Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı törədilmiş və soydaşlarımızın ölümü ilə nəticələnmiş tamamilə əsassız, son dərəcə amansız zorakılıq Rusiya Federasiyası ərazisində etnik azlıqların hüquqlarının sistemli şəkildə pozulması haqqında növbəti həyəcanverici siqnaldır”.
Aalet.az xəbər verir ki, bu barədə Milli Məclisin VI çağırış deputatı olmuş Elnur Allahverdiyev sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda aparılan məhkəmə-tibbi ekspertizasının nəticələri ilə təsdiqlənən qətlə yetirilmiş Səfərov qardaşlarına qarşı işgəncə faktları hüquq və mənəviyyat normalarına etinasızlığı əyani şəkildə nümayiş etdirir: “Azərbaycan tərəfi araşdırmanın tam, qərəzsiz və açıq aparılmasını tələb edir. Günahkarlar tutduqları vəzifədən asılı olmayaraq məsuliyyətə cəlb edilməlidirlər. Lakin Rusiya tərəfi təsirli tədbirlər görmək əvəzinə qeyri-müəyyən bəhanələrlə kifayətlənir və ziddiyyətli məlumatların yayılmasına imkan verir. Bu, vəziyyəti daha da ağırlaşdırır və Moskvanın öz səhvlərini etiraf etməyə hazır olmadığını göstərir. Bu cür təcrübə yeni deyil. AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasını xatırlamaq kifayətdir – Moskva indiyədək Bakıdan rəsmi üzr istəməyib. Buna baxmayaraq, humanizm prinsiplərinə sadiq qalan Azərbaycan bu yaxınlarda baş vermiş 12 günlük İran-İsrail müharibəsi zamanı Rusiya vətəndaşlarının İran ərazisindən təxliyəsini təmin edib”.
E.Allahverdiyev əlavə edib ki, bu gün ölkəmizdə 120 minə yaxın etnik rus yaşayır, rus dilində təhsil verən 324 məktəb və 26 universitet fəaliyyət göstərir: “Son hadisələr kontekstində isə təbii olaraq sual yaranır: Rusiya-Azərbaycan münasibətləri nəyin üzərində qurulub – qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlığın, yoxsa dostluq ritorikası altında gizlənmiş birtərəfli mənfəətin? Azərbaycan Rusiya Federasiyası ilə münasibətləri gərginləşdirməyə çalışmır. Amma ədalətsizliyə, hörmətsizliyə və öz maraqlarının nümayişkaranə gözardı edilməsinə dözmək niyyətində deyil. Əgər Moskvada bunu hələ də dərk etməyiblərsə, bu, artıq bizim yox, onların strateji problemidir”.