adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ŞAHMI, YOXSA SULTANMI?

ORXAN ARAS
31986 | 2012-06-23 08:37
Türkiyədə siyasi gəlişmələrin də yardımıyla son illərdə olduqca populyar olan və yazdığı tarixi romanları ilə önə çıxan ədəbiyyatçı İskəndər Palanın çox müzakirə edilən "Şah və Sultan" romanı nəhayət Azərbaycanda da yayınlandı.
   
   Məncə Azərbaycanda Türkiyə türkcəsində ən yaxşı danışan dəyərli elm adamı professor Əsgər Rəsulov bəy keçən həftə "525-ci qəzet"də yayınladığı "Qalibi olmayan müharibə Çaldıran Savaşı" başlıqlı məqaləsində romanı incələyərək təəssüratlarını yazdı. Məqaləni maraqla oxudum. Dəyərli xocam romanı oxumuş və onu ədəbi yöndən şərh etməyi tərcih etmişdir. Sadəcə məqaləsinin sonunda İskəndər Palanın romanında Xətai haqqındakı səhvə toxunmuşdur. Halbuki roman başdan başa bir yanlışlıqlar komediyasıdır. Yazarın özəlliklə Şah İsmayıl mövzusunda etdiyi xətalar inanılır kimi deyil.
   
   Bu romandan öncə Reha Çamuroğlu isimli bir yazarın yazdığı "İsmayıl" romanı da nə yazıq ki eyni yanlış hökmlərlə doludur.
   
   Təbii ki, bir romançı tarixçi deyil. Və romanda mütləq tarixi dəlillərə də dayanması məcburi deyil. Amma Şah İsmayıl kimi bir şəxsiyyəti alçaltmaq, onu qəddar, despot, mərhəmətsiz bir xain obrazında göstərmək, hələ onun namusunu lağa qoymaq, vicdanlı bir romançının işi olmamalıdır.
   
   Mən romandakı bütün yanlışlıqları bu məqalədə göstərmək fikrində deyiləm. Amma müəyyən yanlışlıqları ifadə etmək lazımdır.
   
   Osmanlının Şeyxülislamı Xoca Səadətdin Əfəndinin təktərəfli mövqedən yazdığı tarixlə Şah İsmayılı dəyərləndirmək və qaralamaq nə qədər insaflıdır əcəba?
   
   İskəndər Pala romanını yazarkən bir az "nə şiş yansın, nə kabab" siyasətini güdsə də, oxuyan hər oxuyucu İskəndər Palanın hansı tərəfdən çıxış etdiyini çox yaxşı anlamaqdadır. Bu gün Türkiyədə Şah İsmayılı yeddi ulularından biri bilən və onu müqəddəs olaraq görən milyonlarca Aləvi vardır və bütün Aləvilər bu romandakı mövzuların necə bu qədər təhrif olunduğunu istər istəməz İskəndər Paladan sormaqdadırlar.
   
   Romandakı müəyyən xətalara baxsaq, oxuyucunun necə aldanıldığını da açıq görmüş olacağıq.
   
   İskəndər Palaya görə, Şah İsmayıl sünnidir deyə anası Aləmşah Bəyimi gözünü qırpmadan öldürtmüşdür. Əsgər Rəsulov bəy də məqaləsində Aləmşah Bəyimin Uzun Həsənin qızı olub, əsil adınınsa Teodora olduğunu yazmışdır. Uzun Həsənin qızının əsil adının necə Teodora olduğu məni də maraqlandırdı doğrusu. Halbuki Aləmşah Bəyimin anası Desphina Trabzon Rum İmperatorunun qızıdır və Uzun Həsənin xanımıdır. Yəni xristian olan Aləmşah Bəyim deyil, anası Desphinadır.
   
   Şah İsmayılın anasını sünnidir deyə öldürtdüyü də Osmanlı saray yaltaqlarının uydurduğu quyruqlu bir yalandır. Bu mövzuda ən gözəl və isbatlı məqaləni yazan Ankara Gazi Üniversiteti müəllimlərindən tarix elmləri doktoru Tufan Gündüz bəydir. İskəndər Pala, bu ana öldürmə hadisəsi bilgisini tarix elmləri doktoru Erhan Afyoncudan aldığını söyləməkdədir. Tarixçi Tufan Gündüz, 24 dekabr 2010 tarixində "Habertürk" televiziya kanalında "Tarihin Arka Odası" proqramında tarixçi Erhan Afyoncunun gözlərinin içinə baxa baxa bu bilginin kəsinliklə yanlış olduğunu,uydurulduğunu söyləyincə, tarixçi Afyoncu cavab verəmməmiş, başını aşağı endirib susmuşdu.
   
   Romandakı ikinci böyük yalan, Çaldıran savaşı sırasında Qəmbərin ağzından Sədrəddinlə Lələ Hüseynin deyişmələrinin uzun uzun verilməsidir. Halbuki Lələ Hüseyn o tarixdən çox çox öncələri vəfat etmiş və əsla Çaldıran savaşına şahid olmamışdır.
   
   Romanda keyflə bəhs olunan Taclı Xatunun əsir edilib Cəfər Ağa ilə evləndirilməsi də bir başqa yalandır. Şah İsmayıla məzhəbi üzündən böyük kin bəsləyən İdrisi Bitlisi, Xurşid Bitlisi və digər saray tarixçilərinin anlatdıqları hekayələrin heç birinin əsaslı dəlil sübutu yoxdur.Taclı Xatunun məzarı Şirazda Bibi Dutəmdədir. Belə ki, Çaldıranda yaxalanmış və qızıllarını verərək canını qurtarmışdır. Onun gerçək hekayəsi ilə maraqlananlar yenə tarixçi Tufan Gündüzün "Son Kızılbaş Şah İsmail" kitabına baxa bilərlər.
   
   Romanda Şah İsmayıl daha da qorxunc və vəfasız olsun deyə Osmanlıya üsyan edən Şahqulunun onun yanına gedərkən Şah tərəfindən öldürüldüyünün də necə böyük bir yalan olduğunu Rumlu Həsənin "Ahsenüt Tevarih" isimli tarix kitabını oxuyunca görürük. Çünki Rumlu Həsən kitabında Şahqulunun məzarının Anadoluda olduğunu və Anadoluda Osmanlılara qarşı çıxan savaşda öldüyünü yazmaqdadır.
   
   Şah İsmayılın Təbrizdəki sünniləri qazanda qaynadaraq öldürdüyü yalanı da romanda yer almaqdadır. Bütün tərəfsiz mövqedən yazan tarixçilər Şahın çox mərhəmətli və müdrik bir insan olduğunu qeyd etmişdilər. D. Sabitiyano tərəfindən yayınlanan bir əlyazmada Yavuz Sultan Səlimin atası Bəyazid, Şah Heydəri tərifləyərək ona "seyyid oğlum" deyə xitab etməkdə və onların ailəsinin necə təmiz bir ailə olduqlarını söyləməkdədir.
   
   Təəssüf ki, Osmanlı sarayından bəslənən və eyni milləti bir birinə vurmağı bir çörək qapısı olaraq görən, insanları şiə və sünni olaraq bölən bəzi alim adındakı yalançılar bu qara dedi qoduların yayılmasına səbəb olmuşlar.
   
   Tarixçi deyə şiələrin, aləvilərin ölümlərinə fətva verən Xoca Sədrəddinin, Uzun Həsənin katibi ikən qaçıb Yavuz Sultana sığınan İdrisi Bitlisinin və Xurşid Bitlisinin yazdıqlarına inananlara gerçək tarixçilər gülərlər ancaq.
   
   Mərhum hekayəçi Ömər Seyfəddin də bu yalanlardan təsirlənərək yazdığı "Pempe İncilli Kaftan" hekayəsində İstanbuldan gedən Osmanlı elçisini Şah ismayılla tərcüməçi aracılığıyla danışdırır. Güya Şah İsmayıl farsdır və türkcə bilməz. Bu bilgisizlik deyil də nədir?
   
   Bütün bu yalanlara uyan sadəcə professor İskəndər Pala kimilər deyillər.
   
   "Odatv" yazarlarından Lena Umay da 2009cu ildə yazdığı bir yazıda Şah İsmayılın əslində türk deyil kürd əsilli olduğunu yazmışdır. "İsmayıl" adında bir roman yazan Reha Çamuroğlu da eyni fikirdədir və Şah İsmayılın kürd əsilli olduğunu irəli sürmüşdür. Yalanın sonu yox. Uydur uydura bildiyin qədər. Bu adam əgər başqa bir soydansa niyə onun ətrafında bütün türkmən qəbilələri birləşirlər? Şah İsmayıl niyə İdrisi Bitlisi kimilərin yanına deyil, Ərzincan və Sivasdakı türkmən tayfalarının yanına gedir və Türkmən Qurultayını Sarıqayada toplayır? Şeirlərini niyə kürdcə yox türkcə yazır?
   
   Halbuki Şah İsmayıl Anadoludakı türkmənlər tərəfindən o qədər sevilir ki, sadəcə Anadolu və Azərbaycanda deyil, İstanbulda belə heyranları vardır və daha 1501ci ildə Dədə Məhəmməd isimli bir şeyx ona dərvişi Dədə Həsəni göndərir və gərəkərsə 2-3 min yardımçı göndərə biləcəyini yazır.
   
   Xaçlılara qan qusduran Səlahəddin Əyyübi haqqında da eyni yalanları yazdılar. Amma Səlahəddin Əyyubinin yanında yaşamış və "Kitabul İtibar (İbrətlər Kitabı)" nı yazan Usamə İbn Munkız, kitabının 109cu səhifəsində Səlahəddinin sadəcə türkcə danışdığını yazmaqdadır. Kürd bir lider niyə hey türkcə danışsın ki?!
   
   Bu məqaləni yazmaqda məqsədim Azərbaycanda daha yeni yayınlanan bir romanı qaralamaq deyildir. Məqsədim, sadəcə romanı oxuyan oxuyucunun doğruları görə bilməsini təmin etməkdir. İyirminci yüzildə nə Yavuzun, nə də Şah İsmayılın tərəfində, nə də adı tarixə yazılmış bir dövlət adamının qan bağını isbat etmək məqsədində deyiləm. Döyüşlərdən, savaşlardan, ayrılıqlardan dərs çıxarmalı və gələcəyi də yalanlar və xəyallar üzərinə deyil, doğrular üzərinə inşa etməliyik.
   
   Bir neçə gün öncə vəfat edən fransız filosof Roger Garaudynin dediyi kimi , gələcəyin yoxluğu insanı heçə endirər.

TƏQVİM / ARXİV