Bir dostum məni şəhərdə çay içməyə dəvət etmişdi. Mən də bir az
xəstələnmişəm deyə, bir az da tənbəllikdən dostumdan xahiş elədim ki, gəlsin biz
tərəfə. Bayılın "20-ci sahə” adlanan yerinə. Sağ olsun,
gəldi.
Biz tərəfdə "Veteran" adlandırılan kafe var, dostlarımla
həmişə orda otururuq. Burada daha çox veteranlar, yaşlılar, pensionerlər oturur
deyə hamı oranı bu cür adlandırır.
Veteran kafesini işlədən Zakir dayı məni 1-2 dəfə televizorda görüb
deyə burada xüsusi hörmətim var. Məsələn, hamıya 15 dəqiqədən bir təzə çay
gətirirlər, mən isə özüm deməsəm gətirmirlər,
yəni, pulumuz olmayanda dostlarımla bu kafedə 1 manata çay alıb saatlarla otura
bilirik.
Nəysə. Dəvət etdiyim dostum təşrif etdi bizim "Veteran” kafemizə. Hava gözəl
olduğundan elə kafenin
həyətində oturduq. Zakir dayı gördü ki, yeni qonağım var, ofisiant göndərmədi,
özü yaxınlaşdı. Məni və dostumu salamladı, bir az
hal-əhval tutduqdan sonra
nə istədiyinizi soruşdu:
-
Yaxşı bir çay dəmləyib yanında da nələrsə
verin də, Zakir
dayı.
Birazdan
bir çaynik,
iki armudu stəkan (nəlbəkisiz) və bir nəlbəkidə 4 büzüşmüş limon dilimi
süfrəmizə gəldi.
Adamın
üstə Allah var, Veteranda limon verildiyini birinci dəfə görürdüm deyə
bu xüsusi xidmətdən bir
xeyli məmnun olmuşdum. Zakir dayı da məmnun olduğumu hiss
edib təbəssümlə mənə baxdı.
Baxışlarımla təşəkkür etdiyimi bildirdim.
Dostum
"Şokolad ya mürəbbəəəə..." demək istəyəndə
sussun deyə ayağımla
ayağına bərk vurdum, susdu. Zakir dayı eşitmədi.
Zakir
dayı gedəndən sonra dostuma dedim ki, burada şokolad istəmə, snikersin
"kitayski" versiyasını gətirirlər. Getdim tez yaxınlıqdakı marketdən 2-3
şirin şey aldım.
Elə
yerimə keçib dinməzcə oturmaq istəyəndə Zakir dayıyla göz-gözə gəldik. Birinci
mənə, sonra əlimdəki gizlətməyə
çalışdığım torbaya baxdı.
Bu məqam fonda hüznlü bir türk musiqisinin səsləndiyini hiss etdim.Utandım.
Nəsə deməyə cəhd etdiyimdə isə Zakir dayı artıq üzünü döndərib getmişdi. Dilxor
şəkildə yerimə keçdim.
Birazdan hava sərinləməyə başladı.
Dostum Zakir dayını səslədi. Zakir dayı masamıza yaxınlaşanda mənə tərəf
baxmağı lazım belə bilmir, hətta mən yoxmuşam kimi davranırdı:
- Zəhmət olmasa üstümə atmağa nəsə
verə bilərsiniz? – Veteran kafesini şəhərdəki elit məkanlarla səhv salan dostum
dedi.
Zakir dayı əynindəki hərbi xidmətdən
qalan əsgər gödəkçəsini çıxarıb dostuma verdi və məndən küsdüyünü bildirən baxışlarla
mənə bir anlıq nəzər salıb uzaqlaşdı.


Bakı -°C
