
Bozluğa həbs olunmuşlar
Hər bir filosofu öyrənmək, onun ideya aləminə yelkən açmaq üçün onun yaşadığı mühitin ilk növbədə ideya çalarını açmaq lazımdır. Çünki hər bir yeni fəlsəfə ortada olan ideyalarla mübarizədə ortaya çıxır. Mühitin rolundan çox təlimin formalaşmasında filosofun fərdiyyəti daha çox rol oynayır. Hər bir filosof təliminə öz fərdiyyətini hopdurur. Lakin cəmiyyət fərdiyyəti qəbul etmir və edə də bilməz. Buna görə də filosof öz fərdiyyətindən güzəştə getməli olur və bununla cəmiyyətdə istinad nöqtəsi tapmağa ümid edir. Bəlkə də mühitə güzəştə getdiyi ideyalar filosofun əsas təbliğ olunan ideyasına çevrilir. (Hegelin Prussiya monarxiyası haqqında məşhur fikrini xatırlamaq kifayətdir). Lakin bu baxımdan Sührəverdi istisna oluna bilər. Sührəverdi öz mühitində özünü yad yerdə olduğu kimi hiss edirdi. Mühitin dünyagörüşü, təfəkkür üsulu onu qane etmir, o nəyinsə həsrətini çəkirdi. İdeya baxımından, təfəkkür üsulu baxımından nə idi onu qane etməyən şey? Biz bu suala cavab verməklə mühitin Sührəverdiyə təsirini yox, tam əksinə, Sührəverdinin mühitə təsirini işıqlandırmağa çalışacağıq. Sührəverdinin mühitində 3 təfəkkür üsulunun yanaşı mövcudluğundan danışmaq olar: islamın doqmatik, peripatetiklərin (aristotelçilərin) rasional, sufizmin intuitiv təfəkkürü bu mühiti səciyyələndirirdi. İslam bu dövrdə artıq sosial hadisəyə çevrilmiş, siyasi-ideoloji mahiyyət kəsb etmişdi. Əlbəttə ki, belə olan halda din əvəzinə psevdodin yaranır. İslamdan rəsmi anlamından başqa digər dünyagörüşlərini, dəyər normalarını, əxlaq sistemlərini repressiyaya məruz qoyur. Elmdə isə peripatetizm mövqeləri güclü idi.