Rubio: ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb

ABŞ administrasiyası Ukraynaya silah tədarükünü dayandırmayıb, lakin yeni hərbi yardım paketlərinin formalaşdırılması ehtimalı ilə bağlı qərar yoxdur.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi, müvəqqəti olaraq ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio bildirib.
“Bu proqram (Kiyevə silah göndərilməsi ilə bağlı – red.) ləğv edilməyib. Onlar silah almağa davam edirlər”, - o, ABŞ Konqresinin Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
Rubio vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinin hərbi həlli yoxdur və münaqişə danışıqlar yolu ilə həll edilməlidir.
Vaşinqton administrasiyasının Ukraynaya növbəti silah paketi üçün Konqresdən vəsait istəməyə hazır olub-olmadığı barədə suala cavab verərkən Dövlət katibi qeyd edib ki, bu, başqa qərar, başqa məsələdir. “Buna mən qərar vermirəm. Əlavə maliyyələşmə ilə bağlı Konqresə müraciət edilib-edilməməsinə Ağ Ev qərar verməlidir. Lakin Konqresin təsdiq etdiyi və ayırdığı hər şey göndərilməkdə davam edir”, - o bildirib.