adalet.az header logo
  • Bakı -°C
02 Aprel 2026 10:23
154
ƏDƏBİYYAT
A- A+

AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır

Kişiliyin əsas atributlarından biri dostluq etməyi, etibarlı, sadiq, təmənnasız, səmimi və fədakar dost olmağı və bu dostluğu uzun illər qoruyub saxlamağı bacarmaqdır. Amma bunun başqa bir tərəfi də var: gərək dost olduğun kəsdən qarşılıq görəsən. Hansısa müstəvidə gözlənilən qarşılıq olmayanda, dostluğa namizədlərdən biri səmimi, obiri təkəbbürlü olanda, ya da, lap pis, özünə dost sandığın kəs, Allah göstərməsin, naxələf çıxanda, o yaxınlığın nə faydalı nəsə bir mənası, nə səmərəsi, nə də zamanca uzunluğu olar.

Aqil Abbasın, başqa humanist xüsusiyyətləri ilə yanaşı, dostluğu bacarması da var. Əfsanəvi gitarçı Rəmiş kimi mürəkkəb, romantik, çılğın, dəlisov bir kəslə uzun illər dostluğu qoruya bilməsi – zəka böyüklüyü şübhə doğurmayan Aqil Abbasın həm də ürək, qəlb böyüklüyünə malik olmasının nümayişidir. Aqil Abbas Rəmişin ərköyünlüyünü, şıltaqlığını, qeyri-adiliyini onun “dahiliyinin ƏDV-si” kimi qəbul edir.
 
Bir vacib məqam da odur ki, dostluğa əsl sadiqlik dostun dünyasını dəyişəndən sonra da davam etməlidir – onun irsinə, ailəsinə, xatirəsinə sadiqliklə. Aqil Abbasın “Rəmiş” povesti belə bir sadiqliyə ucaldılmış abidədir.

Aqil Abbasın Rəmişi dünyəvi olmaqla yanaşı, həm də mistikdir. O, əsərdə ruha çevrilib, gah Paqanini`nin, gah Cimi Hendriks`in ruhları ilə qovuşur. Aqil Abbasın Rəmişi azad ruhun təcəssümüdür: onu nə ideoloji qəliblər, nə də ictimai kanonlar çökdürə bilərdi – onu yalnız özü çökdürə bilərdi, başqa heç kim.

Əsərdə ardıcıl tərzdə Rəmişin Aqil Abbasını da görürük. Müəllif daim qəhrəmanının yanındadır, həm onu qoruyur, sanki ölümə gedən yolu uzatmağa çalışır, həm də onun istedadına uca səslə oda oxuyur...

Bu gün dostum, “Qağa” deyə müraciət etdiyim, yazıçı, qəzetçi və ictimai xadim Aqil Abbasın doğum günüdür. Diləyirəm, dünyaca var olsun, çox olsun, xoş olsun, gec getsin, kef etsin.

Dostluqdan əskik olma, Qağa.

2026, 1 aprel