
Sonra qarşıda məşhur Şrek adlı cizgi qəhrəmanına bənzər nazik qulaqlı, yekə başı olan, ağzı qulağının dibində guya gülür kimi maskaradında biri göründü. Rəfiqəmin balaca qızları onun Şrek olub olmadığını bizdən soruşdular. O, Şrekə bir az oxşayırdı, amma həm də oxşamırdı deyə qızcığazlar bunu böyüklərlə dəqiqləşdirmək istədilər. Biz də uşaqlara maraqlı olsun deyə birlikdə həmin qəhrəmana yaxınlaşıb sevinclə və mehribancasına (uşaq sayağı) soruşduq:
-Sənin adın nədir?
O dərhal başı başından çıxarıb qalın səslə dedi:
- Ramin!
Balacalar mat qaldılar. Əlimizdən yapışıb arxamızda gizlənir kimi dayandılar. Ramininsə fikri uşaqlarda deyildi. O, iki cavan qadına özünü vəsf etməklə məşqul idi. Bizə öz həyat və yaradıcılığından danışmağa başladı. " Özüm operatoram, toyda. Dostum bu hissəni arendaya götürüb məndən də xahiş edib ki, gəl Şrek ol mən də onun xətrinə gəlmişəm, bir yerdə duz-çörək kəsmişik... ". Biz yolumuza davam etdik.
Bir az getmişdik ki, qarşıda adamların toplaşdığını gördük. Maraqlandıq ki, nədir, gördük bir hoqqabaz əlində iki alov çubuğu hoqqa göstərir, müxtəlif manevrlər edir. Camaat da başına yığışıb bunu telefona çəkir, maraqla izləyir. Sevindik ki, nə yaxşı indi bizdə də Avropa ölkələri kimi bayramlarda azad istedadlar küçə şouları göstərməyə başlayıb. Elə biz sevinməyə, hoqqabaz da tamaşaçı marağından coşmağa həvəslə öz nömrələrini nümayiş etdirərək özünü sirk səhnəsində hiss etməyə təzəcə başlamışdıq ki, arxadan bir dənə ictimai əsayişi qoruyan bığıburma polis dürtülüb xuliqanlığa görə hoqqabazı tutub apardı. Yazıq elə həvəsli idi ki. Yəqin yamanca dilxor oldu. Səhnə işıqları qəfldən söndü, gecə düşdü hava qaraldı.
Sonra uşaqlar üçün 10 qəpiklik heyvan maskasını şəhərdən 1 manata alıb evə getdik.
Növbəti iliniz mübarək, çox vaxt doyunca gülün!