adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 May 2019 15:54
91073
MÜSAHİBƏ
A- A+

Eldar Mansurov: "Bədii şuraya dəvət etdilər, istəmədim" - MÜSAHİBƏ

Uzun müddətdir heç bir mətbuat orqanına, televiziyaya müsahibə vermir. Təbii ki, belə bir qərar verməsi də səbəbsiz deyil. Səbəbləri barədə isə özü danışacaq. Beləliklə, "Ədalət" qəzetinin suallarını xalq artisti, məşhur bəstəkar Eldar Mansurov cavablandırır.


- Eldar müəllim, istərdim öncə yaradıcılığınız barədə danışaq. Düzdür, bəstəkar üçün efirdə olmaq göstərici deyil, amma maraqlıdır ki, son vaxtlar efirlərdə də demək olar ki, yoxsunuz...

- Maraqlı verilişlər olsa gedərəm. Getməməyimin səbəbi də maraqlı verilişlərin az olmasıdır.

- Dəvət ediləndə digər qonaqların kim olacağını soruşursunuzmu?

- Mütləq soruşuram ki, nə verilişdi, mənə aidiyyatı varmı, yoxmu? Efirdə görünmək xatirinə efirə çıxmağı xoşlamıram.

- Əslində, sənətkarlar adına müsbət bir tendensiyanın əsasını qoymusunuz. Amma bəzən çox yaxşı ifaçıyla, sənətkarla sənətə aidiyyatı olmayan adamı eyni verilişə çağırırlar. Bu halda sənətkar nə etməlidir?

- Efirə getməməlidir.

- Hazırda kimlərlə işləyirsiniz?

- Gənclərlə işləyirəm, onlar da yazdıqlarımı yavaş-yavaş efirə çıxarırlar. Amma bir məsələdən narazılığım var. Azərbaycan efirlərdində həmişə olduğu kimi, nə bəstəkarın, nə şairin adı çəkilmir. Mahnını səsləndirirlər, vəssalam. Camaat da bilmir ki, bunu kim yazıb. Bəstəkarlar, şairlər üçün qlobal problem budur.

- Bəzən mahnının ilk ifaçısı olan sənətçilər digər müğənnilərə "bu mənim mahnımdır" deyərək qadağa qoyurlar. Sizcə, müğənni mahnıya qadağa qoya bilərmi?

- Mənimlə bağlı belə şeylər baş verməyib. Mahnılarımı Azərbaycanın ən məşhur ifaçıları oxuyublar. O mahnıları yeni aranjimanda bu gün də gənc ifaçılara verirəm, oxuyurlar. Çünki mahnı oxunmalıdır ki, yaşasın. Məsələn, Rauf Hacıyevin, Tofiq Quliyevin əfsanəvi mahnıları var. Bunlar bu gün kim oxumur ki? Hamı oxuyur. Kim deyə bilər ki, "Sevgilim"i birinci mən oxumuşam, heç kim oxumasın? Bu, düzgün deyil. Yaxşı mahnılar oxunmalıdır.

- Bir ara mahnılarınızı da oğurlayırdılar...

- Belə şeylərə öyrəşmişəm, çox oğurlayıblar.

- Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində estrada səhnəmizdə Aygün Kazımova, Faiq Fağayev, Zülfiyyə Xanbabayeva, 2000-ci ilin əvvəllərində Samira, İradə İbrahmova kimi ifaçılar parlamağa başladı. Amma son on ildə sanki yeni ifaçılar, yeni hitlər meydana gəlmir. Sizcə, bunun səbəbi nədir?

- Hər kəs öz işi ilə məşğul olmalıdır. Bəstəkarın işi təkcə mahnı yazmaq deyil, həm də öz musiqisi ilə müğənnilər yetişdirməlidir. Yerindən duran mahnı yazır, əksəriyyəti də oğurluq. Həmin özlərinə bəstəkar deyənlər nə çala bilirlər, nə oxuya bilirlər. Bir barmaqla pianinoda çalmaqla bəstəkarlıq olmur, ay oğul. Belələri meydana doluşdular, qıtlıq yarandı. Kimsə musiqi məktəbində oxuyub, deyir ki, bəstəkaram. Əgər musiqi məktəbində oxumaqla bəstəkar olmaq mümkün olsaydı, gərək bütün Azərbaycan bəstəkarlıqla məşğul olaydı. Müğənnilərin də evini yıxdılar belə adamlar.

- Televiziyalarda yaranan bədii şuraların vəziyyəti düzəldəcəyinə ümidiniz varmı?

- Məni də bədii şuralardan birinə salmışdılar, imtina etdim.

- Hansı telekanalın bədii şurasına?

- İlk yaranan bədii şura harda olubsa ora dəvət etmişdilər. Ümumiyyətlə, belə şeylərin əleyhinəyəm. Sənətçilərə efir qadağası qoyulmamalıdır. Mən olsaydım, hamısını efirə buraxardım, camaat özü yaxşıyla pisi seçərdi.

- Tamaşaçı bəzən doğru seçim etməyə də bilər axı...

- Amma sən onlara qadağa qoymaqla həm də bu adamları reklam etmiş olursan.

- Sizcə peşəkar rəyinə ehtiyac yoxdurmu?

- Sizə kim dedi ki, peşəkarların ambissiyası olmur? Peşəkarlar da ambissiyalıdırlar. Hər kəs özününkünü irəli çəkəcək. Ona görə də belə şeylərdən uzağam, mənlik deyil.

- Son olaraq soruşum ki, sizcə bədii şura vəziyyəti düzəltməyə yetəcəkmi?

- Onu zaman göstərəcək.


İntiqam VALEHOĞLU