Dövrün tanınmış maarifçisi, pedaqoqu Məhəmməd Tağı Sidqinin ailəsində dünyaya göz açan Məmmədəli Sidqi Hüseyn Cavidlə məktəb yoldaşı olmuşdur. İlk təhsilini atasının "Məktəbi-tərbiyə”sində alan, sonralar Naxçıvan kəndlərində müəllimlik edən Məmmədəlinin “Mütaliə sevən Əhməd" adlı pedaqoji hekayəsində belə bir hissə yer alır: "Kitab oxumağı o qədər dost tutardı ki, bir kitabı başlayanda onu qurtarmamış yarımçıq yerə qoymaq istəməzdi. Mütaliə etdikcə Əhməd daha artıq həvəslənərdi". Beləcə, dünya gərdişində, zaman öz işində. Jurnalistika fakültəsinin qiyabi şöbəsində "Füyuzatçılar" fənnini tədris edərkən Əsgər adlı tələbə mənə Əhmədi, mütaliəyə marağı isə yuxarıdakı hekayəni xatırlatdı. Ona fakültəmizin ilk qadın elmlər doktoru Sevil Həsənovanın dahi mütəfəkkir haqqında “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” adlı monoqrafiyası tövsiyə etdiyim kitablar arasında idi. Çox keçmədi ki, yuxarıda adını qeyd etdiyimiz kitab haqqında tələbənin "Monoqrafiyanın paradiqmatik quruluşu" adlı yazısı mətbuat səhifələrində göründü. Uzun illər sovetlərin "burjua yazarı", "milliyətçi" damğası vurduqları, əsassız şəkildə tənqid, təhqir etdikləri Hüseyn Cavidin böyüklüyünü sıravi universitet tələbəsi o zamanın "alimlərindən", "başbilənlərindən" daha çox anlamağı, monoqrafiyadan təsirlənməyi, təbii ki, bütün bu məqamlar müəllimlərini sevindirməyə, qürurlandırmaya bilməzdi. Duyduğumuz fəxarət hissi tələbəmiz olmağına görə, yaxud müəlliminin kitabına hazırladığı yazıda deyildi. Məsələ onda idi ki, bugünkü gənclik Hüseyn Cavid ucalığını dərindən dərk edərək yazır və yaşayır. Çünki bir zamanlar idi ki, Hüseyn Cavidə qarşı aparılan çirkin təbliğatda nəinki həmkarları, həm də dərs dediyi tələbələri belə iştirak edir, onun repressiyadan öncəki mənəvi sarsıntısına çalışırdılar. Yaxşı ki, Müşkünaz xanımın xatirələri vardır. O, həyat yoldaşı Hüseyn Cavidin dilindən eşitdiyi acı xatirəni qələmə alır:
"...bir tələbəsindən danışdı:
— Mən bu adama beş-altı ay dərs demişəm. Gözlərim bərk ağrayırdı."Tatarski" küçəsində yaşayırdıq. İşsiz qalmışdım, vəziyyətim də çox ağır idi. Metropol mehmanxanasının yanından keçirdim. Həmin tələbəmlə rastlaşdıq. Əynində xəz palto var idi. Salam vermədən mənə dedi: — Cavid, nə düşmüsən, boş-boş küçələri gəzirsən? Gedib bir yerdə işə girsənə?
Elə bildim ki, mənə güllə vurdu. Cavab vermədən kədərli halda yoluma davam etdim”. Tarixin kədərli məqamları ilə bərabər, həm də fəxarətli anları da vardır. Bunları oxucuya, geniş mənada xalqa çatdıranlar ziyalı kəslər, qiymətli kitablardır. Zərurətdən irəli gələrək aşağıdakı fikirləri yenidən yada salırıq: "...qeyd etmək lazımdır ki, Sevil Həsənova 25 ildən çoxdur Hüseyn Cavid yaradıcılığının tədqiqi ilə məşğuldur. O, 2005-ci ildə “Hüseyn Cavid yaradıcılığının tədrisinin şagirdlərin mənəvi tərbiyəsinə təsiri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək cavidşünas alimlərin sırasına qoşulub" (Bax: Q.Dünyaminqızı. "Sevilən kitab". "Ədalət" qəzeti 7 iyun 2023).
Deyirlər, söz sözü gətirər. Sözümüzün canı yenə kitabdır. Cavidşünas alim Sevil Həsənova nəfis tərtibatlı, zəngin içlikli monoqrafiyadan sonra "Hüseyn Cavid publisistikası və müasirlik" adlı dərs vəsaiti ilə yenidən böyük auditoriya qarşısındadır. Dahi mütəfəkkirin ölməz ruhunu və adını yaşatmaq naminə üz tutduğu bu dəfəki ünvan dərsliyin annotasiyasında da qeyd olunduğu kimi müəllim və tələbələrdir: "...Dərs vəsaitində ilk dəfədir ki, H.Cavidin dövrü mətbuatda, müxtəlif mövzularda çap olunan bədii-publisistik məqalələri (xüsusən də milli ruhu, türkçülüyü, turançılığı, təbliğ edən), resenziyaları, elmi-nəzəri fikirləri, geniş və obyektiv şəkildə tədqiqata cəlb edilib. Dərs vəsaiti əsasən jurnalistika və filologiya fakültələrinin müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur". Bu da heç də təsadüfü deyildir. Ən əvvəl ona görə ki, H.Cavid milli ruhlu müəllim idi: millət müəllimi!
"Füyuzat" nəşriyyatının mətbəəsində çap olunan "Hüseyn Cavid publisistikası və müasirlik" adlı dərs vəsaitinin elmi redaktoru filologiya elmləri doktoru, professor Abid Tahirli, rəyçilər AMEA-nın həqiqi üzvü Teymur Kərimli və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. Üç fəsildən ibarət kitabın "Giriş" hissəsində oxuyuruq: "H.Cavidin publisistikası da, dramaturgiyası da əsasən təlim-tərbiyəyə, soy-kökə, türklüyə bağlıdır. Odur ki, ədibin əsərlərindəki, məqalələrindəki, təlim-tərbiyə məsələləri, türkçülük turançılıq ideyaları obyektiv (marksist-leninçi materialist metadologiyadan uzaq), 20-ci yüzilliyin sonlarında daha geniş öyrənilməyə və təbliğ edilməyə başlanıldı".
Məlumdur ki, sovet dövründə ədəbi proseslər, gerçəkliklər çox zaman ört-basdır edilir, sovet ideologiyasının şərtləri əsas götürülürdü. Metamarfoza təkcə əsərlər, yaradıcılıq nümunələri deyil, yaradıcı beyinlər və onların sahibləri də məruz qalırdılar. Haqlı olaraq müəllif kitabda həmin məsələyə daha müfəssəl toxunur: "H.Cavidi sovet yazarına çevirmək üçün bəziləri "romantizmə realizm mövqeyindən qiymət vermişdilər". Bu mənada Sevil Həsənovanın "Hüseyn Cavid publisistikası və müasirlik" adlı dərs vəsaiti gerçəkliyi olduğu kimi təqdim etmək üçün qiymətli elmi-publisistik materialdır. Həmçinin istifadə olunan zəngin ədəbiyyat nümunələri dəyərə dəyər qatır, desək yanılmarıq.
Birmənalı şəkildə qeyd edə bilərik ki, yuxarıda da vurğuladığımız kimi, kitabın aparıcı elmi-ideoloji istiqaməti azərbaycançılıq, turançılıq, millilik və bəşərilik üstündə qurulmuşdur. Burada nəinki Azərbaycan ədəbiyyatının, jurnalistikasının, habelə müstəqillik dövrünün əsas inkişaf meyilləri, estetik idealı, onun tələbəyə gərəkli olacaq aparıcı janrları, poetikası, ideologiyası böyük ədib H.Cavidin yaradıcılığı fonunda ən incə məqamlarına qədər hər sətirdə özünü əks etdirir, hər səhifədə elmi-nəzəri yanaşmalara əsas yer verilir. Kitabın əsas məziyyətlərindən biri də dünyəvi elmi-nəzəri maraqlarla milli fikrin sintezinin aparılmasıdır. Digər tərəfdən də H.Cavidin bədii-publisistik məqalələrinin silsilə şəklində dərc edildiyi "Açıq söz", yaxud Azərbaycan Xalq Cümhuriyyəti dövrü daha çox çap olunduğu "İstiqlal", habelə ədibin sovet dövrü qərəzli tənqidə məruz qaldığı "İnqilab və mədəniyyət" jurnalı və "Kommunist" qəzetinin orijinal nüsxələri aparılan araşdırmanı, ortaya qoyulan sanballı vəsaiti müşayiət edərək oxucuda dolğun təəssürat formalaşdırır.
Sovet dövründə ədəbi və digər sahələr üzrə baş verən proseslər müəyyən mənada çoxlarımıza məlumdur. Gerçəkliklər çox zaman ört-basdır edilir, hakim ideologiyanın şərtləri əsas götürülürdü. Metamarfoza təkcə əsərlər, yaradıcılıq nümunələri deyil, həm də beyinlər və onların sahibləri də məruz qalırdılar. Haqlı olaraq müəllif Sevil Həsənovanın haqqında bəhs etdiyimiz kitabında bu məsələyə daha müfəssəl şəkildə toxunulur: "H.Cavidi sovet yazarına çevirmək üçün bəziləri "romantizmə realizm mövqeyindən qiymət vermişdilər". Bu mənada Sevil Həsənovanın "Hüseyn Cavid publisistikası və müasirlik" adlı dərs vəsaiti gerçəkliyi olduğu kimi təqdim etmək üçün qiymətli elmi-publisistik vəsaitdir. İstifadə olunan zəngin ədəbiyyat nümunələri isə dəyərə dəyər qatır.
Sonda vacib məsələni vurğulayaq ki, dövrümüzdə baş verən tarixi proseslərin mövcud reallıqların təkamülündən doğan, müəllifin daxili məntiqi, analitik təhlili və yaradıcılıq meyillərindən yaranan, əsası da azərbaycançılıq məfkurəsi və bəşəri ideyalar əsasında təhlil süzgəcindən keçirilən "Hüseyn Cavid publisistikası və müasirlik" adlı dərs vəsaitinin ilk səhifəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alır. Həmin Sərəncamda cənab prezident İlham Əliyevin söylədiyi fikirlər həm də bugünkü zamanda söz, fikir adamları üçün yol xəritəsidir: "“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar". Bu gün ümummilli məqsədlər naminə cəmiyyətin, xalqın, millətin birliyi daha həssas, olduqca vacib məsələdir. Və sonda belə bir nəticə də hasil olur ki, bu yolda professor Sevil Həsənovanın "Hüseyn Cavid publisistikası və müasirlik" adlı dərs vəsaitinin məhz ali təhsilin magistr səviyyəsi üçün nəzərdə tutulması heç də təsadüfdən deyil, tam da dövrümüzün gerçəkliklərindən qaynaqlanaraq oxucu düşüncəsində haqlı suallar doğurur: Bizlər bu gün əbədiyaşar Heydər Əliyevin maarifpərvərlik, vətənsevərlik məktəbinin ibrətamiz dərslərinin səfasını yaşamırıqmı? Bu gün böyük vüsət alan turançılıq, bütöv Azərbaycan, türk dünyasının birliyi Hüseyn Cavid kimi klassiklərimizin yaradıcılıqlarının təzahürü deyildimi? Ümummilli Lider Heydər Əliyevə hələ məktəb vaxtlarında ədəbiyyat fənnini tədris edən Şeyx Məhəmməd Rasizadə həm də Hüseyn Cavidin ilk müəllimi olmamışdımı? Bu mənada hər iki Vətən övladının bu millətə qazandırdığı milli, mənəvi, bəşəri dəyərləri zaman həmişə diri saxlayacaqdır. Tariximizin, şərəfli məqamları və şəxsiyyətləri əbədiyaşayacaq, zaman-zaman dərindən öyrəniləcək, daha da dərk olunacaqdır...
Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist
Əsgər İsmayılov, BDU Jurnalistika fakültəsinin məzunu