adalet.az header logo
  • Bakı 7°C
26 Noyabr 2020 15:44
135918
ŞOU-BİZNES
A- A+

Ruhi Əliyeva Qarabağ qazisi Elçin Səmədovla görüşdü: “Əlimdən gələni əsirgəməyəcəm”

“Suqovuşan kəndində baş verən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ağır yaralanmış qazimiz Elçin Səmədovun yaşadığı Qəbələ şəhərinə gedərək onunla görüşdüm. Elçinin səhhətində olan problemlər məni çox narahat etdiyindən onun müalicəsini həyata keçirməyi özümə mənəvi borc bildim. Hər daim Elçinin və Qəbələ şəhərindəki digər qazilərimizin yanında olan Qəbələ rayon İcra Hakimiyyəti başçısı Səbuhi müəllimin və onun müavini Arif müəllimin qazimizə olan doğma münasibəti və qayğısı məni çox sevindirdi. Dövlətimiz hər zaman olduğu kimi daim hər bir qazimizin və şəhid ailəsinin yanındadır. Cənab Prezidentin bu sahədə verdiyi tapşırıqlar ən yüksək səviyyədə icra olunur”.

Bu sözləri iş adamı Ruhi Əliyeva özünün sosial şəbəkə hesablarında yazıb:

“Elçinə Qəbələ şəhərinin mərkəzində 3 otaqlı mənzilin verilməsi, həmçinin ailəsinə maddi yardımların edilməsi də məni çox sevindirdi. Mən də bir Azərbaycan vətəndaşı kimi üzərimə düşən vəzifəni sonadək yerinə yetirəcəm. Mənim üzərimə düşən vəzifə isə Elçinin tez bir zamanda sağlamlığına qovuşmasına yardım etməkdir. Lakin bir faktı da nəzərinizə çatdırıram ki, Elçinin hərbi qulluqçu olmasını nəzərə alınaraq, onun müalicəsi özünəməxsus şəkildə aparılmalıdır. Onun ətraflı müayinəsi və müalicəsi əvvəlcə Silahlı Qüvvələrin Baş Hərbi Klinik Hospitalında aparılacaq. Elçinin müalicəsinə dəstək olmaq üçün Qəbələ rayon İcra Hakimiyyəti rəhbərliyi və Elçinin ailə üzvləri tərəfindən mənə zəruri şərait yaradılmağından çox məmnunam. Onun müalicəsi zamanı hərbi həkimlərlə bərabər, mülki xəstəxanalardan da ən yaxşı həkimlərin müalicə prosesinə cəlb edilməsi təmin ediləcək. Hərbi Hospitalda müalicə kursu tam başa çatdıqdan sonra isə Elçinin ölkə daxilində ən yaxşı özəl xəstəxanalarda və xaricdə müalicəsi həyata keçiriləcək. Sağlamlığını bizlər üçün düşünmədən fəda edən Qazimiz Elçin Səmədov tam sağlamlığına qovuşanadək əlimdən gələni əsirgəməyəcəm. Allah Elçini xoşbəxt etsin!”

Qeyd edək ki, Ruhi xanım bir neçə gün bundan əvvəl Qarabağ qazisi Elçin Səmədovun bütün müalicə xərclərini öz üzərinə götürməklə bağlı sosial şəbəkə hesablarında açıqlama vermişdi:

“Bu gün onun çox məsum, həm də olduqca qürurlu və fəxrli çöhrəsini gördüm. Dəfələrlə onun görüntülərinə baxıb: “Bu igid balamız üçün nə edə bilərəm?” deyə düşündüm. Onun ürəyinə yaxın məsafədə qəlpə olduğunu, nitqində, görməsi və eşitməsində problemlər yarandığını öyrəndim. Sonra da çətinliklə ifadə etdiyi cümlələri dəfələlərlə göz yaşlarına boğularaq dinlədim. Məni məndən alan bu mənzərəni izləyib dərhal gözəl çöhrəli, böyük ürəkli, Vətən sevdalısı Qəbələdən olan 20 yaşlı qazimiz Elçin Səmədovun anası Vüsalə xanımla əlaqə yaratdım. Elçinin tez bir zamanda sağlamlığına qovuşması üçün lazım olan bütün addımları atmaq arzusunda olduğumu qəhrəman balamızın anasına çatdırdım. Dərhal sabah arxalarınca Qəbələyə maşın göndərəcəyimi və Elçin balamızın anası ilə birgə Bakıya gətirmək istəyində olduğumu Vüsalə xanıma dedim. Vüsalə xanım, bazar ertəsi gününə qədər gözləməyin vacibliyini bildirərək, Elçinin Papanində yerləşən Hərbi Hospitala gətirilərək yoxlanılacağını və yalnız bundan sonra mənə hansı addımı atacağım barədə məlumat verəcəyini bildirdi. Elçinin sağlamlığına qovuşması üçün mən, Ruhi Əliyeva əlimdən gələni etməyə hazıram və bu arzumu artıq Elçinin anası Vüsalə xanıma bildirmişəm. Elçinin əməliyyatı və müalicəsi ilə bağlı şərəfli missiyanı mən öz üzərimə almaqdan qürur duyuram!”

Rövşən Tahir