Mərhum sənətkarımız Səxavət Məmmədovla bağlı yazı hazırlayırdım, bunun üçün bir çox insanlarla həmsöhbət oldum, bir çox mənbələrlə tanış oldum. Onun haqqında yazılan xeyli məqalələr oxudum və təəssüf hissi ilə məqaləni yazdım. Deməli, təəssüfümün bir hədəfi vardı: Bu vətəni sevən, Azərbaycan üçün çarpışan, ömrünü, ailəsini, karyerasını, gələcəyini təhlükə altına alıb vətəni üçün çalışanların böyük bir qisminin "mükafatı " ölüm olduğunu anladım. Zatən bunu əvvəllər də bilirdim. Qarabağ döyüşlərində xəyanət nəticəsində öldürülən komandirlərin, şərəfli zabitlərin bir günahı vardı, o da vətəni səmimi qəlbdən sevmək, onun uğrunda özünü fəda etmək! Vətəni təmənnasız sevənlər, özlərini vətənə fəda edənər!
O, siyahıda qubadlı balası Yelmar Məmmədovun da adı var. Vətəni təmannasız sevmək və hər şeyini vətənə fəda etmək. Təbii ki, bu sevginin "bədəli" harda olursa, olsun, gəlib Yelmarı tapmalıydı və onu ən qaynar, ən çoşğulu zamanında - 38 yaşında axtarıb tapdı.
Bu gün bu ləyaqətli eloğlumuzun doğum günüdür. Yaşasaydı 68 yaşı olardı. Bilirsiniz vətənimiz üşün nə qədər təmənnasız, lazımlı işlər görərdi?
Çox təəssüf, çox heyif...
O fədaini siz də tanıyın!
Yelmar Məmmədov 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olub. Çox kiçik yaşlarından anasını itirərək yetim qalan balaca Yelmar hələ uşaq ikən həyatın acılarını dadır, yoxsulluğun, zəhmətin nə olduğunu öyrənir.
Orta məktəbi bitirəndən sonra Bakıya gələrək ali məktəbə imtahan verir, ancaq müsabiqədən keçə bilmir. Bundan sonra doğulduğy rayona qayıtmaqdan vaz keçən Y.Məmmədov 1975-1976-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir.
1976-cı ildə onu hərbi xidmətə aparırlar. Hərbi xidmətini Rusiyanın Çita şəhərində başa vurur.
Hərbi xidmətdən sonra, 1978-ci ildə tale təsadüfən onu Özbəkistanın paytaxtına - Daşkəndə gətirir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda 1983-cü ildə Daşkənd Ali Milis Məktəbinə daxil olur. Sonralar isə Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində təhsil alır.
Ehtiyac üzündən Daşkəndi tərk etməyə məcbur olan Yelmar Məmmədov Rusiya Federasiyasının Komi Muxtar Respublikasındakı Uxta şəhərinə gedib çıxır. Uxta şəhərində Neft Kəşfiyyatı İdarəsində işə girən Yelmarın bəxti nəhayət üzünə gülür. O, əvvəlcə fəhlə, sonra usta, mühəndis, şöbə rəisi və baş mühəndisin müavini olur.
1988-ci ildə SSRİ dağılmağa yaxın ərəfədə sahibkarlıq haqqında qanunun çıxmasından faydalanan Y.Məmmədov əvvəlcə dörd nəfərlik "Trud" kooperativini açır. Kooperativin ilk işi bir zavodun damını örtmək olur. Bu işdən əldə olunan gəlirlə yeni avadanlıq alır, əlavə işçi qəbul edir. Artıq 1 ildən sonra onun işçilərinin sayı min nəfər olur. Az sonra Komi Muxtar Respublikasında tanınmış sahibkara çevrilən Yelmar Məmmədov burada xalq deputatı da seçilir.
O, 1990-cı ildə "Mariya" Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyəti bir qədər də genişlənir. Bir neçə şəhərdə "Mariya" Assosiasiyasının filiallarını yaradır. Eyni zamanda bir neçə bank açır. Rusiya televiziyası ilə göstərilən "Mariya Assosiasiyası" adlı sənədli filmdən sonra keçmiş SSRİ-nin hər yerində rəsmi milyonçu azərbaycanlı tanınmağa başlayır. Həm milyonçu, həm də səxavətli adam kimi şöhrətlənən Yelmarın sorağı vətəni Azərbaycana da gəlib çatır.
Yelmar Məmmədovun assosiasiyası Almaniya və Finlandiyada müxtəlif müqavilələr bağlayır, Ermənistan istisna olmaqla, keçmiş sovet respublikaları ilə əlaqələr yaradır. Fəaliyyət dairəsini daha da genişləndirib, ABŞ-la iqtisadi əlaqələrə malik olur.
Yelmar və Azərbaycan
O, 1992-ci ilin avqust ayında müvəqqəti Azərbaycana qayıdır. Bu vaxt artıq SSRİ dağlmış, müstəqil respublikalar arasında əlaqələr qırılmış, münaqişələr başlamışdı. Azərbaycan da Ermənistanla ədalətsiz müharibəyə cəlb edilmişdi.
Təbii ki yurduna olan qəsbkar hücumlar, cəbhədəki ( rusların yaratdığı ermənipərəst durum) məğlubiyyətlər Yelmar Məmmədovda acı təsir buraxır . Məhz buna görə də xaricdə bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir. Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır.
Elə bu məqsədlə də Bakıda "Yelmar İnterneyşil" kooperasiyasını yaradır. Həmin kooperasiyaya 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxil idi. Tezliklə "Yelmar İnterneyşil"də çalışanların sayı 3000-dən yuxarı qalxır.
O, Bakıda olduğu dövrdə əqidəli insanlara dəstək nümayiş etdirərək Azərbaycan Yurddaş Partiyasının sədr müavini seçilir. Vətən oğlunun xeyirxah əməllərinə görə Bakıda "General Məhəmməd Əsədov" mükafatına layiq görülür. Bu mükafatın 7 dayıyıcılarından biri olur. Bu onu Azərbaycanin xeyri üçün yeni işlər görməyə daha da həvəsləndirirdi.
Mənbələrdə deyilir ki, Yelmar Məmmədov Bakıya gələndə Zeynalabdin Tağıyevin qızı Sara xanım ağır xəstə idi, həm də qulaqları eşitmirdi. Pis ev şəraitində yaşayır, dava-dərman və ərzaq almağa pul tapmırdı. Yelmar Sara xanıma baş çəkir, ev şəraitini yaxşılaşdırır. Eyni zamanda onun dolanışıq və müalicə xərclərini öz üzərinə götürür. Müsahibəsində deyir: “Nəinki Azərbaycandakı, Rusiyadakı müəssisələrimin gəlirini də Azərbaycana xərcləyirəm. Təki müharibə bizim xeyrimizə qurtarsın. Vətən, torpaq hamınındır. Fəhlə də, milyarder də, nazir də, alim də öz övladlıq borcunu verməlidir.”
Artıq bədxahlar da anlayırdı ki 38 yaşlı Yelmar Məmmədov Azərbaycan üçün böyük işlər görə bilər.. Odur ki onun qətlinə fərman verilir.
Tam 30 il əvvəlin 12 apreli - Yəni 1995-ci ilin o fəlakət günü bədniyyətlər bir həmvətənlimizin həyatına qıydılar. Bəli, məhz qıydılar. Kim qıydı, bilən də olmadı. Həyat yoldaşı Nəzakət Qocayeva birgə Daşkənddə olan Yelmar Məmmədov çox müəmmalı şəkildə ölür. Onlar Yasamal qəbiristanlığında dəfn olunur. O vaxt rəsmi məlumatlarda bildirilirdi ki, onlar yatdıqları otağa qaz sızması olub və tanınmış iş adamı xanımı ilə birgə qazdan boğulub ölüblər. Amma buna inananlarla müqayisədə 38 yaşlı Yelmar Məmmədovun qəsdən öldürüldüyü qənaətinə gələnlər daha çox idi.
Yelmarın varidatı, şirkətləri, zavodları necə oldu, kimin zavalına gəldi, kim talayıb adına keçirdi bilən də olmadı.
Mərhum Yelmar Məmmədovun dörd övladı – iki qızı, iki oğlu yadigar qalıb.
Belə... Vətəni sevmək əsl kişiərə, əsl övladlara məxsusdur. Vətəni sevənləri Vətən heç vaxt yadından çıxarmır. Baxın, 1995-ci ildə ölmüş hansı məmur kimin yadındadır yaxud, vecinədir! Amma Yelmar kimi oğullar 100 il də keçsə, unudulmayacaqadı gələndə hər kəs ayağa qalxacaq, ehtiramla yad ediləcək! Vətəni sevmək, ona fəda olmaq nə qədər çətin, risqli olsa da, bir o qədər şərəfli bir işdir!
Şərəfli insanları isə, nə tarix unudur, nə xalq... Məkanın hər zaman cənnət olsun Fədai Yelmar!
Əntiqə Rəşid