adalet.az header logo
  • Bakı -°C
01 Aprel 2026 13:26
119
ƏDƏBİYYAT
A- A+

Ağdam sevgisindən dünyaya boylanan yazar

Aqil Abbasın doğum gününə

Bu gün yazıçı, jurnalist, Milli Məclisin 5 dəfə dalbadal deputatı seçilən, yurdumun da say-seçmə ziyalılarından olan Aqil Abbasın doğum günüdür, 73 yaşına tamam deyir. 1 apreldə doğulmağı xarakterinə də təsirsiz ötüşməyib Aqil müəllimin.  Ən çətin məqamlarında, gərgin, əsəbi anlarında belə çöhrəsindən təbəssümü əskik olmayıb. Bu xüsusiyyəti qəhrəmanlarına da ötürə bilib. Sözsüz ki, hər obrazı yazıçının xarakterindən nəsə qoparır, özünə qatır. Aqil Abbasın da obrazlarına ötürdüyü içdən gələn təbii, səmimi yumor hissidir, yerinə düşən zarafatlarıdır. Roman və povestlərini, bədii-publisistik məqalələrini, sosial şəbəkələrdəki paylaşımlarını, Milli Məclisdəki, efirdəki çıxışlarını gözdən keçirmək kifayət edir Aqil müəllimi yaradıcı insan kimi  tanımağımıza. Fikrimcə, elə insanlar var ki,  onları tanımaq üçün aylar, illər lazım olmur, elə bir sözü, bir jesti, bir təbəssümü iç dünyasının aynasına çevrilir, tanıtımı olur, müsahibinə doğmalaşdırır. 

...Əslində 1 apreldə doğulsa, şux, zarafatcıl insan kimi tanınsa da,  Aqil Abbasın təbəssümündə  xəfif bir kədər gizlənib, mübhəm bir ağrı boylanır. Gözlərinin içindəki bu gizli  kədəri Aqil müəllim gülüşlərinin içində hələki əridə bilməyib. Ya istəməyib, ya da  ümumiyyətlə bacarmayıb...

 Aqil Abbasın bir yazar, bir millət vəkili, ziyalı-ən əsası-İNSAN kimi ən üstün cəhəti səmimiliyindədir. Ömrün 70-ni keçəndən sonra bu səmimiliyinə bir kövrəklik notları da qarışıb. Aqilliklə kövrəkliyin yaradığı qoşalıq əsərlərinə də  hopub, xatirələrinə də  çöküb, təzad yox, ilıq bir doğmalıq yaradıb. Aqil müəllimin 70 yaşından sonra qələmə aldığı “Çayın qırağında bitib susuz qalan ağacların sağlığına”, “Bazar, Ağdam bazarı”, “Rəmiş” povestlərini oxumusunuzmu? Bu əsərlərdəki səmimiyyət bədiiyyəti çox-çox üstələyir. Bədii parametrləri, janr, məzmun xüsusiyyətləri düppədüz  olan nə qədər əsər tanıyıram ki, oxuyanda qəlbində bir tel belə tərpənmir. Amma Aqil müəllim bir başqa cür yazır. Dil, üslub normalarını tabu saymadan, qəlbi necə hökm edirsə, tənqidçilərin danlağını eyninə almadan, düşünmədən, ürəyinin hökm etdiyi kimi yazır, milli yaddaşa söykənərək, Seyid Məhəmmədhüseyn Şəhriyar kimi qəlbini göynədən xatirələri içindən tökərək, içini yüngülləşdirərək yazır. Həm də tələsik yazır, uca tanrının ona verdiyi ömür payının ölçüsünü bilmədiyinə görə zamandan bac alaraq hər yeni günündə, yeni yazısında  içini göynədən xatirələrini yazılarında söz kəməndi edərək gələcək nəsillərə ötürür. Ona  görə tələsir ki: “Və gün gələcək Ağdam bazarı əvvəlkindən də böyük olacaq.  Bu dəfə hardansa atom bombası tapıb gətirsələr də, amma Xanəhmədisi, Möhü kişisi, Qarağacıtorq Əhmədisi, Temir əmisi, Seyid Lazım ağası  olmayacaq”. 
Nədənsə yazıçı Aqil  Abbasın son illərdəki bədii, publisistik yaradıcılığı daha doğma gəlir mənə. Bu əsərlərdə zamanımızın bədii təsvirini real əks etdirə bildiyinə, Ağdamı bədii obraz səviyyəsinə qaldıra bildiyinə görə həvəslə oxuyuram son əsərlərini. Aqil Abbasın Qarabağ, Ağdam mövzusunda qələmə aldığı “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına...” povesti yazıçının son illərdə yazdığı ən maraqlı, ədəbiyyatımızda mübahisə-müzakirə doğuran əsərlərdən biri adlandırmaq olar. Yazıçının  Abdal-Gülablı Şakiri əsərinin baş qəhrəmanına çevirməsi, adi bir qarmonçunu bədii obraz səviyyəsinə qaldırması heç də təsadüfi deyil. Ona görə ki, Şakir kişi adamdır, ən ağrılı anında belə şərəf və ləyaqətini itirmir, kəsdiyi duz-çörəyə qiymət qoyur, erməni olsa belə, vaxtı ilə dost dediyi insana xəyanəti binamusluq sayır. Amma bu dost xəyanət yolunu seçibsə, Şakirin intiqamı da ağır olur-bu dostluğun çəkisi qədərində: “Təpənin yaxınlığındakı Hüseyn bulağında düşüb əl-üzlərini yudular, sonra da Şakir bakdan bir vedrə benzin çəkdi, tökdü maşının üstünə, içinə. Arvad-uşağa dedi bir kənarda durun, cibindən kibrit çıxarıb yandırdı və atdı maşının üstünə”.

Erməni Surenin maşınını yandırmaq Şakir üçün  onu illərdir  narahat edən iydən qurtulmaq, ruhən rahatlamamqdır.  Amma onu ruhu o vaxt tam rahatlıq tapa bilər ki, bu iy təkcə maşından yox, külli-Qarabağdan çəkilsin: “Qarabağdan hələ erməni iyi gəlirdi. Bu iyi Qarabağdan yuyacaq oğlanlar hələ orta məktəbdə qız üstə dalaşırdılar, çoxu hələ doğulmamışdı, analarının qarnındakı müqəddəs zülmətdə mışıl-mışıl uyuyurdular. Bəziləri isə hələ təzəcə doğulmuşdular, analarının döşlərindən Vətən əmirdilər. Gün gələcəkdi məktəbdə qız üstə dalaşan oğlanlar heç üstündə dalaşdıqları qızları öpməmiş əsgər paltarı geyəcəkdilər, analarının müqəddəs bətnində mışıl-mışıl yatan balalar doğulacaqdı, özlərindən əvvəl doğulanlar kimi, analarının döşündən Vətən əməcəkdilər, sonra da böyüyüb kişi olacaqdılar və gedəcəkdilər Qarabağdan erməni iyini təmizləməyə”.

Millətini güclü, milli yaddaşa söykənəli, kökünə bağlı görmək bir  millət vəkili kimi Aqil Abbasın ən böyük arzusu olub. Yazıçı bu arzusunu povestində qəhrəmanının dili ilə “sağlıqlaşdırır”: “Su qırağında bitib susuz qalan ağaclar! Dəniz qırağında bitib o dənizin balıqlarına həsrət qalan ağaclar. Nöyütün ortasında bitib nöyütsüz qalan ağaclar. Bir milyon ton pambıq verib kəfənsiz qalan ağaclar. Dünyaya elm bəxş edib özü bu elmdən kənar qalan ağaclar... Sayım, bəsinizdir? Çay kənarında bitib susuz qalan bu millətdir də”.

Yazıçı Aqil Abbas Ağdam mövzusunda yazdığı son povestini illərin dostuna-gitaraçı Rəmişə həsr edib. Bu əsərdə müəllif  hamının kefcil kimi tandığı Rəmişi tam ayrı rakursdan təqdim edir: “Mən o daşların üstündə qan görürəm. Gözümü yumuram, divarların arxasında saçlarını yolan anaları görürəm, gəlinləri görürəm. O daşlar hamısı  ağlayır, özü də qan ağlayır. Bir dəfə televizorda Mikayıl Mirzə sənin qayınatanın şeirini oxuyurdu. Bax, şair odu ey, mənim gördüyümü görüb, ona görə o şeiri yazıb. Bir-iki söz yadımdadı. Gərək ki, deyir, igidlərin yaşaması daş olmaqla mümkün idi. Daşları danışdırır, özü də qəşəng danışdırır. Mən də danışdıra bilirəm”.

Bir gözəl yaz günündə dünyaya göz açan və bu gün 73-cü baharını yola salıb 74-ü salamlayan yazıçı Aqil Abbasın Ağdam sevgisi böyükdür, həyat eşqi qədərdir, Vətən anlamındadır: "Dünyada Ağdamnan böyüh şəhər yoxdu. Heş dünyada Ağdamnan gözəl şəhər də yoxdu". Gözəl şəhərinin-Ağdamın tam azad olmağı, orda azad gəzib dolanmağın tanrının sizə ən böyük lütfüdür, Aqil Abbas. Bundan ki,  böyük hədiyyə olmaz!

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru, dosent.