Salam, müəllimə - Kamalə Abiyeva yazır

281 | 2025-05-15 11:45

(Sənədli hekayə)

 

Diksindim. ”Müəllimə” deməyindən tanıdığımı, məzunlardan biri olduğunu anladım. Baxışlarımdan üzündə qəribə narahat təbəssüm yarandı, kədərliydi. Elə bil məcburən gülümsədi:

-Tanımadız deyəsən... Mənəm də...

Bu, tanımamaq deyildi, tanınmaz haldan çaşıb qalmaqdı: Bütün şagirdlər yaddaşda xüsusi izlər qoymur. O, fəqli olanlardandı. Xatırladım. Hündürboylu, dümdüz, yaraşıqlı oğlana həm də oxşamırdı. Dibi görünməyən çuxura dönmüş gözlərində bəbəyinin rəngini tanıdım. Yaşılla mavinin qarışığını xatırladan qəribə rəngli gözlər hamıda olmur.

Payızın ilk ayı idi. Hava azacıq sərin olsa da, günəş hələ gülümsəyirdi. Osa toxunma papağını qulaqlarını gizlədənə kimi başına keçirmişdi. Şagird olanda adamın düz gözünün içinə baxmağıyla, lovğa duruşuyla çoxlarını qıcıqlandıran oğlanın baxışlarını tutmaq olmurdu. Başı böyük periodlu  rəqqas kimi yellənirdi.

     Ülvi ipə - sapa yatmayan, müəllim və şagirdlərin dil tapmaqda, ortaq məxrəcə gəlməkdə çətinlik çəkdiyi üç qardaşdan ikincisiydi. İki qardaşın kitab-dəftərdən xəbəri yoxdu. O, qardaşlarına nisbətən yaxşı oxuyur, yaxşı qarmon çalırdı. Diqqət mərkəzində olmağa həvəsliydi, iddialıydı, seçilmək istəyirdi, amma bunu necə etməyin doğru yolunu tapa bilmirdi. Sadəcə tez-tez dava salır, yerli – yersiz mübahisə edir, münaqişə yaradırdı. Adı tez-tez çəkilirdi. Bu ona zövq verirdi, onun üçün səbəb yox nəticə önəmliydi. “Məndən çox danışırlar, fərqliyəm, yaxşıyam” deyə özünə bir həqiqət uydurub ona tutunmuşdu. Bu uydurma isə reallığı  görməyə mane olurdu. Kiminsə üstün olmasını, təriflənməsini qəbul edə bilmirdi.

Kiminsə üstünlüyünü etiraf edə bilmirsənsə, içində həsəd hissindən qısqanclıq doğulur. Bu qısqanclıq bədxassəli şiş kimi səni yeyib-bitirir, acı verir. Və yanlışlara aparır. Başqasının təriflənməsinə dözümsüzlük özgüvənin olmamasıdır. Özgüvənin - özünə inamın yoxdusa, yaşamaq çətinləşir. 

Kiçik yaşlardan “əl vurma, sındırarsan”, ”xarab edərsən”, “bunu bacarmazsan” deyil, “bacararsan” hissini aşılamaq, uşağın bacarığını, marağını müəyyən etmək, yönləndirmək, öz bacarığına inam yaratmaq vacibdir.

Övladınız rəsm çəkməyi sevirsə,çəkdiyi rəsmləri bəyənməsəz belə, “istedadı yoxdur” deyib, rəngli qələmlər, rəsm dəftəri almaqdan vaz keçməyin. Arabir ona başqa rəsmləri göstərin sadəcə. Kiminsə daha yaxşı şəkil çəkdiyini özü anlasın, müqayisə və etiraf edə bilsin.

Etiraf etməyi bacarsan, rahat olacaqsan, çünki özünü, öz gücünü görə biləcəksən. Bu özgüvənin yaranmasında mühümdür.

Yararsız insan yoxdu. Alim, yazıçı, ya bəstəkar olmamaq, bacarıqlı usta, bağban, dərzi ola bilməmək anlamına gəlmir. Tablo yaratmaq istedadı olmayan dərzi kimi don tikə bilməyən rəssam da var. Əsas  özünü unutmamaq, maraq dünyanı tapmaq, qorxmamaqdır. Onda başqasının bacarığı, istedadı qıcıq yox, heyranlıq yaradır. Əks halda, hamıda, hər işdə daha çox nöqsan axtarır, paxıllıq hissiylə yaşayırsan.

Belələri kiçik yaşlardan seçilir, həmişə narahat olur, narahatlıq yaradırlar. Bu zaman ətrafın, xüsusən də valideynlərin düzgün yanaşması çox vacibdir.

Ülvinin valideynlərinin münasibəti yanlış idi. Övladlarını özlərinin düşüncə  çərçivəsinə salmışdılar. Heç bir başqa fikri, iradı qəbul etmirdilər.

Onlar üçün müəllimin fikri istənilən ədədin sıfra vurulması kimiydi - nəticə dəyişmirdi. Bütün çabalar “0” idi. Müəllimi saymazdan gələn, həmişə məktəbdən narazı, şikayətçi olan valideynlər olur. Təbiiki müəllim həmişə haqlı deyil. Onun səhvlərinin nəticəsi ağırdır. Amma bu o demək deyil ki, müəllim həmişə haqsızdır və onun fikrini saymazdan gəlməlisən. Ən bəyənmədiyin müəllimin fikrinə də diqqət yetirmək lazımdır. əksi daha ağır nəticə verə bilər. İstənilən halda müəllim daha çox susur, güzəştə gedir. Bir də məcbur qalırsa, usanan, ”ehhh..., mənə nə?” deyib əlini yelləyən müəllimlər çoxalır. Bu isə qorxuludu, çünki müəllim laqeydliyi yaranır. Bu laqeydlik  şagirdə, deməli cəmiyyətə ötürülür. Belə cəmiyyətin və belə cəmiyyətdə məhv olma təhlükəsi var.

Məktəb elə yerdi ki, burda nə üşaqlar, nə valideynlər, nə də müəllimlər azad ola bilməzlər. Çünki hər üç tərəf bir-birindən asılıdı: bu asılılıq onların azadlığını, azadlıqları asılılıqlarını qoruyur. Bu üç tərəfin münasibəti, bir-birini anlaması, bir-birinə dayaq olması - işbirliyi cəmiyyətin formalaşmasına yansıyan mühüm amildir. Bu münasibətin nöqsanları, problemləri hər fərdin, hər ailənin, eləcə də cəmiyyətin həyatına təsir edir.

        Ülvigilin ailəsi məhz bu münasibətin alınmadığı ailələrdən idi. Çox vaxt belə ailələrin övladları əvvəl məktəbin, sonra ətrafın - cəmiyyətin başağrısı olur.

Adətən bizim ailələrdə məktəbə daha çox analar gəlir. Atalar məktəbə gəlməyi, övladının məktəbli həyatından xəbər tutmağı vəzifə hesab etmir. Özlərini elə aparırlar guya bu yemək bişirmək, ya qab yumaq kimi anaların işidi. Analar da çox şeyi atadan gizlədir. Guya atanın bütün işləri övladından önəmlidi.

Ülvigilin ailəsi elə deyildi. Ata-ana tez-tez məktəbə gəlirdi. Kaşki gəlməyəydilər, çünki ancaq dava salır, ora-bura şikayət etməkçün bəhanə axtarırdılar. Müəllimlərin çətinliklə də olsa, övladlarıyla qurduğu münasibəti də dağıdırdılar. Əgər müəllimlərlə azacıq həmrəy olsaydılar, bəlkə də onlara kömək edə bilərdik. Valideynləri başa düşə bilmirdik, çünki kiçik bir iradı belə qəbul etməyən valideynlərlə işbirliyi alınmır. Canımız burnumuzda idi bu ailənin əlindən. Nə qədər çalışsaq da, qardaşlardan heç birini 9-cu sinifdən hansısa sənətə, peşə məktəbinə göndərə bilmədik. Ata yenə qalmaqal yaratdı, məktəbdən şikayət yazdı. Məktəbin-müəllimin fikri belə məsələlərdə nəzərə alınmır. Təkrar olmasın, çünki müəllimə“hüququ yoxdu, ancaq borcu var” kimi bir yanaşma mövcuddur.

Valideynlərə “Ülvi musiqini sevir, o sahəyə aparın” desək də, xeyri olmadı. Qarmon çalanda üzündəki məmnun, xoşbəxt ifadəni valideynləri duymur, görmürdülər. Ana da vay-şivən saldı: Nə danışırsız, Ülvi mənim bütün arzularımdı, oğlum hüquq fakultəsinə hazırlaşır, prokuror olacaq. Prokuror olanlar ondan artıqdı?
Təbiiki valideynlər yenə haqlı oldu, məktəb – müəllim günahkar və Ülvi qaldı. Beləcə Ülvi və qardaşları müəllimlərin “Ehh”deyə əl yellədiyi şagirdlərdən oldu. 
Əslində Ülvi hüquq fakultəsinin tələbəsi olmaq gücündə deyildi. O, qardaşları ilə, yalandan “kafi” qiymətləndirdiyimiz uşaqlarla müqayisədə oxuyan hesab olunrdu, yəni “kafi” qiymətini ala bilirdi.

     Məzun olduqdan  bir-neçə il sonra ona böyük marketlərin birində rastladım, ”adminstratoram” dedi. Rahatca danışdığı yalanı anlamaq da rahat idi. Amma özümü bu yalana inanır kimi apardım, təbrik etdim, sevindiyimi söylədim. Danışmaq istəyirdi elə bil, ”tələsirəm” deyib  uzaqlaşdım.  Etiraf edim ki, görmək istəmədiyimiz məzunlar, valideynlər olur. Görəndə görməzdən gəlmək istəyirsən, amma müəllim vicdanın yol vermir çox zaman, yalandan gülümsəyirsən. İndi də belə oldu. Sevinməyimsə doğruydu. Onun “administratoram” yalanı önəmli deyildi, hardasa işləməsi, zəhmətlə pul qazanması sevindirdi məni. Düşündüm ki, kaş Ülvi öz yalanına - administrator olmaq arzusuna güvənə.

Elə yalanlar var həqiqət, elə həqiqət var yalan olmasını arzulayırsan.Mən də bu yalanın həqiqət olmasını arzuladım...

 Kədərləndim sonra yol boyu; arzuları  vardı, oxumaq istəyirdi. O valideynlərlə bunu eləmək çətindi. Nədənsə ananın da sözlərini xatırladım: “Oğlum prokuror olacaq. Prokuror olanlardan nəyi əskikdi?” Və hardasa qadın haqlıydı. Elə prokurorlar var ki... Bəlkə Ülvi onlardan yaxşı olardı? Bəlkə də ola bilərdi. Ana bunu istəyirdi - bütün analar kimi övladını öz xəyalında yaratdığı ucalıqda görmək onun haqqıydı, amma övladına necə kömək edəcəyini, dayaq olacağını, oğlunun harda olmaq istədiyini, nəyə gücü çatacağını bilmirdi. Xəyallarla, arzularla yaşamaq gözəldi, təbiidir. Amma arzu və xəyal fərqlidi. Elə adamlar var ki, onlar daha çox xəyallarına tutunur. Ülvinin anası da həqiqəti görmədən xəyallarla yaşayırdı. Yanındakı kişini-atanı görmürdü. Qadın övladlarıyla dünyaya gələn xəyalların qanadında uçurdu, özünü aldadıb yaşayırdı.

Adamı özü qədər kim aldadır ki?!

Ona görə də ana birlikdə yaşadığı təhlükədən nə özünü, nə də övladlarını qoruya bildi. Uşaqlar birtəhər məktəbi bitirdi, qarşıdasa daha çətin məktəb vardı-

HƏYAT...

Nəata - ananın dava – dalaşı, nə də kor – koranə sevgisi uşaqların hansısa sənətə yiyələnməsinə, ya hardasa işləməsinə köməkçi olmadı. Ara-sıra məhəllələrdəki kiçik dükanlarda çalışmaları müvəqqəti olurdu. Çünki müəllimlər qədər kimsə susmadı. Güzəştə getmədi. Ailənin gözlənilən problemləri bundan sonra başladı. Müstəqil həyata hazır olmayan oğlanlar çaşbaş qaldılar. Fəlakətə oxşayan ata isə ailə üçün

Fəlakət oldu.

 Ülvigil köhnə Bakı məhlələrindəki həyətlərdən birində olurdu. Sonralar sökülən Qədim Bakı məhlələrinin özünəməxsusluğu vardı. Küçələrə baxan qapıların hamısı həyətə açılırdı. Hər həyətdə 3-4, bəzən daha çox ailə yaşayırdı. Küçələr dalanlarla bölünürdü. Dalanlara açılan qapılar da bakılıların diliylə desək “həyət qapıları” idi. Hər küçə kiçik bir kənd kimiydi: hamı ayrı, həm də bir yerdə yaşayırdı.Məhlələrdə hamı bir birini tanıyırdı.Ülvügilin qonşularından birinin evini satması, əllərində xeyli nağd pulun olması da gizli qala bilməzdi. Bunu eşidən Ata axşam saatlarında yeni mənzil almağa hazırlaşan qonşusugilə gedir, yəqinki hal-əhval tutur öncə. Sonra... Sonrası əsil fəlakət olur. Bütün ailəni öldürüb pulu ələ keçirir. Bu cinayəti açmaq elə də çətin olmadı. Məhlədə də şərşür biri kimi tanınan Ata həbs olundu.

O saat yayılan xəbər məktəbə də yetişdi.

 Hamı kimi mən də sarsıldım. Həm ölənləri, həm Ülvigili düşündüm. Necə olacaqdı bu uşaqların taleyi? Həmin andaca içimdən bir qorxu da keçdi, elə bildim ata əlisilahlı məktəbdədi və müəllimləri öldürəcək. Sonra əsəbləşdim. İllərlə belə valideylərin qarşısında susur, “bəli, yaxşı” deyib yola verir, günahkar oluruq.

Əslində özümü günahkar bilirəm.

Əslində günahkarıq. Bu düşüncələrin mövcud olmasında, yaranmasında, yaşamasında günahkarıq. Bəlkə müəllimlər belə valideynlərə daha səbrlə yanaşmalı, ya daha sərt olmalı, onlara təsir etmək üçün yollar axtarmalıdı? Ən önəmlisi “onsuz da bizi eşitmirlər”ə söykənib, olacaqlardan üz çevirməməlidi? Axı, özünü iradəsiz, qorxaq, səbrsiz, güləyən, kövrək, nə bilim daha necə görənlər var, ağılsız hesab edən yoxdu. Hamı ağıllıdısa, bu qədər səhvlər hardandı? Bədbəxtlər, bədbəxtliklər hardandı? Bəlkə Ülvinin musiqi kollecinə getməsində israrlı olmalıydıq? Bəlkə valideynlərə təzyiq göstərməliydik? Atanın əsəb sisteminin, psixi durumunun normal olmaması açıq-aydın hiss olunurdu. Bəlkə həkimlərə müraciət etməli, onu atalıq hüququndan məhrum etməliydik? Amma məktəbin, müəllimin belə səlahiyyətləri yoxdu. Valideyn, uşaq həmişə haqlı tərəfdi. Narkoman, içki düşgünü olan atanın belə narazılıq etmək, şikayətçi olmaq hüququ var, müəlliminsə yoxdu. Belə yanaşmada müəllim də hansı ailəninsə problemlərini həll etmək gücündə, həvəsində olmur. Və çox vaxt belə ailələrin uşaqlarını, özlərinin dediyi kimi ”birtəhər yola verirlər” və bu “yolavermələr” yolsuzluğa aparır. Valideynlər  müəllimlərin fikriylə çox maraqlanmır da. Onlar üçün ətrafın fikri daha öndədi: “filankəsin oğlu prokurordu” deyilməsi “qarmonçalandı” deyilməsindən üstündü.

İnsanların su, yemək, təbii fəlakətlərdən, heyvanlardan qorunmaq ehtiyacı olub. Yaşamı dağdan, daşdan, mağaradan mühavizəçiləri olan binalara, villalara köçürən insanın bu ehtiyacları azaldıqca bir-birindən qorunmaq ehtiyacı artıb. İndi bu, insanların  ən böyük ehtiyacıdır. Bəlkə ana da qohumların, dost – tanışın, ətrafın qınağından ehtiyat edib o kişidən ayrılmayıb. Bəlkə Ülvi də bir çoxları kimi  ətrafın münasibətindən qorunmaq ehtiyacının qurbanıydı? Və nə qədər xoşbəxtliyimizi ətrafın nə deyəcəyinə qurban veririk...

         Bir vaxt bütün uşaqlar kimi bədbəxtliyin harda olduğundan xəbərsiz xoşbəxt olan, xəyallar quran, arzularla yaşayan, amma xoşbəxtliyə, arzularına gedən yolu tapa bilməyən qocalmış, beli bükülmüş, dərisi sümüyünə çəkilmiş Ülvi vardı qarşımda... Xəyalları, arzuları vardı möhtəşəm. Uzaqdan möhtəşəm görüntüsüylə  göz oxşayan buludlar kimi. Yaxınlaşıb əl uzatsan, ovcunda heç nə qalmayacaq buludlar kimi. Ülvi də illərin arxasından eləcə möhtəşəm görünən, amma küləyin dağıtdığı, ya da damcı-damcı yox olan buludlar kimi boylanırdı:

-Tanıdız?

-Tanıdım... Əlifbanı öyrənib hərflərdən söz düzəltməkdə çətinlik çəkən şagirdə oxşadım. Dilimi toparlayıb sordum: - Necəsən?

Elə bil qolları bədəninə yapışmışdı, sadəcə əllərini yavaşca oynatdı:

- Belə də...

  Susduq. Bir-neçə dəqiqə yalnız ətrafın səsi eşidildi. Nə deyəydim? Belə rastlamalarda verilən sualların cavabını bilirdim. Nə soruşaydım? Böyük qardaşı özü kimi. Kiçik qardaşının intihar etdiyini eşitmişdim. Bəzi söyləntilərə görə atasının öldürdüyü ailənin yaxınları qisas almış, öğlanı özünü asmağa məcbur eləmişdilər. Onlar da bu qisasın nə qədər mənasız olduğunu anlamayıb. Bəlkə də intihar edib? Heç yerdə işləməyən, həyatlarını qura bilməyən və narkotikə qurşanan üç qardaşdan biri vəhşi atanın oğlu olmaq ağırlığı ilə yaşaya bilməyib.

Qonum-qonşu onları o qədər də sevmirdi. Atasının cinayətindən sonrasa qapılarını açan yoxdu: nə üç oğul doğulanda sevinənlər, gözaydınlığı verənlər, nə həsəd aparanlar, nə paxıllıq edənlər...Kimsə yoxdu... Olsa, olsa kimsə acıyardı. Bəlkə də kimsə onları xatırlamaq, düşünmək belə istəmirdi.

Üç oğul doğması, yaraşıqlı əri ilə öyünən, bir irad bildirəndə ata ilə üstümüzə hücum edən, müəllimləri dara çəkən, qara - qışqırıqla susduran qadınsa tamam susmuşdu. Evə qapanmışdı. Kimsənin gözünə görünmürdü... 

Onlar insanların arasında yaşayırdı.

Meşədə güclülər zəifləri parçalayır. Zəiflər qurbandı həmişə. Amma zəif heyvanların təhlükədən qorunmaq kimi bir instinkti var - heç biri qurban olmaq istəmir. Şirin görünüşündə, duruşunda, gəzişində necə arxayınlıq olduğuna fikir vermisinizmi? Düzdü, onun da qurban olmaq təhlükəsi var, amma o bu təhlükəni gözləyə-gözləyə yaşamır. Zəif, gücsüz dovşanlar həmişə səksəkəlidilər. Qulaqları şəklidi həmişə. Elə bil dovşan gücsüz olduğunu, istənilən vaxt qurban ola biləcəyini anlayır və hər an qaçmağa hazırdı, həmişə ehtiyatlıdı.

İnsanların da qorunmaq ehtiyacı var həmişə. Heç kim qurban olmaq istəmir. İnsan toplumu - cəmiyyətsə öz nöqsanlarını sırımağa, ya ört-bas eləməyə qurban axtarır. Həmişə günahkar tapır. Qurub yaşadığımız, ya yaşayıb qurduğumuz cəmiyyət, adına sosializm, ya kapitalizm deməyimizdən asılı olmadan, ürəyimizcə deyilsə, hamımızın günah payı var.

B.e.ə. 6-5-ci əsrlərdə yaşamış yunan komedioqrafı və filosofu Epixarmın fikrini xatırladım: ”Heç kim özbaşına əzab çəkmir və səbəbsiz bədbəxt deyil”. Heç kim də narkoman, içki düşgünü, qatil, oğru... bədbəxt olmaq üçün yaşamır. Hamı xoşbəxt olmaq üçün çabalayır.

Mənə elə gəldi ki, Ülviylə deyil, günahımla üzbəüzəm. Bir-iki cümləlik hal-əhvaldan sonra susduq. Nə edəcəyimi bilmirdim. Gözləmədiyim halda ”yaxşı, mən gedim, sizi də saxlamayım. Sağ olun”- dedi. “Sağ ol”u ancaq özüm eşitdim. O, üzündəki narahat təbəssümlə yanımdan sakitcə keçdi. Bu görüşün sıxıntısından, günahlarımızın, səhvlərimizin əzabından, cəzasından ikimizi də qurtamaq istədi.

Bir-iki addım atıb dayandım,  geriyə baxdım. Qəribə adəti vardı, qollarını “farağat” əmri almış əsgər kimi dümdüz saxlardı. Başı yenə rəqqas kimi yırğalanırdı asta-asta...

Ayrılanda baxışlarımızın ani görüşü çox ağır oldu. Bu ağırlıq üstümə çökdü. Bu baxışlar “Niyə təəccüblənirsiz? Baxın, bu mənəm. Bundan başqa nə gözləyirdiz? Elə bunu gözləyirdiz. Bilirdiz...”- dedi.

Haqlıydı. Bilirdim. Gözləyirdim. Amma iddialıydı. Özünü yuxarılarda görürdü. Onu inandırmaq lazım idi. Nələrsə edə biləcəyinə inandırmaq lazım idi. İddialı olmaq yaxşıdı. Amma insanın iddiası  özünü-öz gücünü aşmamalıdı. Bəzən insanın iddiaları özünü aşır, bir də ayılır ki, iddialarıyla baş-başa qalmaqdan başqa heç nə etməyib.

Dağın zirvəsinə çıxmaq üçün öncə onun ətəyində olmalısan, sonra qalxmalısan. Özü də elə qalxmalısan ki, zirvəyə çatmadan yıxılmayasan. Bunu anlamayanlar dağın ətəyini belə tapmırlar, vurnuxurlar. Onların bəzən bir sözə, bir məsləhətə, bir ələ ehtiyacı olur. Və ondan üz çevirmək onu azdırır, tamam yanlışlara aparıb çıxarır. Bu yanlışlarda təkcə özü günahkar olmur. 

Ağırlığı üstümə çökən baxışlarının dedikləri getməyə qoymurdu. Yağmurlu qış günündə bozbulanıq səmanı xatırladan gözləri ürəyimə baxırdı elə bil. Hara getdiyimi unutdum. Gözlərində azca da olsa duruluq görmək arzusuyla axtardığı zirvənin yamacını belə tapmayan Ülvinin arxasınca yollandım...

TƏQVİM / ARXİV