adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

STADİONU NECƏ DOLDURMAQ OLAR? - Aqil ABBAS yazır

AQİL ABBAS
507 | 2022-10-20 00:22

Azərbaycan çempionatında stadionlar boş qalır. Təbii ki, boş stadionda futbol oynamaq futbolçular üçün də maraqsızdı. Bu, boş zalda teatr göstərmək kimi bir şeydi. Azarkeş dəstəyi görməyəndə futbolçu da həvəsdən düşür.

Siftə Tovuzda və Şamaxıda az-çox azarkeş gəlirdisə, indi onların da sayı azalıb. Sumqayıt da onun kimi. Bunu həmin komandaların zəif oyun nümayiş etdirməsi ilə bağlamaq düzgün deyil. Ona qalsa «Qarabağ»la «Neftçi»nin, «Sabah»n, ya «Sabah»la «Neftçi»nin, «Zirə»nin oyunlarında da elə güclü bir azarkeş dəstəyi görmürük, stadionun yarıdan çoxu boş qalır.

Amma stadionu doldurmaq olar, bunun çox asan bir yolu var. Bizim millət ümidini mədəni adı lotereya olan, mədəniyyətsiz adı qumar olan oyunlara çox bağlıyır. Adamlar hətta ev-eşiyini satıb Topaza, Misliyə qoyurlar. Son qəpiklərini küçədə növbələrə durub «Poz-qazan»a verib, sonra da suyu süzülə-süzülə əliboş gedirlər uşaqlarının yanına. Düzdür, son zamanlar çox yaxşı reklam təşkil ediblər, ay biri əlli min uddu, biri iyirmi beş min, biri on min, biri ferma açdı, biri ev tikdi və sair və ilaxır.

Yaxşı olar ki, belə oyunları stadionda keçirələr. Bunu Misli də keçirə bilər, Topaz da. Və yaxud hansısa bir təşkilat da, elə AFFA özü də.

Necə? SSRİ vaxtı «Neftçi»nin oyunlarında bəzən belə lotereya oynanılırdı. Hər kəsin aldığı bilet özü lotereya idi. Stadionda üç baraban qurulurdu, birinin içinə sektor nömrələri, birinin içinə sıra nömrələri , birinin içinə içə oturacaq nömrələri qeyd edilirdi. Oyundan sonra komissiya bu barabanların hərəsindən nömrələrin birini çıxarırdı. Məsələn, 8-ci sektor, 10-cu sıra, 25-ci yer. Həmin biletin sahibi qalib elan olunurdu. Adətən maşın qoyurdular.

Əslində onda buna ehtiyac yox idi. «Neftçi» Azərbaycanın yeganə komandası idi və stadiona 35-40 min adam gəlirdi. Buna indi ehtiyac var. İnandırıram sizi bilet üstündə qırğın düşəcək, «Qarabağ»la «Nant»ın oyunundan da betər olacaq. Bundan başqa elə adamlar olacaq ki, 15-20, hətta 30, 50 bilet alacaq. Özü də heç bahalı maşın da qoymaq lazım deyil, elə ucuz maşın qoymaq kifayətdir.

Yuxarıda dedim axı, millətimiz belə şeylərə meyllidi.

P.S. Amma onu da qeyd edim ki, mən bütün lotereyaların əleyhinəyəm, amma stadionu doldurmaq üçün bunun başqa çarəsi yoxdu.

TƏQVİM / ARXİV