adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Xoşbəxt və Səadət - Tərlanə Yaqubqızından HEKAYƏ

1314 | 2024-04-16 11:23

Gözəl bir yay səhəri idi. 

Sona bir həftə idi ki, məzuniyyətə çıxmışdı. Çoxdan planlaşdırdığı bəzi ev işlərini də görüb qurtarmışdı. Bu qəsəbəyə təzə köçmüşdülər. Ev iki otaqdan ibarət xudmani mənzil idi. Buradakı  qonşuların heç birini tanımırdı. Əslində, heç marağında da deyildi. Çünki iş adamı olduğundan  başqa adamlarla ünsiyyət qurmağa vaxtı yox idi. Həm də həyat yoldaşı ona işləməyə icazə versə də bəzi qadağalar qoymuşdu. Həmişə deyirdi ki,  insanın çox tanışı olması çox problem deməkdir. Necə deyərlər, az aşım, ağrımaz başım.

Sona darıxdığı üçün sadə yay libaslarından birini geyinib evdən çıxdı. O, həmişə sadəliyi sevirdi. İş yerinə toya bəzənmiş kimi qır- qızıl taxıb gələn, zər- ziba geyimli qadın həmkarlarına ürəyində gülürdü.

Evdən xeyli uzaqlaşmışdı.  Maşın yolunu keçib səkiyə yenicə adlamışdı ki, ondan iki- üç addım qarşıda  dayanıb tövşüyən hündüyboylu, kök qadın nəzərini cəlb etdi. Qadının əlində ərzaq dolu torbalar vardı. Qulağına taxdığı iri brilyant qaşlı sırğalar, boynundakı qalın qızıl zəncir günəşin şüaları altında  parıldayıb göz qamaşdırırdı.Yaxınlaşıb qadına kömək etdi. Bir neçə addım getmişdilər ki, qadın soruşdu:

- Qızım, birdən sənin yolun başqa səmtə olar. Mənə görə yolundan qalma.

- Narahat olmayın, heç yerə tələsmirəm. Buralara təzə köçmüşük . Özümə iş axtarmağa çıxmışdım.

 - İş məndə. Gedək bizə, səninlə iş barəsində danışaq.

Sona təəccüblə qadına baxdı. Qadın elə əminliklə danışırdı ki, elə bil məşgulluq idarəsinin rəisi idi. 
Evləri yola yaxın yerdə tikilmişdi.  Qəhvəyi rəngli, qızılı haşiyəli dəmir darvaza açıq idi. Onlar evə daxil olanda mətbəxdə yaşlı bir qadın nahara tədarük görürdü. O, Sonanı evə dəvət edən şişman qadına heç oxşamırdı.  Cılız, bəstəboylu biri idi. Qadın  Sonanı onunla tanış etdi.

- Böyük bacımdır. Mənim adım Səadətdir, onun adı Xoşbəxt. Bir yerdə yaşayırıq. Uşaqlar hərəsi bir yerə gedəndən sonra bir- birimizə sığınmışıq.Mən şəkər xəstəsiyəm. Bacımın da ürəyi ağrıyır. Ağır iş görə bilmirik. Arada- bərədə gəlib ev işlərində bizə kömək etsən, sənə necə lazımdı hörmət edərəm.
- Ay xanım, mən...

Qadın  ona sözünü deməyə imkan vermədi. Vaxt itirmədən təzə işçiyə təlimat verən müdir kimi sözə başladı:

- İlk növbədə mətbəxin pərdəsini yuyarsan. Ləkə- ləkədi. Həm də bacım siqaret çəkdiyindən his tutub. Atarsan maşına, özü yuyacaq. Sonra döşəmələri silərsən.

Təəccüblü burası idi ki, Sona robot kimi onun sözünə əməl edirdi. Çevik hərəkətlə pəncərəyə çıxıb pərdəni açdı. Bir qədər keçmiçdi ki,  qadın gülər üzlə onu nahara dəvət etdi:

- Gəl, əvvəl bizimlə nahar elə, sonra işləyərsən. İş qaçmır ki.

Sona etiraz etmədi. İnsafən, yaşlı xanımın bişirdiyi xörək çox dadlı idi. Yeməyi bitirər- bitirməz Sona işinə davam etdi. Ev təzəcə təmirdən çıxdığı üçün iş o qədər çətin deyildi. Otaqlarda mebel az olduğundan onların tozunu silmək də çox vaxt aparmadı. Zalın yuxarı başında qoyulmuş qədim royalın tozunu siləndə qapağını açıb  çalmaq istəyini  Sona ürəyində güclə boğdu. Deyəsən, royal elə- belə bəzək xatirinə bura qoyulmuşdu.

Qadın mətbəxdən onu səslədi:

- Balamsan,  həyətdəki dovşanların yemi qurtarıb, qaç üzbəüz mağazadan bir- iki kilo buğda al gətir.

Sona onun dediyi kimi qaça- qaça gedib buğda aldı.

Elə içəri təzə daxil olmuşdu ki, qadın yeni tapşırıq verdi:

- Dovşanların yemini ver, sonra bacıma siqaret almağa gedərsən. Bayaq yadımdan çıxdı, sənə demədim.

Buğdanı yerə səpməyilə təxminən yeddi- səkkiz dovşanın ona tərəf cummağı an məsələsi oldu. Yazıq dovşanlar acından ölürlərmiş. Qadın Sonanın hələ də həyətdə durub dovşanlara tamaşa etdiyini görəndə ərklə çığırdı:

- Ay qız, hələ getməmisən? Bacım siqaret gözləyir axı.

Dinməzcə həyətdən çıxdı. Ömründə siqaret almamışdı. Elə bilirdi siqareti özünə görə aldığını güman edib onu qınayacaqlar. Satıcı qızı aldatdı ki, atası üçün siqaret istəyir. Sonra da özünü danladı ki, niyə adi şeydən ötrü yalan danışır. Məgər ondan soruşan oldu ki, bugün ayın neçəsidir? Evə daxil olub siqaret qutusunu yaşlı qadına vermək istəyəndə özü az qala cumub  Sonanın əlindən aldı. Qutudan siqareti çıxarıb damağına qoydu. Tələm- tələsik alışdırıb  tüstünü acgözlüklə ciyərlərinə çəkdi. Onun bu tələskənliyi  bayaq  yemlədiyi dovşanları xatırlatdığından Sonanı gülmək tutdu. Gülüşünü gizlətmək üçün həyətə çıxıb pərdəni zivədən açdı. Havada az qala 40 dərəcə istilik vardı, nəinki pərdə, adam özü bu istidə quruyardı. Bir az bundan qabaq yeyib doymuş dovşanlar hərəsi bir kölgəlik tapıb mürgü vururdular. Elə içəri təzəcə daxil oldu ki,  balaca bacı  yeni əmr verdi. 

- Pərdəni asandan sonra gedib bizə yaxşı bir dondurma alarsan, həm də ən bahalısından.

İlk dəfə mağazaya yem almağa gedəndə Sonaya verdiyi əlliliyin qalığı hələ də cibində idi. Artıq bu istidə üçüncü dəfə mağazaya gedirdi. "Allahım, nəydi günahım" adlı türk mahnısını  ürəyində zümzümə edə- edə yola düzəldi. Bəxtindən mağaza on- on beş addımlıqda yerləşirdi. Bu yaxınlıqda  mağaza açdığına görə dükan yiyəsinin ölənlərinə rəhmət oxudu. Yoxsa yerdən- göydən alov yağdığı bir vaxtda uzaq məsafəyə getmək çətin olacaqdı. Satıcı qız onu yenidən görəndə gülümsündü:

- Deyəsən, lap yaxınlıqda qalırsınız. Amma sizi bu vaxtadək görməmişəm.

Nədənsə yalan danışmağa məcbur oldu.

- Xalamgilə gəlmişəm. 

Növbəti dəfə özümü qınadı. Bugün satıcı qıza iki dəfə yalan danışmışdı. Allah üçüncüdən saxlasın. Əslində düzünü də deyə bilərdi. Deyə bilərdi ki, məzuniyyətdəyəm, darıxdığım üçün özümə iş axtarıram. Amma belə iş yox. Öz ayağı ilə gəlib yaman yerdə axşamladı. İlk Braziliya serialının qəhrəmanı İzaura adlı qul qızı xatırladı. 

Bəlkə də İzaura onun yanımda toya getməli idi. Bu vəziyyətə necə düşdü, özünün inanmağı gəlmirdi. Elə bil  hər iki qadın Sonanı tilsimləmişdi.

Əyləşib dondurma yeyəndən sonra kiçik bacı xahiş etdi ki, ayağına yod çəksin. Böyük bacının da dərdi açıldı. Sanki bacısı ilə bəhsə girmişdi.

- Mənim də qolum ağrıyır.  Yəqin ürəyimin ağrısı qoluma vurur. Mənim qoluma da yod  çək.

Yodlama prosesi bitdikdən sonra  Sona özünü təcrübəli tibb bacısı kimi hiss edirdi. Kiçik bacı ona təriflər yağdırdı:

- Ay bala, əlində biotok var deyəsən. Ağrım o saat yox oldu.

Elə bu vaxt böyük bacı yod şüşəsini gün işığına tutub gileyləndi:

- Zəhrimara qalasan, bu da qurtarmağa vaxt tapdı. Sabah neyləyəcəyik? Bəlkə qaçıb yod alasan?

Yaxınlıqda aptek yox idi. Avtobusla dörd dayanacaq keçib aptekə getməliydi. Amma bu dəfə Sona  necə oldusa cəsarətə gəlib  qulluqçu rolunu sonlandırmağa qərar verdi.

- Allah köməyiniz olsun, mən sizin üçün uşaq - zadam bəyəm? Yaşım 40-ı çoxdan keçib. Bilmək istəsəniz, mən konservatoriyada müəllim işləyirəm. Məzuniyyətdə olduğum üçün darıxdıgımdan evdən çıxmışdım. Həm də hələ şüşənin dibində xeyli yod qalıb.   

Böyük bacı üzünü turşudub deyindi:

- Görürsən, əlimizin duzu yoxdu. Sən də bayaqdan bunu tərifləyirsən.  Bayaq qoluma yod çəkəndə fikir verdim, əsl pianoçu barmaqları var. Bəlkə də aktrisadı, görmürsən bayaqdan  necə rola girib. Hər nə isə...Görürsən,  Səadət, sənə elə mən qalacağam. Hər dəfə  tanımadığın adamı yoldan tutub evin yuxarı başına keçirirsən.

Kiçik bacı onun sözünə əhəmiyyət verməyib Sonaya yalvardı:

- Ay qızım, sən ona qulaq asma. Mən səni çox sevdim. Övladlarımız bizi atıb xaricə köçüblər. Hər ay da yetərincə pul göndərirlər. Əslində bizim onların puluna ehtiyacımız da yoxdur. Amma pul hər şeyi həll eləmir. Sən cavan adamsan, bizim hay- hayımız gedib, vay- vayımız qalıb. Gəl bizimlə yaşa, bizə qulluq elə, bütün var- dövlətimi, evimi, bağımı adına keçirim. Qarajdakı bahalı xarici avtomobili də sənə bağışlayaram.

Qadından bu sözləri heç  gözləmirdi.

- Axı siz məni tanımırsınız. Mənim ailəm var. Oğlum hərbi xidmətdədir,  həyat yoldaşım ezamiyyətdə. Mən ehtiyac üzündən yox, darıxdığım üçün iş axtarırdım. Başqa yerə köçdüyümüzdən əlavə dərs keçdiyim tələbələrdən ayrılmalı oldum.

Qadının gözləri sevinclə güldü:

- Nə yaxşı, əsl mən deyən adamsan. Neynirsən əlavə dərs keçməyi. Lap işdən də çıx. Evini ver kirayəyə, bizimlə yaşa. Qoy lap yoldaşınla oğlun da gəlsin. Görmürsən nə boyda ev- eşikdi? Bundan başqa iki yerdə də evim var. Hamımıza çatar.

- Ay xanım, qurban olum, atalar yaxşı deyib el- elə sığar, ev- evə sığmaz. Sizə kömək etmək istərdim. Amma mümkün deyil.

Böyük bacı acı dilini işə saldı:

- Buna bax, özünü elə aparır, elə bil nazir arvadıdır. Bəlkə ayaqlarına düşüb yalvarasan? Cəhənnəmə ki. Qoy gedib pianosunu dınqıldatsın. O olmasın, başqa biri olsun. O qədər kimsəsiz, ehtiyacı olan qadın var ki. 

Kiçik bacı etiraz etdi:

- Yox, bu qız mənim çox xoşuma gəldi. Özüm kimi təmizkar və zirəkdi. Elə bil cavanlığımdı. Eh, ay bacı, sən də acı dilinlə hamını bizdən uzaqlaşdırırsan. Siqaret çəkməkdən dilin də zəhərə dönüb.

Böyük bacı əks- həmləyə keçdi:

- Hə, indi günahkar mən oldum? Özün yaxşı bilirsən ki, siqareti kefimdən çəkmirəm. Ömür boyu sənin də övladlarına  baxdım,  öz övladlarıma da. Onlar heç sənin üzünü gördülər ki. Türkiyədən vurub Dubaydan çıxırdın, əlin qızılla, brilyantla oynayırdı. Bir nömrəli qızıl alverçisi kimi ad çıxartdın. Oğlanlarını xaricdə oxutdun. Amma nankor çıxdılar. Getdilər, bir də qayıtmadılar. Özləri getməyi bir yana, mənimkiləri də yanlarına çağırdılar. İndi bu yaşında köməksiz qalmışıq. Hanı, ömür boyu balalarına görə əlləşib- vuruşdun, sərvət yığdın. Görürsən, heç bir xeyri yoxdur.

Bacıların mübahisəsi xeyli uzun çəkdi. Sona  susub onların söhbətini dinləyirdi. Əslində, onların hər ikisinə yazığı gəlirdi. Özünü isə qorxulu yuxuda olduğu kimi hiss edirdi. Bu qadınlar  özləri var- dövlət əsiri olduqları halda Sonanı da öz əsirlərinə  çevirmək istəyirdilər. Sona  heç vaxt kölə olmamışdı. Bugün bu evdə gördüyü bütün işlər yalnız insanlıq naminə idi. Elə bilirdi ki, qoca qadınlara kömək etməklə savab iş görür. Amma onlar deyəsən belə ülvi hisslərdən xəbərsiz idilər. Elə düşünürdülər ki, həyatda hər şeyi pulla almaq olar. Bəlkə də övladları elə bu səbəbdən onları atıb getmişdi. Sonaya  onların təklif etdiyi heç bir şey lazım deyildi. Tələbə vaxtı qocaman müəllimi deyirdi ki, insanın gözü- könül toxdusa, ona heç bir sərvət lazım deyil, çünki onsuz da zəngin sayılır.

Sağollaşıb çıxan zaman kiçik bacının gözləri doldu.

- Etibarsız olma, heç olmasa, arada gəl- get. Səninlə çörək kəsmişik.

- Allah sizdən razı olsun, mən sizə əməyimi,  siz də çörəyinizi halal edin.  Başqa heç nə lazım deyil.

Qapıdan çıxanda  verdikləri pulun qalığı yadına düşdü. Çıxarıb qəpiyinə kimi masanın üstünə qoyanda  böyük bacı amiranə tərzdə acıqlandı:

- Hər nə qədər qalıb, halal xoşun olsun. Sənin qismətindir, qoy elə  səndə qalsın. Biz havayı adam işlətmirik. Götürməsən, təzyiqim qalxacaq. Mənə qəti əsəbləşmək olmaz.

 Pulu dinməzcə cibinə qoydu. Sağollaşıb çıxanda son dəfə  üzlərinə baxdı. Çox yazıq və miskin görünürdülər. Onların hər şeyi vardı, təkcə sevgidən, qaygıdan və nəvazişdən savayı.

Artıq sərin düşmüşdü. Həyətdəki qarnı tox dovşanlar dəcəl uşaqlar kimi o yan- bu yana qaçırdılar. Sona bacardıqca yeyin addımlarla  bu həyətdən, bu qadınlardan qaçıb qurtulmaq istəyirdi. Allah bilir, indi arxasınca nələr danışırdılar. Fikirləşirdi ki, bəlkə məzuniyyət boyu gedib onlara kömək etsin. Amma bunu pul müqabilində etmək istədiyini düşünəcəkdilər.

Dilənçi qadının yalvarış dolu səsi onu fikirdən ayırdı:

- Ay qızım, Allah işini avand eləsin, nənəyə kömək edə bilərsən? Evdə ac nəvələrim var.

Əlini cibinə salıb zəhmət haqqı kimi ona çatan pulu- otuz manatı  dilənçinin ovcuna qoydu. Qarının gözləri  güldü.

- Allah razı olsun, səni görüm xoşbəxt olasan, qızım. Allah səni heç kəsə möhtac eləməsin.

Qarının dualarına " Amin" deyib yoluna davam etdi. Özünü dünyanın xoşbəxti kimi hiss edirdi. Çünki o  varlı  və tənha qadınlar kimi nəfsimin qulu deyildi. Özünə görə hər şeyi- evi, işi,  ailəsi vardı. Sağlam idi. Adama xoşbəxt olmaq üçün daha nə lazım idi ki?

Bir dəstə göyərçin havada uçuşurdu. Ürəyindən keçdi ki, bu quşcığazlar ən xoşbəxt məxluqlardır, bir buğda dənəsi ilə kifayətlənirlər, insan oğlu isə ömrünün sonuna kimi var- dövlət axtarıışındadır. O var- dövlətə görə müharibələr, küsülülüklər baş alıb gedir.

Evin qapısını açıb içəri girəndə telefon aramsız zəng çalırdı. Tələsik dəstəyi qaldırdı. Həyat yoldaşı idi.  Bugün nə etdiyi ilə maraqlandı. Ona mağazaya getdiyini söylədi. Bəlkə də bugün üçüncü yalan idi ki, danışırdı. Əslində yalan da deyildi. Bugün o, üç dəfə eyni mağazaya getmişdi. Bacılar barəsində heç bir söz demədi. 

Adları Xoşbəxt və Səadət olan o iki bacı  dünyanın ən bədbəxt qadınları idi.

TƏQVİM / ARXİV