VİRUS QULDARLIĞI - Emin Piri yazır

Emin Piri
340 | 2022-01-24 11:06

Bu boyda həngamədən sonra virusun varlığını və ya yoxluğunu müzakirə etmək sadəcə axmaqlıq olar. Amma bu virusun hazırkı dönəmdə bilərəkdən ömrü uzadılır, yeni formulları işlənir ki, daha nə qədər bundan istifadə etmək və qazanmaq olar.

Filləri bir çoxunuz bilirsiniz necə əhilləşdirirlər. Öncə filin keçəcəyi yerdə quyu qazılır, üstü yarpaqlarla və.s örtülür ki, fil burada quyu olduğunu bilməsin. Fil o quyuya düşdükdən sonra qara rəngə boyanmış adamlar fili nizələrlə, daşla incidir, onları quyuda günlərlə ac-susuz saxlayır. Bir neçə gündən sonrasa həmin qara rəngə boyanmış adamlar ağ rəngə boyanır. “Ağ”a çevrilən adamlar bu dəfə fillərin yarasını sarıyır, onları müalicə edir, su və yem verir. Beləliklə, həmin fillər bu “ağ”ları özlərinin xilaskarı bilir və ömür boyu onlara qul kimi xidmət edir.

Bəli, bizi bir çox hallarda xilas edən “ağ”lar elə “qara”lardır. Bu virusun ömrü kimlər tərəfindən uzadılırsa, kimlər tərəfindən haqqında vahiməli senarilər beynimizə yeridilirsə, elə həmin adamlar da bizi "xilas" edəcək. Bizsə onları bütün dünya mükafatalarına boğacağıq, xilaskarımız kimi görəcəyik. Azad olduğumuzu düşündüyümüz halda onların rifahı üçün çalışdığımızı, əslindəsə onların qulu olduğumuzun fərqində olmayacağıq. Bəli, bu müasir kapitalist quldarlığıdır.

Terror təşkilatları, ölkələrdə çaxnaşmalar, gözümüzün önündə qurulan radikal, terror dövlətləri…

Sanki hamısı bir əldən çıxmış və ya bir nəfər tərəfindən redaktə olunmuş layihələrdir. Bizlərsə o layihələrin qurbanları. Bizə xilas vəd edirlər. Bu xilası vəd edənlər də bizi həmin çirkaba bulaşdıranlar, dünyanının müasir rəsmini çizənlərdir. Eynən fillər kimi.

Bizə azadlıq vəd edirlər. Amma öncə bu “vəd”çilər bizi tərübə siçanları kimi yoxlayır…

Bizə azadlıq verirlər, amma öncə azadlığı alırlar. Beləliklə, müasir dünya bizi elə “müasir qullar”a çevirir. Klassik quldarlıqdan fərqi odur ki, biz qul olmağımınızın fərqində deyilik. Və qul ola-ola özümüzün azad olduğumuzu düşünürük. Çünki beynimizə belə yeridiblər.

Problem onda yaranır ki, elm də cibi zorluların sözüylə hərəkət edir. Bax, onda əsl həngamə başlayır. Tanrının varlığı bu qədər mübahisəli olmur. Koronavirus pandemiyasına görə dünyada karantin rejimləri uzanacaq kimi görünür. Niyə uzadılır, niyə qarşı çıxılır, niyə bu qərarı müdafiə edənlər var-hər birinin ayrı arqumenti, düşüncələri və mənafeləri var.

Məhz mənafe! Bu mənafenin altında siyasi, iqtisadi, biznes maraqları yatır.

Məhz maddi və siyasi maraqlar!Istər qarşı çıxanlar, istərsə müdafiə edənlər.

Kütlə nə deyir? Kütləni boş verin, hər biri bu qrupların dediyi fikirlərin hipnozunda bir-birini ittiham edən qurbanlardı.

Bəlkə dünyada gedən karantin formaları zənginləri kasıblardan qorumaqçündür? Onsuz da karantin qaydalarının varlılara aidiyyatı yoxdur. Şəxsi təyyarə, şəxsi istirahət guşələri və əlaqələrin yaratdığı karantini pozmaq qaydaları. Daha dəqiq baxsaq, kasıbları izolyasiya edirlər.

Dünyanın bir çox yerində karantinin yaratdığı stres, psixoloji təsirlər kokain və digər narkotik alışını 12 qat artırıb. Insanlar karantinin yaratdığı stresi, psixoloji problemlərini süni vasitələrlə həll etməyə çalışır. Təsəvvür edin, 12 dəfə artıq narkotik milyardları. Məsələn, 1 milyard gəlir əldə edən narkobaron bu əsasda gəlirini 12 milyarda çıxardır. Həmin sahənin gizli maqnatları( onların maliyyələşdirdiyi və ya himayə etdiyi media, siyasətçilər, "ziyalılar" və.s) niyə də bu pandemiya zamanının uzanmasını istəməsin? Niyə də qorxu təbliğatı aparmasın? Belədə gəlir də artır, yeni siyasi kadrlarını yerləşdirməyə, yüksəltməyə şərait də. "Xaç atası” filmində mafiya başçısının dediyi kimi, bizim mediada çoxlu dostlarımız var...

Bu təbliğatlar, daha doğrusu ssenaridə qeyd edilmiş yalanlar zaman keçdikcə beyinlərdə həqiqətə çevrilir. Müasir dövrdə bu illuziyanı yaratmaqçün Göbbels olmağa ehtiyac yoxdur. Himayəçi qardaşların cibi bəs edir. Onlayn biznes, kazinolar, yeni formatlanmış bank sektoru bazarı ələ keçirə bilirsə, bu dünya karantin dövrünü uzatmaqda, təbliğat aparmaqda niyə maraqlı olmasın? Niyə özlərinin himayə etdiyi ziyalılar, həkimlər, media vasitəsilə qorxulu pandemiya havası əsdirməsin?

Korona bitəcək də. Amma indi yox, hamının yoluxma qorxusu( bununçün hələ bir neçə on milyon dünya əhalisinin ölməsi lazımdı) tam beyinlərə yeridiləndə, bütün ölkələri və rəhbərliyini adambaşı ( ya da daha böyük həcmdə)vətəndaşına dərman, vaksini almağa razı salanda və qazandıqlarından daha artıq qazanmaq mümkün olmayanda. Bu o zaman bitəcək ki, insanlara virus tam olaraq adiləşəcək. Bundan daha artığını qazanmaq mümkün olmayacaq. İnsanlar bunu adi qəbul etdikdən, vecinə almadıqdan sonra yeni layihələrə , ideyalara ehtiyac yaranacaq.

Daha artıq narkotik gəliri əldə etmək, terror və özlərinin yaratdığı bu terror dövlətlərinin hesabına yeni silahların yoxlanış poliqonuna sahiblənmək, orqan, insan, muzdlu ordulara sahib olmaq... Və.s nələri demək olmazki?!

Hə eynilə bizim xilaskarlarımız...

Məşhur bir film var, "Vendetta”. Nədənsə yadıma düşdü. Eynilə bugünkü olayları xatırladır. Dünya üzərində siyasi və iqtisadi hökmranlığa iddia edənlər yeni virus yaradır. Insanlar virusdan ölməyə başlayır. Hamı qorxu içində... Pandemiya yayıldıqdan sonra öncədən məlum olan dərman, vaksinlərini isə "xilaskar”lar bazara çıxarırlar. Bu zaman xilaskarların siyasi kadrları da hakimiyyətləri ələ keçirir. Axı, onlar dünyanın xilaskarıdır. Yeni dünya düzənlərini yaradırlar... Həm də adama arada elə gəlir ki, ölkələri test edirlər. Hər hansı belə bir müharibə və çaxnaşma yaratmaq lazım olarsa, xalqların, onların birləşmə gücü, potensialı, hakimiyyət, media, güc orqanlarının bir-birinə inam və onları kontrol gücü və.s.

İki il öncə internet dünyasıyla əlaqəli olan, müasir dövrün virtual silah, dərman milyarderlərinin pullarına baxın. Cəmi bir neçə milyardı olanlar bu iki ildə sərvətini bir neçə deyil on milyardlarla artırıb. Hətta yüz milyardlarla səhmlərini artıran meqa holdinqlər var. Hələ bu leqal məlum olan pullardı. Cəmi iki ilə...

Sanki təcrübə siçanlarıyıq. Hə, bu virus doğrudan da var, qorunmaq da lazımdı, amma təcrübə siçanı olmağa və filə çevirməklərinə imkan verməyək deyərdim. Amma bu dünya üçün başqa nəyə yarayırıq? Hansı üstün meyarlarımıza, özümüz ola bilməmiyimizə, kapitalizm quldarlığına boyun əydiyimizə görə təcrübə üçün istifadə edilə bilmərik? Elə ən yaxşısı biz onlara təcrübə siçanı kimi lazımıq.

Nə zaman bitəcək? Hələ də proqnozlaşdırmaq çətindir sizə? Hələ bunun hər bir fərdin korona testlərini satın ala bilmək mərhələsi var...

Məşhur filmdə deyildiyi kimi bu sadəcə biznesdi, biznes...

TƏQVİM / ARXİV