adalet.az header logo
  • Bakı -°C

Səkkiz martdan əvvəlin və sonranın statusları - Pərvanə Bayramqızı yazır

118 | 2026-05-25 13:00
A- A+

Cəmiyyətin başını qatmaq üçün ortalığa iki mövzu atdılar. 

“Ağıllıyam” demirəm, sadəcə, quyuya atılan daşı çıxarmaq fikrim yoxdur.

Həmin mövzulara uyğun konkret fikir bildirməyi sonraya saxlamışam, hələlik reallıqları qələmə alıram. 

Çıxışlarında qadına dəyərdən danışanların  çoxunun qadına əsl münasibəti əlverişli şərait, fövqəladə hal yarananda, məqam gələndə üzə çıxır.

Belələri “qəlb qırmağı sevmirəm” deyə-deyə qəlb qıran adamlara bənzəyirlər.

Dünyanı qadın xilas etməyəcək, qadını dünyadan xilas etmək lazımdır.

***

Sənətə də, ədəbiyyata da gəlirlər, ərə isə gedirlər. Dünyanın həm yaxşı, həm də pis gediş-gəlişi budur. İkisində də uğur da olur, peşmanlıq da.

***
Xəstəxananın darvazasının qarşısında taksi gözləyirdim. Keçiddən qadınla kişi keçirdi. Kişinin sağ ayağı gipsdə idi. Qolunun birinin altında ağac əsa, digərində canlı əsa — qadın vardı. Canlı əsa kişini gözləyir, addımlarını onunkuna uyğun atırdı. Ayağını asfalta ehmalla qoyurdu, kişiyə görə ağır-ağır yeridiyi aydın idi. Tək olsaydı, bəlkə də, qaydanı pozar, yolun o üzünə maşınların arası ilə keçərdi. İndi dayaq olduğunda az qala sürünə-sürünə ötürdü. Kənardakıların anladığı məqam, deyəsən, kişiyə qaranlıq qalmışdı. Qadına təpindi:

— Bit kimi qımıldanırsan, bir az cəld ol.

Qadın sürərini bərkitdi. Kişi yenə razı qalmadı:

— Tez ol! Topalsan?

Yazıq qadın susaraq yola davam edirdi.

Kişinin qayğıya ehtiyacı vardı, amma qayğı göstərənə güc göstərirdi. Cinsinin verdiyi üstünlükdən əl çəkmək fikri yox idi.

 Qadınlar da bir olmur, atam balası, bədbəxti var, xoşbəxti var...

***
Qadın salonunda qızğın iş gedir, birinin saçı, birinin qaşı, birinin makiajı. Saç ustası qaçır hərənin işindən bir az görür, bir yandan da qadınların ərləri zəng edir, hərəsi bir dəfə "harada qaldın", "nə çox çəkdi" və s. deyir, qadınlar da ustanı tələsdirir ki, cəld ol, ərim acıqlanıb. Həyəcandan ora-bura vurnuxan saç ustası deyinməyə başlayır:

— Ay Allah, mən öz ərimdən qulağımın dincliyi üçün boşandım ki, rahat yaşayım, indi də qonşu qadınların ərlərinin qorxusundan həyəcan keçirirəm.

***

— Anam xəstədir, işdən çıxanda əvvəlcə gedib onlara xörək hazırlayıram, evlərini səliqəyə salıb sonra öz evimə gedirəm. 

— Sağ olsun, yoldaşın necə yaxşı insandır, anlayır ki, valideynə qayğı göstərmək lazımdır, sənin onlara getməyinə etiraz etmir.

— Hə, bu başa düşür belə şeyləri, əvvəlki ərim belə deyildi.

***
Cavan qalmış yaşlı qadın — yaşlı görünən cavan qadın. Qismət budur. 

Aqressiv, eqoist ərli qadın sadə, mehriban boşanmış qadını qınayır: yaxşı olsaydın, dolanardın. Bəxt də budur.
Ömrünü çətinliklərə sinə gərərək başa vurmağına, öz istəklərini öldürüb ailənin tələblərinə boyun əyməyinə baxmayaraq qədri bilməyən, əzizlənməyən qadınsa bütün qınaqların üstündən xətt çəkməyə hazır olur, təki həyat ona yenidən bəxş edilsin. İkinci ömürdə birincinin əksini yaşamaq istəyi hər şeyə güc gəlir: növbəti dəfə yalnız özüm. Bu isə qismətlə bəxt anlayışını rədd etməkdir. Ağıl sonda özünü göstərir, elə məqamda işə düşür ki, vaxt tükənmiş olur. Artıq arzulamaq da gec və yersizdir.

Bunlar səkkiz martdan sonranın statusu olsa da səkkiz martdan əvvələ aiddir. Yox, düz demədim, bir ömürlük statuslardır.

***

Sürücüdən dayanacaqdan kənarda saxlamasını tələb edir. O da israr edir ki, cəriməsi var, saxlaya bilmərəm. Qadın qışqırır:

— Mənə burda düşmək rahatdır, evim burdadı!

Sürücü məhəl qoymayıb dayanacağa doğru sürür. Qadın bu dəfə qarğış tökməyə başladı. Yazıq sürücü narazılıq etdi ki, məni qaydasız işləməyə təhrik edir, üstəlik də qarğıyırsan. Neynəməliyəm, hamını bir-bir qapısının ağzında düşürməliyəm?

Vəssalam! Səbəb tapıldı. Qadın yüyürüb gəldi, adamları itələyib sürücüyə əl-qol atmağa başladı:

— Köpəyin oğlu, sən bilmirsən, kimin bacısına söz deyirsən!

Həəə, məsələ aydın oldu, qadın elə qardaşının harada işlədiyini, kim olduğunu car çəkmək istəyirmiş, çünki özünü ata, qardaş, ər heç kim edib.
 

TƏQVİM / ARXİV