adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Vaxt qohumluğu - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
437 | 2022-04-21 12:14

Ağacəfər Həsənlinin bir şeirinin izi ilə

Hər günün öz ovqatı var. Doğrudu, deyirlər ki, ovqatı gərək özün yaradasan, özün-özünü kökləyəsən, hazırlayasan və bu dünyanın da bir damarını gərək boş buraxasan. Yəni, duyumla dərk etməklə yanaşı içində iynə ucu boyda da olsa, etinasızlıq, laqeydlik saxlamalısan. Bax, bu saxladığın «yatırım» sənin bu dünya ilə dil tapmağa, ovqat yaratmağa köməkçin olur.  Və beləcə özün bu həyatın axarında bacardığın kimi üzürsən. Hətta bəzən saman çöpü də ümid kimi görünür sənə. Olsun...

Bəli, söz adamının ovqatı onun sözündə ehtiva olunur. Hər yaranan, doğulan, dünyaya gələn kağıza köçüb oxunan söylənib yaddaşa hopan yazının, fikrin, misranın ünvanı və bir də yarandığı məqam, zaman qaçılmaz gerçəklikdir. Bir az da sadə şəkildə ifadə etsəm, söz doğulduğu yerdə, məqamda, əhval-ruhiyyədə özünü ifadə edir. Bax, bu anlamda şair sözü, həm də o şeirin doğulduğu məqamda şairin hansı ovqatda olduğunu  da oxucuya çatdırır. Çünki burda söhbət həm sözü təqdim etməkdən, həm də vaxtdan, məkandan gedir...

Bugünlərdə yenidən vərəqlədim «İlğım»ı. Bir də gözdən keçirib ovqatımı o «İlğım»  dünyası  ilə tarazladım. Və gördüm ki, Vaxt hər şeyin hakimidi. Elə bir hakimdir ki, o, həm də səni olduğun kimi, kameraya çəkirmiş kimi gətirib qoyur göz qarşısına və deyir ki:

 

Vaxt gözləmədən

şığıyır üstümə,

yalnız təqvimin son günü

atəşkəsi pozur – dayanır.

İlayrıcında hesabat istəyir.

 

Təbii ki, bu vaxtın həm haqqıdı, həm də  hökmü. Necə deyərlər, yaşamışıqsa, o vaxtı özümüzünküləşdirmişiksə və yaxud onu öldürmüşüksə... Deməli, hər bir halda hesabat verilməlidi. Bu hesabat da vaxtın adından olmalıdı. Axı biz ömrümüzü vaxtın hissəcikləri içərisində pardaxlandırırıq. Ona görə də:

 

Sızlayır az qala saçımın dəni

Elə bil bükülüb ağrı balınca...

Hər yerə ayağım çəkirdi məni –

İndi sürüyürəm onu dalımca...

 

Bəli, əvvəldə dediyim kimi, biz vaxtın içərisində həm görünürük, həm də əriyib gedirik və bunu da etiraf etmək, sözün yaxşı mənasında hünər istəyir. Bax elə o hünər sahiblərindən olan şair heç bir tərəddüd etmədən yenə vaxtla üz-üzə dayanıb onun hesabatını dinləyir və:

 

Və yenə sakitcə yüyürür –

nə beli ağrayır, nə ayağı.

Ancaq üzünə tər gəlir,

nəfəs dərir adamsayağı.

 

Yəqin ki, fikir verdiniz və şahidi oldunuz ki, vaxtın həm yozumu, həm də təqdimatı insanın öz varlığının, cisminin, ruhunun fonunda təqdim ediləndə gerçəkliyin özü kimi sübutsuz bir şəkildə anlayışla qarşılanır. Və o anlayışın mahiyyəti elə vaxtın özündədi. Axı, şair demişkən, alnına tər gələn vaxt yaşanmış vaxtdı. Canımızdan, qanımızdan, köynəyimizdən keçirtdiyimiz vaxtdı. Ona görə də bizə doğmadı. Biz o doğmalığın içində öz-özümüzə pıçıldayırmış kimi deyirik:

 

Gözləyən, arayan yoxdu – bu bəlli 

Xəyal da nalını itirib yolda...

Bircə şəkillərdi...sözsüz təsəlli –

O da asılıbdı bu kirpik kolda...

 

Deməli, vaxt anlayışının içərisində nə olursa, nə yaşanırsa, o həm də vaxtın öz arxivində, öz yaddaşında qalır. Bu mənada  bizim xatirələrimiz də izlərimiz kimi, hərəkətlərimiz kimi, bir qovluğun içərisində həmin o vaxtın yaddaş arxivinə verilir. Hansısa bir təsirdən, hansısa bir qıcıqdan və yaxud da vaxtın elə özünün yaratdığı ovqatdan asılı olaraq biz hərdən əlimizi həmin o vaxt arxivinə uzadırıq. Adətən, arxivlər, daha doğrusu arxivdəki sənədlər toz içərisində olur, toz basır onları. Şükürlər ki, vaxtın arxivi o toz qorxusundan, basqısından ibarətdi. Ona görə də əlimizi ora uzadanda biz istədiyimiz anda həmin o axtardığımızı götürüb vərəqləyə bilirik. Çünki vaxtın özü kimi xasiyyəti də fərqlidi. Ona görə də şair deyir ki:

 

Qəribə xasiyyəti var –

hamını aparır...

Heç kəs onu apara bilmir.

Hara gedir?

Hansı anbarda yığılıb qalır?

Niyə qayıtmır?

 

Hə, gördünüzmü, mənim söylədiyim elə şairin dediyi ilə üst-üstə düşdü. Sadəcə, şair həm də bir məqamı qabardır. O məqam da vaxtın özünün harda qərar tutmasıdı, harda arxivləşməsidi. Onu hər kəs bir cürə yoza bilər. Hətta ona maddiləşdirmək də olar. Lakin vaxtın ölçüsü hər kəsin baxış bucağından asılıdır. Ona görə də o maddiləşən vaxtın ölçüsü də hər kəsin öz arşınına uyğun olacaqdı. Və biz görəcəyik ki, vaxtın içərisində:

 

Kədər də yorulub, dili bir qarış –

Çıxıbdı ağzından – nəfəsi çatmır...

Mənim içimdəki sonuncu yarış –

Sonuncu görüşə həvəsim çatmır...

 

Bax belə, bu da zamanın, yənin vaxtın öz diktəsidi. Və mənim əvvəlki şeirə üz tutub dediyim gerçəklik burda da özünü təsdiqləyir. Aydın olur ki, vaxtın nəfəsi də kəsilə bilir, həvəsi də tükənə bilir. Bu o zaman baş verir ki, vaxtı canından, qanından keçirən kədərə, həsrətə, ən vacibi isə diqqətsizliyə tuş gəlir. Bu da sonuncu nəfəsə çevrilir, həmin o vaxtın içərisində. Sonra isə vaxt:

 

Hamının qılıbına girməyi bacarır.

Heç kəsə vermir açarı,

heç kəs bilmir dilini.

Qoparıb əlindən alsın

ayını, gününü, ilini...

 

Vaxt başını aşağı salıb

işini görür...

 

İndi aydınlaşdımı, vaxtın nəyə qadir, nəyə sahib olduğu? Onun gücünü hiss etdinizmi? Düşünürəm ki, şairin vaxtın boyuna ölçdüyü, biçdiyi və bizə təqdim etdiyi bütün görünüşü məhz o gücü göstərmək üçün imiş... Biz də bu gerçəkliyin qarşısında istər-istəməz öz etirafımızı edirik. Və həmin etiraf da bu cür səslənir:

 

Bu çöküş dəvənin diz qatlaması,

Filin məzarlığa üz tutmasıdı...

Bir aşiq ürəyin bu çatlaması –

Bir qızın sevgini unutmasıdı...

 

Bax belə, mən dəyərli şairimiz Ağacəfər Həsənlinin «Vaxt» şeirinin izi ilə yola çıxdım və yol boyu da o şeirin məndə yaratdığı assosiasiyanın özümün «Dəvə çöküşü» ilə paralelləşdirdim. Çünki hər iki şeirin bir-birinə söykənən nöqtəsi, bir-birini təsdiqləyən məqamı, ən vacibi isə Vaxt Qohumluğu göz önündə idi. Ona görə də mən də bir az qohumbazlıq edib, elə yazının da adını Vaxt Qohumluğu qoydum...

TƏQVİM / ARXİV