adalet.az header logo
  • Bakı -°C
03 Aprel 2026 12:42
108
ƏDƏBİYYAT
A- A+

Üç aprel, üç “yaxşı ki...” - Pərvanə Bayramqızı yazır

Yaxşı adam özü özünü yaxşı sayan deyil,  başqalarının yaxşı saydığıdır. Təşəbbüskarlar bu günü — aprelin üçünü onlar üçün təsis ediblər.

Yaxşı insanların çox olduğuna həmişə inanmışam. Görüşməyimiz uzun çəksə də bilmişəm ki, qarşılaşacağıq. Hamı paxıl, xain, namərd deyil ki. Adamın müsbət keyfiyyətlərini dəyərləndirən o qədər yaxşılar var ki...

Hərdən yaxşı hadisələr baş verir. Hərdən adam səbrinin xeyrini görür, hərdən adam uşaq kimi sevinir. Hərdən çəkdiyin iztirabları unutduranlar olur. Hərdən itirdiyimiz günlərin əvəzini ödəyə biləcək uğur qazanırıq.

Hərdən Allah qıymır adama. Beş nəfər pisin əməlindən kədərləndirdiyi üçün qarşımıza iki nəfər də yaxşı çıxarır.
Təki yaxşı şeylər olsun, hərdən də olsa olar.

Demək istədiyiniz xoş sözü vaxtında deyin, xəsislik etməyin. Qoyun yaxşıların könlü şad olsun, sevinib sizi daha da sevsinlər. Bir də gördünüz öldü... ondan sonra adına dastan bağlamağın xeyri yoxdur. Sağlığında yaşatmadığınız gözəl məqamları ölüsü üçün etmək peşmanlıq əlamətindən başqa bir şey deyil.

Xoş sözü yaltaqlanmaq üçün işlətmirəm. Ümumiyyətlə, yaltaqlanmağın "fəlsəfəsi" mənə aydın deyil. Xoş söz demək məndə ənənəvi qaydada deyil, yəni sevgiyə layiq adamdırsa, layiq olduğu (necə də "haketdiyi" sözünün yeridir) gözəl sözlər varsa, adamın dünyasını dəyişməyini gözləmirəm. Sağlığında dönə-dönə təşəkkür edir, diqqət ayırır, haqqında məmnuniyyətlə yazıram. İstəyirəm, yaxşı yarandığı üçün peşmanlıq duymasın, sevinsin ki, varlığına sevinənlər var.

Özünü özgənin yerində təsəvvür etmək gözəl xüsusiyyətdir. Hiss edirsən ki, bu rəftarı sənə qarşı etsəydilər, dözməzdin. Özünün deyingənliyini dinlədib, başqasının gileylənməyindən yorulduğunu anlayırsan. Onda adam obyektiv qərar qəbul edə bilir. Hərdən özünüzə özgənin gözü ilə baxın özgəyə də özünüz kimi...

Bu anlarda tanıdığım yaxşı adamları xatırlayıram. Hələ nə qədər tanımadığım yaxşılar var. Qəlbimdəki gözəl hissləri hamısına yetirirəm. Xeyirxah əməlindən, saf mənəviyyatından məmnun, əmin olan kəslər, hər biriniz mənə əzizsiniz. Sizi çox istəyirəm. Yaxşı ki, varsınız. Səhərləriniz xoş xəbərlə açılsın, gecələriniz xeyirə qalsın.

Məncə, mətnin sonu dünyanın (ədəbiyyatın) üç “yaxşı ki”si ilə bitsə, yerinə düşər:
Yaxşı ki, dünyada yaxşılar varmış.
Məmməd Aslan

Yaxşı ki, həsrətin tüstüsü yoxdur, 
Göz-gözü görməzdi yer kürəsində. 
 Hüseyn Arif

Nə yaxşı dunyada yaxşı var imiş..
Yoxsa tərk olardıq yaman əlindən...
Rasim Kərimli