adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Yenidənqurma, yoxsa tarixi silmək? - Eminquey yazır

EMİNQUEY AKİF
946 | 2022-04-22 11:55

Təxminən 3 il öncə ata-ana yurdum İsmayıllının Basqal qəsəbəsindən bir reportaj yazmışdım. Yazıda həm də bu qəsəbənin problemlərini qələmə almışdım. Az keçmədi ki, hökümətimiz Basqalın əsaslı yenidənqurmasına maddi vəsait ayırdı və qəsəbədə işlərə başlanıldı. Qaz xətti çəkildi, yollara asfalt çəkildi, tarixi abidələr hələ də bərpa olunmaqda davam edir.

Basqal elə-belə yer deyil.

İsmayıllı rayon kimi yox idi Basqal şəhər olanda.

Basqal Elçibəyin o dövrdə qaldığı, qorunduğu yerlərdən biridi.

Bəhram Bağırzadə, Sevda Ələkbərzadə - basqallıdırlar. Qalan adları çəkmirəm.

Bugün kəlağayını Şəki adıyla satırlar, amma kəlağayı basqallıdır.

Bugün pip dolmasını Lahıcın adına bişirirlər, amma pip dolması basqallıdır.

Sadəcə biz basqallılar yerlibaz deyilik, Lahıc da bizimdi, özümüzküdü, İsmayıllıdı.Şəkidə.

Basqal bu ölkə üçün ən əhəmiyyətli yerlərdən biridir.

Hərdən Basqaldakı qohumlarla əlaqə saxlayıram. Bir neçə gün qabaq dedilər ki, kanalizasiya sistemi dəyişdirilir. Bərk dilxor oldum.

Basqalın kürəbənd adlanan qədim kanalizasiya sistemi, tarixi məlumatlara görə, orta əsrlər dövründə, bəlkə də xeyli əvvəl inşa edilib. Yerin altından çəkilən bu sistemin içərisi daş tavalarla döşənib. Qəsəbənin döşəmə daşlı yollarının altında gizlənən qədim kanalizasiya xətləri indiyə qədər qəsəbənin çirkab sularını axıtmaqla yanaşı, yaşayış məntəqəsini sel sularından da qoruyub.

Bu qədim yeraltı suaxar şəbəkə XII əsrdə elə qurulub ki, çirkab sular hər tərəfi sal daşlarla səliqə ilə hörülən və öz axarı ilə üzüaşağı yönəldilən sistemlə asanlıqla axıb gedir. Bu qədim kanalizasiya və sel sularından mühafizə sistemi hələ də elə mükəmməl işləyir ki, qəsəbə sakinləri indiyədək bu suların hara axıb getdiyindən xəbərsizdilər.

Qəsəbə sakinlərinin sözlərinə görə, bu cur yeraltı kanalizasiya sistemi qədim Lahıc qəsəbəsində də var, amma Basqal kürəbəndi öz unikallığına və möhkəmliyinə görə Lahıcı geridə qoyur.

Basqalda evlərin hamısı üzü cənuba doğru tikilib. Beş məhəllədən keçən bu kanalizasiya xətləri orta küçədə ana xəttə qoşulur. Həmin dövrdən bəri qəsəbədəki hamamların və fərdi yaşayış evlərinin suyu bu sistemə qoşularaq naməlum istiqamətə axıb. Basqal qəsəbəsində o zamandan fərqli olaraq, indi əhalinin dəfələrlə çox olmasına baxmayaraq, qədim kanalizasiya sistemində heç bir problem meydana çıxmayıb. Bunun yerin altında necə hazırlanması və indiyədək möhkəm qalmasının səbəbi mütəxəssisləri də düşündürür.

Avropada ilk daş döşəmə yollar yalnız XIV əsrdə, kanalizasiya isə XIX əsrin ortalarında meydana gəlib. Amma ölkəmizin qədim şəhər və qəsəbələrində, eləcə də Basqalda bu infrastruktur Avropadan bir neçə əsr əvvəl, yəni XII əsrdə mövcud olub.

Bunları ona görə yazıram ki, Basqalın yeni kanalizasiya sisteminə ehtiyacı yoxdur.  8-9 əsrlik kanalizasiya sisteminin, yəni nəhəng bir tarixin üstünə boru döşəmək doğru deyil.

Səhərsi biz kimə sübut edə biləcəyik ki, buranın kanalizasiya sistemi ta on ikinci əsrdə yaranıb?!

TƏQVİM / ARXİV