adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7

Vizit kartı... ipək zərf...bapbalaca b... caz... biz... nə... d...

6450 | 2008-12-27 01:43
Sənətə iki cür yanaşan xalqlar var; "sənət xalq üçündür" və "sənət-sənət üçündür". Sənəti xalq üçün hesab edən tərəf fərdiyyətçi təfəkkürə sahibdir onun başını qaldırıb bir az uzaqlara boylanması mümkünsüz dərəcədə çətindir. Belə xalq ona görə sənəti özünün hesab edir ki, o, sənətin yalnız bir növünü- özünün yaratdığı folkloru tanıyır. Və xalq sənətindən kənara çıxa bilmir. Onunçün yeganə yaradıcılıq növü - xalq yaradıcılığıdır. Bu tip xalqların kollektivliyi kütləvi xaos məzmunu daşıyır, onların kollektivliyi birlik deyil darlıq, ibtidailik rəmzidir.
   
    Folklor da xalq təbabəti kimi elmin ilkin formasıdır. Tibb elminin inkişaf mərhələsində ilkin forma kimi xalq yaradıcılığı da başqa sahələrin inkişaf mərhələsinin ilkidir. Xalq yaradıcılığı mədəni, elmi sahələrin əvvəlki versiyasıdır. Bu versiyadan kənara çıxa bilməyən xalq hələ icma həyatı yaşayır. Bu sivilizasiyanın inkişaf mərhələsinə nəzərən təfəkkür inkişafının dayanma (ölü təfəkkür) momentidir. " Sənəti sənət üçün " hesab edən tərəf isə aydın məsələdir ki, bunun tam əksidir. O, böyük mədəniyyəti folkdan ayıra bilib. Sivilizasiyanın inkişaf mərhələsində, insanın etnogenetikasında, özünü fakt olaraq ortaya qoymaq bununla planetin mədəni proseslərinə qatılmaq, söz sahibi olmaq, özünü dünyanın bir hissəsi kimi hiss etmək, bəşəri kulturaya aid olmaq üçün qızıl arxivində saxladığı dəlilini- xalq yaradıcılığını, folkunu - vizit kartı kimi istifadə edir. Folk ona yalnız dünyaya özünün tarixi mədəniyyətinin olduğunu göstərmək üçün lazımdır. O, öz tarixi mədəniyyətindən dünya mədəniyyətinə qoşulmaq üçün vəsiqə kimi istifadə edir. Onun üçün dünya elə dünyadı, başını soxub yaşadığı koma deyil.
   
    Birinci tərəfə aid olan çox mühafizəkar "tamaşaçı-xalq" sənətkar duruşunu mühakimə etməyə özünü haqlı sayır. Sənət, yaradıcılıq onunçün özünün əli, müdaxiləsi olan, istəyəndə əlini atıb orda nəyinsə yerini dəyişə biləcəyi ya da qulp qoyacağı, hökm verməyə hüququ çatan yeganə meydandır.
   
    Əzizə Mustafazadəni uşaq vaxtı bircə dəfə dinləmişdim. Öz vokalı ilə yadımda qalmışdı. Bu az deyil. Uşaqlar çox həssas olur, onların yaddaşında vokalla qalmaq hələm-hələm baş verən hadisə deyil. Bu dəfə onun konsertinə getdim. Tamaşaçısı o qədər də mühafizəkar deyildi. Sərbəst və sənət ruhlu, yaradıcı xarakterli tamaşaçı ilə dolu sarayda atmosverin yüngüllüyü və kübarlığı şəxsən məni rahatlayırdı. Əzizə xanım çox sadə səhnədə çıxış edirdi. Dekorativ təmtəraq yox idi, heç yer bəzədilməmişdi, səhnədə göydən heç nə sallanmırdı və ortalıq dər-dümürlə döşənməmişdi. Üç böyük gül səbəti, piano, zərb, və bas-gitara...vəssalam...
   
    Bu dəfə səhnədə tək deyildi. Öz triosuyla əməlli başlı arkestr effekti yaradırdı. O, pianonun toxmaclarını elə gözəl basırdı ki, ritmin dəqiqliyi, musiqi taktikasının peşəkarlığı dinləyicisinin beynini, duyumunu özünə tabe edib sözəbaxan uşaq kimi arxasınca aparırdı. Dinlədiksə daha diqqətli olmaqdan, insan barmaqları ilə yekə musiqi alətinin qovuşmasını izləyib və bu qovuşmadan yaranan harmoniyanın hər doğma notunu tutmaqdan ləzzət alırdıq. Gözünü səhnədən ayırmayan tamaşaçı yerində tez-tez tərpənir, gözləri, başı, çiyinləri ilə Əzizə xanımın cazına qoşulurdu.
   
    Caz azad musiqidir daha doğrusu caz azadlıqdan yaranan musiqidir və azad zövqlərin, qəlblərin musiqisidir. Əzizə Mustafazadə dinləyicisinin qəlbi kimi oxuyur. Onun qəlbi kimi ifa edir. O Mosartı, Baxı, Həndi özünəməxsus Əzizəsayağı canlandırır.
   
    Sənəti xalqın hesab edən adamlardan onun haqda qəribə fikirlər eşitmişdim. "Patriot deyil, heç yerdə Azərbaycanın adını çəkmir, müsəlman deyil" və nə bilim yadımda qalmayan daha nə qədər səfeh fikir. Əzizə Mustafazadə öz musiqisi ilə qulaqlarımıza nanaylarıyla soxulan adamlardan bizi xilas edir. Bizi falşdan qoruyan nə qədər sənət və sənətkar varsa mən ömrüm boyu onlara minnətdar olacam. Biz Əzizəyə nə vermişik ki, ondan nəsə istəməyə özümüzü haqlı sayırıq? Biz nə vermişiksə nanaylara vermişik. Və lütfən onları da belədən-belə, elədən-elə qınayın. O siz, o da sizin xalq artistləriniz.
   
    Anlaşılırdı ki, qınaq obyekti olduğundan xəbəri var. Özünə xas incəliklə bunu hiss etdirərək həm də müəyyən mənada özünü müdafiəyə də qalxırdı. Tez-tez "biz azərbaycanlılar" ifadəsini işlədirdi, hətta bir tamaşaçının yerdən dediyi "biz sizi çox sevirik" cümləsinə də nəzakətlə verdiyi -" sevgi yeganə sərhədsiz hissdir ki, bizi bir-birimizə bağlayır " - cavabına bir az susandan sonra " bizi- azərbaycanlıları " sözlərini əlavə etdi. Əzizə xanım Mosartın musiqisindən sonra ona təşəkkür etdi: " Çox sağolsun Mosart ki, belə cazsayağıdır ", Vaqif Mustafazadənin muğamlarını ifa edərək onun Bax haqda dediyi - " Bax olmasaydı, caz da olmazdı " fikrini söyləyib Baxa apardı dinləyicilərini. Bapbalaca zərb alətini mikrafona tutub səsilə caz, blüz, muğam, rok, pop, opera kimi janrlarda elə bir vokal klass göstərdi ki, adam sabah yenə hardasa məmləkətin axmaq bir ifaçısının səsini eşidəcəyinə kədərləndi elə o andaca. Səsindən musiqi aləti düzəldən musiqiçinin zəhməti göz qabağındaydı. Bu qadının yuxusuz gecələrdə yığdığı musiqi baqajı, peşəkarlıq yaratdığı yeni ifa tərzində möhtəşəm yer tapıb. Əzizə səhnədə çox danışmır, dahisayağı hərəkətlər etmir, geyimində diqqətçəkəcək heç nəyə yol vermir, xüsusi hərəkətlərlə necə böyük olduğunu göstərməyə çalışmır. Onun musiqiçi cizgisi çiyninə saldığı sadə, açıq qəhvəyi, zərif işləməli ipək şərfdə idi. Mikrafona tutduğu bapbalaca zərbdə çalaraq vokal imkanlarının sərhədsizliyini nümayiş etdirməyində idi Əzizə Mustafazadə. Bizə Əzizədən başqa nə lazımdır ki?!

TƏQVİM / ARXİV