adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Üç kəlmə - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
2100 | 2021-12-18 12:30

VƏ  DÜNYANIN MIX MƏLLİMLƏRİ


Böhran, xəstəlik, müharibə... Bu  sözləri dəfələrlə təkrar  eləmək  olar – mahiyyət dəyişməyəcək. Məzmuna da yeni  çalar qatmaq  olacaq. Müharibə ağrıdı, od-alovdu, göz  yaşıdı. Ölümdü... Xəstəlik də  eyni... Böhran  isə  hər  birini  eyni  müstəvidə birləşdirə  bilər. Böhran qıtlıq yaradır – hər  mənada. Bunları  neçə  illərdi həyatımızda yaşayırıq.  İqtisadi  böhran müharibələrə  rəvac verir.

 

Milləti millət kimi formalaşdıran çox amillər var. Tarixi, mədəniyyəti, etiqadı, dili, əxlaqı və ideologiyası. Gəlin bir düşünək. Əxlaq min illərlə formalaşır. Əgər az vaxta belə dəyişə bilibsə, özünüz fikirləşin. Kommunistlərin allahsızlıq siyasəti dövründə müəyyən bir miqdar pula dinini dəyişən olmurdu. Tariximizi kim necə istəyib o rəngdə boyayıb. Dilimiz... Yüksək rütbəli məmurlar dilimizdə necə danışırlarsa, fikirləşirsən ki, bu hansı dildi, kimin dilidi? 

 

Mədəniyyətimiz haqqında da heç nə demirəm. Ən əsası isə bütün bunların toplusu olacaq milli ideologiya. Gəldik yenə ideologiyanın üstünə. Müxalifətin qrant, hökumətin kreslo davası.

 

Adətən dünya siyasəti böyük çaplı müharibələrin qarşısını almaq üçün lokal, yerli müharibələr yaradır. Yəni bu hardasa bir müddət dünya müharibələrinin qarşısını ala bilir. Amma enində-sonunda yenə bu labüd olur. Yəqin bizim cəmiyyətdə də böyük ideyaların arxasınca gedənləri başqa yerə yönəltmək üçün bu insanlar, qruplar, regionlar arasında nifaq yaratmaq lazım gəlir. Belə izlənim yaranır ki, bizim məmləkətdə hamı özündən, özünün daxil olduğu zümrədən, mənsub olduğu partiyadan, ailədən, bölgədən razıdır. Digərləri hamı cəlladdır, idiotdur, pozğundur, əyyaşdır və s. İstisnalar yoxdur. Yəni əsas məqsəddən, hədəfdən uzaqlaşdırmaq üçün belə bir siyasət də atılıb ortalığa. Cəmiyyət çoxdan  qütbləşib. Hər iki  tərəfdə yaxşı adamlar da var, nadürüstlər də. Hər iki tərəfdə Vətən naminə çalışanlar da var, cibi üçün çalışanlar da. Bunların bir-birinə düşmən kəsilməsindən uduzan ancaq və ancaq sadə adamlardır. Bu insanların onlara olan inamıdır. Onların bir-biri haqqında düşündüklərindən camaata nə var? Bundan kim uduzur? Təbii ki, dövlətin nüfuzu. Türkiyədə Vətəndaş müharibəsinə İçsavaş deyirlər. Çox gözəl sözdü. İçinizlə savaşmağı bacarsanız, içinizi təmizləyə biləcəksiniz. 
 

Bütün insanların günahı da var, savabı da. Əsas məsələ xeyir əməlləri qabartmaqdır. Bu gün buna daha çox ehtiyacımız var. Onsuz da boğazacan çirkabın içindəyik. Əttökən siyasi şoular, əttökən maqazin xəbərləri onsuz da olmayan beynimizi xarab eləyib. Kiminsə ağzından doğru-düzgün bir söz çıxanda da fikirləşirik ki, görəsən buna kim pul verib ki, bu sözləri deyir. Görəsən, məqsədi nədir? Özünə xal toplayır? Kimsənin səmimiyyətinə inanmırıq, qorxulu olan budur. Bir gün dilimizdəki sevgi və səmimiyyət sözlərini də unutsaq heç təəccüblənməyin.

Bir-birinizi sevmirsiniz? Nifrət edirsiniz, öz işinizdir. Amma bunu ictimai müzakirəyə çıxaranda millətin pozulmuş əxlaqı bir az da korlanır.
 

Böhran, xəstəlik , müharibə… Üç kəlmə…Üç sözcük…
 

***
 
... Birinci Dünya müharibəsindən sonra Birləşmiş Ştatların iqtisadiyyatı görünməmiş templərlə yüksəlməyə başladı. Səbəb isə sadə idi - müharibə vaxtı bütün dünyanın varlıları öz qızıl ehtiyatlarını ora köçürmüşdü. 1913-cü ildən 27-ci ilə qədər milli gəlir 32 milyarddan 89 milyarda yüksəlmişdi. Sənayedə, fond və daşınmaz əmlak bazarında əməlli qalxınma nəzərə çarpırdı. Torpağın və daşınmaz əmlakın bahalanma prosesi başlayırdı. Siyasi mübarizə arxa plana keçmişdi. Ancaq şirkətlərin gəliri üç dəfə artsa da, sadə insanların qazancı yerində saymaqda idi. Lakin hər bir halda həyat səviyyəsi yüksəlirdi. Orta statistik amerikalının evində maşın, telefon, qramafon yayğın hala gəlir. Dövriyyədə olan pul kütləsinin sayı durmadan yüksəlir. Və nəticədə 1921-29-cu illərdə dövlət büdcəsindəki kəsir artmağa başlayır. Çünki pulun qızılla tənzimlənməsi prosesi pozulur. Kağız üzərindəki yalançı rəqəmlər şişdiyindən (iqtisadçılar bunun izahını daha yaxşı verə bilərlər, amma böhran deyilən bu məsələ başlayandan bunu bizə adam dilində başa salacaq bir söhbət eşitmədim). 29-cu ilin oktyabrında aksiyaların qiyməti kəskin düşməyə başlayır. Və bir neçə həftə ərzində Birləşmiş Ştatlar Birinci Dünya müharibəsində xərclədiyindən daha ciddi itkilər verir. Bank sisteminin çöküşü başlanır, kreditlərin verilməsi dayandırılır, panika içərisində olan insanlar banklardan pullarını çəkməyə çalışırlar. Aksiyaların düşməyi təxminən 20-25 milyon insanın maraqlarına toxunur. Ancaq bir məsələ var ki, böyük əksəriyyət pulunu itirsə də, kiçik bir qrup bundan yararlana bilir – vaxtında kağızı qızıla çevirdiyi üçün. Böyük Depressiya zamanı qiymətlər də kəskin şəkildə düşür. Və təbii ki, iş yerləri bağlanır, ticarət əlaqələri zəifləyir və sonda bütün ümidlər puç olur. Maddi böhran mənəvi böhrana keçid alır. Bu, depressiya deyilsə, nədi? Çünki burda yalnız iqtisadi yox, həm də psixoloji, mental elementlər də mövcuddur. İnsan cəmiyyəti depressiv çabalarla əlləşirkən intiharlar dalğası artır, cinayət adi hal alır, lokal üsyanlar çıxır. Kimsəyə gücü çatmayanlar özünü öldürür, azacıq iradəsi olanlar müqavimət göstərməyə çalışır. İqtisadçıların dediyinə görə, Böyük Depressiyanın iki vacib xüsusiyyəti vardı: birincisi, böhran bütün dünyanı əhatə etmişdi, qlobal idi. Dünyanın qüdrətli dövlətlərinin sənaye və təsərrüfatın bütün sahələri öz nəsibini almışdı. İkincisi isə sinxron idi. Yəni Birləşmiş Ştatlar və Almaniyanı dərindən sarsa da Fransaya ötəri toxunmuş, Böyük Britaniyanı isə azacıq tərpətmişdi. Mərkəzi Avropanın, Cənub-şərqi Avropanın, Asiyanın, Latın Amerikasının aqrar ölkələrinə isə tam dağıdıcı təsir etmişdi. Dövlətlər arasında manevr imkanları azaldığından ticarət və valyuta savaşları başlayır. 1931-ci ildən 76 ölkə gömrük rüsumlarını artırır, idxala kvota qoyulur, südü okeana tökürlər, Braziliya kofesini asfalt əvəzi yollara döşəyirlər, ocaq yandırmağa sərf edirlər. Yüksək qiymətləri saxlamaq üçün. Nəticə isə o olur ki, müxtəlif ölkələrin iqtisadiyyatı bir-birindən kəskin aralanır, çəpərlənir və inam yox olur.


1932-ci ildə Franklin Delano Ruzvelt Amerikada prezident seçkilərində qələbə qazanır. Nəzərə alsaq ki, 32-ci il Depressiyanın ən ağır ili kimi qiymətləndirilir, Ruzveltə inamın nə qədər güclü olduğunu anlamaq olar. Yeni prezident ölkəyə "yeni kurs" vəd edir. Ayıq və hər yeniliyə açıq siyasətçi bir çox güzəştlərə gedə bilir. Sosial-iqtisadi islahatlar aparır, daxili siyasətdə vacib tədbirlər həyata keçirir. Nəticədə 36-cı il seçkilərində o vaxt mövcud olan 48 ştatın 46-sı Ruzveltə səs verir. Bundan sonrakı 40 və 44-cü il seçkilərində də Ruzvelt prezident seçilir, yəni dörd dəfə. Amerika tarixində unikal hadisədi. Yalnız Ruzveltin ölümündən sonra Amerikada iki müddətə prezident seçilmək haqqında qanun qəbul olunur. Təbii ki, hər kəs, hər prezident Ruzvelt ola bilməz. Parlaq natiq olan bu şəxs xalqa apardığı dövlət siyasətinin, iqtisadi islahatların məzmununu açmaqdan çəkinmirdi. Mütəmadi olaraq radio ilə xalqa müraciət edirdi və sonralar bu çıxışları "buxarı ətrafı radio söhbətləri" adlandırdılar. Fiziki çatışmazlığı ona səfərə çıxmağa imkan verməsə də, Ruzveltin xalq içərisində nüfuzu çox böyük idi. Deyək ki, Böyük Depressiya Amerikada Ruzvelti hakimiyyətə gətirdi. Amma Avropada Hitler, Mussolini, Franko yetişdi. SSRİ-də isə hakimi-mütləq Stalin idi. Böyük böhranlar böyük müharibələr doğurur, böyük dəyişmələr doğurur. Böhranlar həm ölkə daxilində, həm də beynəlxalq münasibətlərdə gərginlik yaradır. Böyük Depressiyanın ardından İkinci Dünya müharibəsi gəldi. Savaş nəticəsində isə dünya yenidən bölündü. İki düşmən koalisiya yarandı. Özü də elə düşünməyək ki, belə terminlər yalnız yeni tarixə aiddir.


 ... Hələ Roma İmperiyasının qüdrətli dövründə müstəmləkələrdən axıb gələn var-dövlət Roma pulunun inflyasiyasına səbəb olmuşdu. Və bu barədə tarixdə Siseronun Senatdakı məşhur nitqi məlumdur. Siseron böhranın səbəbini ucqarlarda axtarır və daha çox vassalları ittiham edir. Təbii ki, o zamankı zənginlik də harınlıq yaratmışdı. O dövr Roma əxlaqı haqqında oxuduqlarımız nəsə bir təsəvvür verə bilər. Böhran Roma cəmiyyətinin bütün təbəqələrini əhatə etmişdi. Nəticə nə oldu? Antik dünyanın süqutu, yeni eraya keçid, yeni əxlaqın bərqərar olması, yeni dünyanın (xristianlığın) yaranması.
 

Orta çağlarda isə Avropa inflyasiya ilə XVI əsrdə tanış olur. Eyni səbəblərdən –  müstəmləkələr artdığından, ucqarlardan mərkəzə qızıl axdığından, həyat bahalılığından, qiymət artımından. Həmin dövrü dəyərləndirən tarixçilərin sözlərinə görə, "İspaniyanı var-yoxdan çıxaran onun zənginliyi idi". Bəzi tarixçilər isə bunu əhali artımı ilə əlaqələndirirlər. Kəndlilər böyük şəhərlərə üz tuturlar, əmək haqqı qiymət artımından geri qalır, böyük bir dilənçilər ordusu yaranır, iri torpaq sahibləri maksimal gəlir əldə etməyə çalışır, hökumətlər isə vergiləri artırmaqda davam edirlər. XVII əsrin ortalarına qədər eyni proseslər davam edir. Kapitalizmə keçid üçün münbit şərait yaranır. Kilsə Reformasiya ideyalarını təbliğ edir və artıq sələmçiliyə günah kimi baxılmır. İnkişaf bütün sahələrdə özünü göstərir, hətta hərbdə də. Nizami ordu hissələri yaradılır. Yeniliklər bir-birini əvəz edir və nəhayət, "Milli dövlət" anlayışı meydana gəlir. Hakimiyyət, qanun, güc, azadlıq haqqında əsərlər yaranır. Makiavellinin əsrarəngiz obrazı bu günə qədər insanları cəzb edir. Mənə görə, Makiavellinin dediyi "Roma kilsəsinə yaxınlaşdıqca insanlar dindən bir o qədər uzaqlaşırlar" ifadəsi hər zaman aktualdı. Bu aforizmi hər sahəyə tətbiq eləmək olar.
 

Yazırıq yazmağına, amma oxuyan yoxdu... Nə edək bəs? Sənətimiz yazmaqdı, necə oxudaq? Üç  kəlmə... Dünyanın ağaları oxumağı qadağan  edib?
 

Məncə, tanış mənzərədir. Böhran  varsa xəstəlik də  var, bu  ikisi varsa  müharibə labüddür. Lap  çətini  isə  zəhmət  çəkib  yazdığını bir azacıq da zəhmət çəkib oxuyan yoxdur. Virtual  aləmə inanmaq  lazım deyil – indi  bütünlüklə monopoliyadı. Gərək  satışa çıxarasan hər  kəlməni, yalvarasan... Yalnız  kitablara aid deyil ki... Hətta kiçicik  məqaləni də... Necə olsun?  Balaca ölkədi, onun da  böyük  faizi  oxumaq istəmir. Necə  olsun? Oxumaq istəyənlərə də  kağız vermirlər... Böhran, xəstəlik, müharibə... Üç  kəlmə...
 

TƏQVİM / ARXİV