Toz basmış xatirələr - Tərlanə Yaqubqızı yazır

96 | 2025-07-09 11:14

Düz iki gündür ki, erməni marşalı İvan Xristoforoviç Baqramyanın "Mənim xatirələrim" adlı kitabının təsiri altındayam. Elə zənn etməyin ki,  böyük həvəslə bu kitabı oxumağa başlamışam, sadəcə işimlə əlaqədar bəzi detalları araşdırmaq məcburiyyətində idim. Amma kaş oxumaz olaydım. Çox təəssüf ki, müəllifin türk xalqına, azərbaycanlılara qarşı qərəzli mövqeyini elə kitabı vərəqlədiyim ilk anda hiss etdim. Marşalın sözlərinə inansaq, həmyerlilərinin arzusu ilə yazdığı bu kitab başdan-ayağa cəfəngiyyatla doludur.

İlk səhifəsindən səbrimi basıb epiloqun con cümləsinə qədər oxuduqlarım ancaq erməni və rus millətinin tərifindən ibarət idi. Bu məddah müəllif mənsub olduğu  erməni millətinin  mənfur xislətinə sadiq qalaraq kəlməbaşı ermənilərin türklər tərəfindən təzyiqlərə məruz qalmasından söhbət açır, sovet hakimiyyətinin qələbəsi sayəsində ermənilərin ağ günə çıxmasını vurğulayır. Hətta əziz- giramiləri olan Xaçatur Abovyandan sitat gətirərək rusların "işıqlı" erməni torpağına daxil olduqları günü, səhv etdim, günü olsa dərd yarı idi, hətta saatı yaltaqcasına alqışlayır. "İşıqlı" torpaqdan gözləri kor olmuş marşalı qınamasalar, yəqin ki, günəşin də məhz Ermənistan torpağından nur saçmasını öz kitabında bəyan edərdi. Beyni, ürəyi zülmət içində olan marşal əvvəlcə öz ailəsindən yazır, sonra qəfildən Türkiyəyə keçid edib orada guya erməni xalqının başına gətirilən faciələri qələmə alır. Ənvər və Nuru paşaları qatil kimi təsvir edib Andraniki, Şaumyanı millət qəhrəmanları kimi göylərə qaldırır.

Türklərin Qafqazda zəngin neft yataqlarını ələ keçirmək məqsədindən, Krım və Balkan müharibəsində erməni generallarının şücaətindən bəhs edir, amma general Əliağa Şıxlınskinin adını yada salmır.  Sonrakı fəsillərdə Böyük Vətən müharibəsində erməni xalqının göstərdiyi rəşadətdən söz açır. Tənbəllik etmədən kitaba saldığı iki yüzə qədər fotoşəklin içərisində (son səhifələrin birində) ümummilli lider Heydər Əliyevin bir şəkli istisna olmaqla, başqa bir azərbaycanlı hərbiçinin, veteranın, alimin şəkillərinə yer verməyib. Əminəm ki, bu şəkli də o vaxt Azərbaycan Kommunist Partiyasının birinci katibi olan Heydər Əliyev şəxsiyyətinə olan sevgisindən yox, təkəbbürlə  yanında dayanıb şəstlə şəkil çəkdirdiyi üçün qürrələndiyinə görə daxil edib. Bir biləsiniz, onun bu kitaba  şəkillərini daxil etdiyi daha kimlər var?!  Lenindən tutmuş rus və erməni millətinin partiya və dövlət xadimləri, müxtəlif peşə sahibləri, hərb adamları, şairlər, veteranlar, ailə üzvləri və s.

Müəllif guya zərgər dəqiqliyi ilə mürəkkəb döyüş əməliyyatlarından söhbət açır, amma nədənsə bu əməliyyatlarda iştirak edənlərin arasında bir nəfər azərbaycanlı balası gözə dəymir. Halbuki marşal şəxsən Azərbaycanın igid oğlu Həzi Aslanovla bir yerdə döyüşüb və onun ölümündə şübhəlidir.

Rus ixtiraçıları Koşkin və Morozovun hərb sənayesinə gətirdiyi töhfələri bəh-bəhlə tərənnüm edən zaman qoca döyüşçünün unutqanlığı yenə də öz işini görür və  böyük alimimiz Yusif Məmmədəliyevin adını xatırlamır. Bəli, bu o Baqramyandır ki, bir zamanlar akademik Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinə şəxsən mane olub.

Bununla bağlı qeyd edim ki, Nazim Cəfərovun "Vışka" qəzetinin 2023-cü il 24 noyabr tarixli "Nobel mükafatına aparan yolun dərsləri" adlı məqaləsində də  məhz Anastas Mikoyan və marşal Baqramyanın əsassız iddiaları səbəbindən Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin ləğv olunması haqqında məlumat verilib.

Üzdəniraq marşalın kitabı 1979-cu ildə İrəvanda"Hayastan" nəşriyyatı tərəfindən yüz min tirajla nəşr olunub. Kim bilir, düz 46 ildir ki, erməni oxucular bu lənətəgəlmiş qocanın kitabını sevə-sevə oxuyur, orada adları çəkilən erməni generalları ilə, elə Baqramyanın özü ilə də fəxr edirlər. Bəlkə də kitabı oxuyan sadəlövh oxucu belə qənaətə gələ bilər ki, faşizm üzərində qələbədə ancaq rusların və ermənilərin böyük xidmətləri olub. 

Bu kitabın fəsillərini, daha doğrusu, marşalın çərənləmələrini bir-bir təhlil etmək fikrindən uzağam. Qəlbimin dərinliyində ümid edirdim ki, heç olmasa son səhifələrdə Bakı nefti ilə bağlı qısa bir cümləyə rast gələcəyəm. Amma heyhat! Paxıllıq, xainlik, cığallıq, yalançılıq, yaltaqlıq, rəzillik  bu cılız millətin canına elə işləyib ki, çarələri olsa bütün bəşəriyyətin  erməni millətinə mənsub olduğu, bütün ixtiraların, dünyadakı bütün yaxşı nə varsa hər şeyin onlara məxsus olması iddiası ilə çıxış edərlər.  Baqramyanın toz basmış, kiflənmiş xatirələrini oxuyan azərbaycanlı oxucu onun nə qədər cığal, yaltaq və yalançı olduğunun şahidi ola bilər.

Tələbəlik illərimizin zəhlətökən "Sovet İttifaqı Kommunist Partiyasının tarixi " dərsliyini xatırladan nə az- nə çox- 663 səhifəlik  "Mənim xatirələrim" kitabı  dabbaqda gönünə bələd olduğumuz ermənilərin iç üzünü mənə bir daha tanıtdı. Bu cür xatirələrin üstünü elə toz bassa, yaxşıdır.

Sonda yadıma 90-cı illərin bir mahnısı düşdü: "Babamızın heykəli yox". Amma biz ürəyi geniş olduğumuzdan xalqımızın qatı düşməni olan Şaumyanlara, Baqramyanlara heykəl ucaltmışdıq. Ermənilərin sevimli cənab marşalı isə bu qalınlıqda kitabda Azərbaycanla, azərbaycanlılarla bağlı xoş bir söz deməyə xəsislik edib. Bəlkə buna görə də ruslara yaltaqlanaraq iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış Baqramyanın kitabdakı fotoşəkillərində üzündən xoşbəxtlik yağan özündən razı, lovğa erməninin simasını, daha doğrusu, simasızlığını gördüm. Çünki ondan bu kitabı yazmağı xahiş edən ermənilərin izzəti- nəfsini oxşamağı yaxşı bacarıb. Azərbaycanın Şamxor mahalında doğulsa da azərbaycanlılara qənim kəsilən, çörəyi dizinin üstündə olan nankor bir ermənidən ancaq bunu gözləmək olardı!

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV