu körpə”.

Rəna ana düz deyir. Kim bilir, bəlkə də, gələcəyin zabitidir bu uşaq, adı dillər əzbəri olan Əbubəkirin davamçısıdır. Torpağı sanı yaşasın. Yaşasın və Əbubəkirin məzarı üzərinə general-mayor, general-leytenant, general-polkovnik rütbələrindən birində zabit formasında gəlib “Ruhun şad olsun, əmi” söyləsin...

Rövşən Tahir

 

TƏQVİM / ARXİV