adalet.az header logo
  • Bakı -°C
01 Aprel 2026 15:24
91
ƏDƏBİYYAT
A- A+

Gülməli deyil! - Tərlanə Yaqubqızı yazır

Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa bu barədə yazacağam. Ən azından müəllim adının ucalığına görə, müəllimlərə hörmət və məhəbbətimə görə.

Amma bəzən elə məqam gəlir ki, yazmaya bilmirsən. Düşünməyin ki, arxadan atılan daş topuğa dəyər. Sadəcə, bugünkü oxucumuz — Yesenini (yazıq Yesenin!) qadın zənn edən filologiya fakültəsinin tələbəsi — mənə hardasa XXI əsrin əvvəllərində baş vermiş bir əhvalatı xatırlatdı.

Sinif rəhbəri ibtidai sinifdə oxuyan kiçik oğluma Xocalı faciəsi ilə bağlı şeir əzbərləməyi tapşırmışdı. O vaxt hələ internet indiki kimi hər evdə yox idi. Hava çox şaxtalı olduğundan oğlumu kitabxanaya göndərmək fikrindən daşınıb özüm bu mövzuda dörd bəndlik bir şeir yazdım. Ertəsi gün oğlumu dinləyən müəllim şeiri çox bəyənmiş və müəllifin kimliyi ilə maraqlanmışdı. Oğlum da fərəh hissi ilə şeiri mənim yazdığımı demişdi.

Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Günü gəlirdi. Müəllimin növbəti tapşırığı bu mövzuda idi. Oğluma ölməz Cəfər Cabbarlının hələ uşaq yaşlarından sevə-sevə oxuduğum məşhur "Ana" şeirini əzbərləməyi tövsiyə etdim.

Ertəsi gün oğlum həmin şeiri əzbər söyləyəndən sonra müəllim soruşub: — Gözəl şeirdir. Yaqub, anan yazıb?

Təsəvvür edirsiniz, oğlum bunları gəlib mənə danışanda bilmədim gülüm, yoxsa ağlayım.

Onsuz da o müəllimin əlindən zara gəlmişdim. Şagirdlərə neft sözünü "nefit", kənd sözünü "kənt", Kərəm bulağını "Kərəm bulağı", kosmonavt sözünü "kasmanavat" kimi yazdıran bir adamdan nə desən gözləmək olardı. Amma ölməz Cəfər Cabbarlının "Ana" şeirini bilməmək mənim nəzərimdə özünü müəllim hesab edən bir şəxs üçün ən böyük qəbahət idi.

Məndən yaşca xeyli böyük olan bu müəllimin (çox şükür ki, indi təqaüdə çıxmış olar) bu qədər səhvə yol verməsi çox yolverilməz idi. Sonradan öyrəndim ki, bu qadının heç ali pedaqoji təhsili də yox imiş.

Qonşuluğumuzda Əvəz adlı bir uşaq vardı. Oğlum Yaqubla eyni sinifdə oxuyurdu. Dəcəllikdə tayı-bərabəri yox idi. Günlərin birində sinifdənxaric qiraət üçün verilən tapşırığı yerinə yetirəndə özündən böyük qardaşının dərsliyindən Məhəmmədhüseyn Şəhriyarın "Ayrılıq" şeirini oxuyub əzbərləyib. Dünyadan xəbərsiz müəllim, adəti üzrə, şeirin müəllifi ilə maraqlananda gözünə döndüyüm qoçağım yalandan "Anam yazıb" deyə cavab verib və o da bu boyda yalana inanıb.

Əvəz evə qayıdanda gülə-gülə müəllimi aldatdığını danışıb. Ana oğlunu bu hərəkətinə görə danlayıb və mənə şikayət edib ki, müəllimin yanında biabır oldum. Mən ona təskinlik verib dedim ki, müəllim adı daşıyan bu məxluq həqiqətən ədəbiyyatdan xəbərsizdir və şagirdinin onu aldatdığını başa düşməyib.

İllər sonra fikirləşirəm ki, belə müəllimlərin şagirdlərinin aqibəti necə ola bilər? Bəlkə elə bu gün Yesenini tanımayan tələbə qız da elə belə müəllimlərdən dərs alıb?

Suallar çoxdur. Amma bəzən efirdə müğənnilər ən primitiv suallara cavab verə bilməyəndə yadıma etika xatirinə bu yazıda adını çəkmədiyim həmin müəllim düşür.

Universitetdə bir müəllimimiz vardı. Dönə-dönə deyirdi ki, yaxşı oxuyun, sabah ailə qurandan sonra müxtəlif səbəblərdən işləyə bilməsəniz, heç olmasa öz övladlarınıza evdə kömək edə, dərslərinə hazırlaşdıra bilərsiniz. Allah o müəllimimizə qəni-qəni rəhmət eləsin.
Məktəbdən sonra məktəbə, yəni repetitor yanına gedən şagirdləri görəndə yadıma o gözəl müəllimimizin sözləri düşür. Amma bu da bir faktdır ki, hər uşağın repetitor yanına getmək imkanı da yoxdur. Yenə də güc özümüzə düşür. Amma təhsili olmayan bir ana öz övladına necə kömək edə bilər?

Dahi Cəfəri tanımayan həmin o qadının orta məktəbdə müəllim kimi işləməsi məsələsinə gəldikdə isə fikirləşirəm ki, bəlkə o vaxtlar da indiki kimi attestasiya keçirilsəydi, məktəbdə təhsil alan övladlarımız üçün o qədər də narahat olmazdıq.

Yazımı elə bu fikirlə yekunlaşdırmaq istəyirdim ki, yadıma başqa bir müəllimin heç də xoş olmayan bir əməli düşdü. Gözəl şairimiz Səməd Vurğunla bağlı tədbir nəzərdə tutulmuşdu. Ssenari müəllifi kimi təşkilatçı müəllimin yanına getmişdim. Düz dörd saat onunla sinif otağında ssenarini müzakirə etdik. Aparıcıları, şairin "Vaqif" pyesindən bir parçanı oynayacaq şagirdləri müəyyənləşdirdik. Bu müddətdə müəllim uşaqları sərbəst buraxıb ancaq mənimlə söhbət etdi və arada onları sinifdə sakitliyə riayət etməyə çağırdı.

Nəhayət, uşaqlar tənəffüsə çıxdılar. Beşinci dərs başlayanda sinif otağına çəlimsiz bir oğlan daxil oldu. Müəllim mənə üzrxahlıq edib həmin şagirdlə məşğul olacağını bildirdi. Məsələ gün kimi aydın idi. Müəllim üçün maaş müqabilində dərs deməli olduğu şagirdlərdən çox, repetitor kimi dərs keçdiyi həmin o çəlimsiz oğlan daha maraqlı idi.

Bayaq sinifdə hay-küy salan uşaqlara elə yazığım gəldi ki...

Yadıma düşdü ki, Cəfər Cabbarlını, Şəhriyarı tanımayan müəllimin şagirdlərinə də o vaxt belə yazığım gəlmişdi.
İndi də süni intellektin köməyi ilə elmi iş yazmağa meyl edənlər peyda olub. Böyük bir ədəbiyyat siyahısı ilə kitabxanaya üz tuturlar. Məlum olur ki, hər hansı müəllifin belə adda əsəri yerli-dibli olmayıb, amma oxucu israr edir. Aydın olur ki, süni intellektin diktəsi ilə özlərini çoxbilmiş kimi göstərən, amma çox təəssüf ki, əslində acı gülüş hədəfinə çevrilən yeni bir nəsil yetişməkdədir.
Süni saç, süni qaş, süni kirpik, süni diş, süni qida... onsuz da həyatımıza, məişətimizə çağırılmamış qonaq kimi elə daxil olublar ki! Heç olmasa intellektimiz süni olmasın!

Bizə cəmi bir dəfə verilmiş həyatı öz başımızla, öz qəlbimizlə, öz şüurumuzla yaşayaq. Süni intellektin bizi köləyə çevirməsinə imkan verməyək. Təbii olan hər şey gözəldir. Şükür ki, özümüzün görən gözlərimiz, düşünən beynimiz var. Uşaq bağçasından tutmuş akademiyasına qədər ölkənin hər yerində ağıl və vicdanla iş görülsə, Vətənimizdə hər şey gözəl olar!

Gözəllik olan yerdə isə ürək də açılır, insanın əhval-ruhiyyəsi də xoş olur. Amma insan neqativ hallarla rastlaşanda gülə bilmir, ən gülməli hadisəni belə kədərlə qarşılayır. Üstündən neçə il keçsə də, ölməz Cəfər Cabbarlını tanımayan o "müəllim"in ibtidai sinif şagirdlərini güldürən hərəkətinə heç cür gülə bilmirəm.