adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

YAXŞI SATQIN OL

OQTAY SALAMOV
28900 | 2012-07-21 08:32
Salam, qardaşoğlu! Sənə qəzet vasitəsi ilə məktub yazdığımın səbəbi var- bütün uşaqlar mənim qardaşoğullarım, qardaşqızılarımdır. Onlara da müraciətlə yazıram. Satqınlıq haqda fikirlərimi bölüşürəm...
   
   Qardaşoğlu, bu dünyada, bu məmləkətdə yaşayırıq, ona görə də satqınlıq bizim məişətimizin ayrılmaz hissəsidi. Burnunu qırışdırma, biz səninlə səmimi olmalıyıq.
   
   Deyirsən sinifdə satqınlara pis baxırlar? Kimdİ pis baxan? Hamı? Əzizim, bu oyunun bir hissəsidi. Paradoksal hissəsidi. Satqınların başqa satqınlara "pis" baxması situasiyasına özün necə baxırsan?
   
   Soruşursan ki, "onlar özləri niyə satqındırlar ki"? Dostum, bax: bu uşaqları dünyaya gətirən, oğlanları yedizdirən, içizdirən, paltar alan, tərbiyə edən valideynlər... uşaqlarını məktəbə yola salanda deyirlər ki, "bala, dərslərini oxuma, uşaqlarla dalaş, dərslərə girmə"? Yəqin ki, demirlər. Əksinə, istəyirlər ki, uşaqlar yaxşı oxusunlar, özlərin yaxşı aparsınlar, elədi? Siz də guya ki, razılaşırsınız, amma evdən çıxan kimi hər şey baş-ayaq olur. Yazıq ana ümid edir, amma onun balası hər şeyi tərsinə eləyir. Dərslərini oxumur, müəllimlərə dikbaşlıq eləyir, 2 alır, balacaları döyür... Mən hələ məktəbə gedib çatanları deyirəm, elələri var ki, heç məktəbə də gedib çıxmır, sonra deyir ki, məktəbdəydim.
   
   Başa düşdün? Belə balalar anaların ümidlərinə satqınlıq edirlər. Hələ balacadır, amma indidən satqınlıq eləyir. Özü də kimin, ən doğma, yaxın adamın ümidlərini satır. Özü də nəsə qazanmaq üçün də yox, sadəcə avaralanmaq arzusunu yerinə yetirmək üçün. Anasını belə axmaq arzuya görə satır...
   
   Nə deyirsən? Bu əsl satqınlıq deyil? Bu uşaq nadincliyidi?
   
   Əzizim, qonşunuzun alkaş oğlunu xatırlayırsan? Heç yerdə işləmir, anasının pensiyasını da əlindən alıb arağa verir. Elə bilirsən onun anası oğlunun belə gələcəyini arzulayırdı? Çantasına buterbrod qoyanda, kitablarını qoyanda bunu arzulayırdı? İndi onun adını heç kim xatırlamır, elə Avara çağırırlar. Amma məktəbə gedəndə Afiq deyirdilər. Uşaqların arasında hörməti də vardı. Sinif yoldaşlarından heç kəs onu satqın saymırdı. Amma anasını elə uşaqlığından satmışdı. Anası onu atasız böyütmüşdü, adam eləmək istəyirdi...
   
   Yox-yox, sən düşünmə ki, bizdə hər satqınlıq pis işdir! Nə danışırsan? Bəzən satqınları əsl qəhrəman sayırlar. Hə, düz deyirəm!
   
   Yadındadı, Dartanyan haqda kino göstərirdilər. Yox, ermənidən deyildi, adı Dartanyan idi. "Üç müşketyor" kitabını oxumusan? Afərin, latın əlifbası ilə də çap eləyiblər? Hə, kitabın baş qəhrəmanı vardı ha, qəşəng oğlan idi. O necə yaşayırdı? Mən deyim, yadına düşsün: haradansa gəlib paytaxtda kirayə ev tutmuşdu. Ev haqqı vermirdi, ev sahibinin hesabına yaşayırdı, hətta ev pulunu ödəmək haqda xatırladanda əsəbiləşirdi. Özü də bu "zədagan"ın pulu da olurdu, həm də çox olurdu.
   
   Amma ödəmirdi. Hələ bu da az idi, ev sahibinin arvadına ilişdi, onu özünə vurultdu, axırda dükançını əclaf kimi təqdim etdi. Unutma ki, bu ən müsbət qəhrəman idi ha!..
   
   Buna baxmayaraq patriot idi-deyirsən? Hə, əlbəttə: kraldan maaş alıb, ona sadiqlik andı içən adam düşmən agentinə kralın arvadı ilə məzələnməyə kömək edir, müharibə vaxtı gizlincə sərhəddən o tərəfə gedir ki, düşmən tərəfin ali komandanını ölümdən xilas etsin.
   
   Yadına sala bilmirsən? Sən bir də oxu o kitabı! Gör ki, sənin sevimli qəhrəman təkcə öz adına yox, öz kralını, çox rahatca öz ölkəsini satdı. Amma onu, necə deyirdilər - se le vi?
   
   Deyirsən - amma dostları ilə düşmən atəşi altında nahar edirdi. Hə, bu hər şeyi dəyişirmiş, deməli cəsarətli satqın artıq satqın deyil? Malades, fikri düz tutmusan, əsas odur ki, satqınlığına bəhanə uydura biləsən. Yəni özünə haqq qazandırmağa söz tapasan...
   
   Düşünmə ki, bu haqqazandırma təkcə ədəbiyyat üçün ədalətli, yararlıdır. İnan ki, Aleksandr Düma general oğlu idi, həyatın hər üzünü görmüşdü, çox istedadlı adam idi. O həyatda olanları əks etdirirdi. Həyat da belədi!..
   
   Satqın üçün əsas odur ki, özünə bir səbəb axtarsın. Sən hələ balacasan, böyük olsaydın bilərdin ki, rəşadətli, qəhrəman sovet ordusu bütün heyəti ilə birgə öz dövlətini necə satmışdı.
   
   Nəsə şübhə ilə baxırsan... Buyur, bax, sən ölkənin elitasısan, hərbçisən, ölkənin ümidisən. And içmisən ki, "son nəfəsimə qədər öz Sovet Vətənimə və Sovet Hökumətinə sadiq qalacam, əgər bu andımı pozsam ən ciddi cəzaya, hamının nifrətinə layiqəm".
   
   Budu, 91-ci il gəlir, Sovet İttafaqının qalmasına 90 faizin hə, dediyi referenduma-zada baxmayaraq dörd kişi bir meşədə oturub həmin bu Sovet İttifaqının buraxılmasına imza atırlar.
   
   Heç kəs də səsini çıxartmadı. Satdılar! Əsas o oldu ki, səbəb tapdılar, daha doğrusu bəhanə tapdılar. Özü də bir yox, bir neçə səbəb tapdılar. Andda deyilirdi ki, "Sovet hakimiyyətinin əmri ilə müdafiəyə qalxmaq", amma Sovet Hakimiyyəti heç nə əmr eləmədi. Çünki orada təkcə satqınlar vardı. İkincisi, konkret düşmən yox idi, gərək ordunun düşməni olsun axı. Bəli, Sovet İttifaqı pis idi... Əsas odur ki, satqınların cürətinə, cəsarətinə şübhə yoxdu...
   
   Ən dəhşətlisi odur ki, indi bu satqınlar tarix dərsi keçirlər, balaca satqınlar isə oturub qulaq asırlar. Yaxın keçmişə bax, kimlər qəhrəman oldu, kimlər satqın çıxdı...
   
   Bilirsən yadıma nə düşdü: Vətən müharibəsi adlandıralan müharibədə valsovçular faşist forması geyinib bağırırdılar ki, onlar patriotlardır, kommunistlər isə satqınlardır. Sonra məlum oldu ki, kommunistlərin boğazları daha genişdi, səsləri daha qüvvətlidi, yumruqları daha güclüdü, ona görə də sonda valsovçular satqın sayıldılar.
   
   Bəziləri heç səs-küy də salmırlar, sakitcə işlərini görürlər. Böyüyəndə başa duşəcəksən ki, niyə özümüzdən yox, xaricilərdən, əsasən ruslardan misal göstərirəm. Ən azından uzun müddət bir boyunduruğun altında olmuşuq. Məsələn, Mixail Qorbaçov etiraf etdi ki, kommunizmi baş katib olmamışdan çox qabaq satmağı planlaşdırmışdı. Bu postu tutan kimi Sovetlər ölkəsini satmaq onun əsas işi oldu. Amma susurdu, çünki səsə salsaydı heç nə alınmayacaqdı, özü də bu satqınlıq alınacaqdı. Amma indi bütün satqın dünyada hörmətli adamdı, satqınlığa görə Nobel mükafatı da aldı. Malades! Düzgün satqındı!
   
   İndi də bəziləri Amerikaya, bəziləri Hollandiyaya, Fransaya gedirlər. Sonra meydanlarda hakimiyyəti, xalqı satmaqda günahlandırırlar. Hakimiyyət də onları satqınlıqda mühakimə edir. Özü də xalqı satmaqda müttəhim edir. Düzünü deyim ki, hələ hakimiyyətin boğazı və səsi güclü çıxır.
   
   Gözəl oğlan, belə şeylər həmişə olub, sadəcə olaraq yazılmayıb. Elə şeylər var ki, onlar haqda danışmaq sadəcə olaraq yaxşı ton sayılmır. Ona görə də satqına satqınsan demək mədəniyyət sayılmır. Bu bayağıdı, onsuz da hamı bilir.
   
   Təsəvvür et: şəhərin ən tanınmış yerində qüllədə saat durub. Hamı bilir ki, saat neçədi, amma sən hamıya izah eləmək istəyirsən ki, indi saat neçədi...
   
   Sən tarixi öyrən, kitab oxu... Həm də yaxşı satqın ol!..

TƏQVİM / ARXİV