adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

SADƏLÖVHLüK

OQTAY SALAMOV
23931 | 2012-06-09 08:27
Bəzən ağlıma gəlir ki, yekə-yekə dövlətlərin, ağıllı-ağıllı başların, bütün ölkələrin patriotlarının yığışıb həll edə bilmədiyi işi, "Qordi düyünü"nü açmağı mən özüm eləyim. Yaxşı ki, eləmirəm, yoxsa qıraqdakılar cəhənnəm, özümüzkülərin əlindən qurtara bilmərəm. Amma adamın təbiəti belədir, nəyi qadağan eləyirlərsə onu eləməyə can atır. Mən ölüm, məni lap sadəlövhlükdə çox da təqsirləndirməyin, onsuz da dediklərimə əməl edən olmayacaq axı. Elə-belə, mırta, onca dəqiqə vaxtınızı sərf eləyib dediklərimi oxuyun, sonra yenə bildiyiniz özünüzdə qalsıng
   
   Bilirsiniz nə haqda hansı təklifləri vermək ağlımdan keçmişdi? Korrupsiyanın aradan qaldırılması üçün çox sadə variant təklif etmək istəyirdim. Məni qəribə adam kimi qəbul etməyin, sadəcə yazının sərlövhəsinə baxın və Allaha şükür eləyin ki, siz belə təhlükədən uzaqsınız.
   
   Beləliklə, o əjdaha, heç kimin yaxa qurtara bilmədiyi KORRUPSİYA ilə qətiyyən mübarizə aparmadan, kimləri isə bu adla damlamadan, ciddi-ciddi adamların müxtəlif komissiyalarda vaxtlarını və əsəblərini sərf etmədən ONUN aradan qaldırılmasının ən sadə yolunu sadəlövhcəsinə təklif edirəm:
   
   1. Qanunvericilik yolu ilə bütün dövlət məmurlarına və onların ailə üzvlərinə xaricdə müalicə olmağı qadağan etmək lazımdır. Bircə şərtlə: əgər bizim həkimlər prinsipial olaraq müalicə etmək istəmir, adamın həyatı isə təhlükə qarşısındadır. Qalan bütün hallarda qanun bunu qadağan eləməlidir.Bütün burun axması, çıxıqlar, uşaqların doğulması- hamısı Azərbaycanda və bizim həkimlərin iştirakı ilə olmalıdır. Bilirəm, o dəqiqə demokratiyadan, insan hüquqlarından, müstəqillik və azadlıq haqda danışacaq, ən azından fikirləşəcəksiniz. Nahaq! Adi adamlar necə edirlər, onlar da elə. Əgər xaricdə müalicə almaq istəyirsənsə, Allah xatirinə, hara istəyirsən get, amma dövlət strukturlarından çıx! Qəbul edirsənsə, qazanırsansa, ödəyə bilirsənsə- buyur! Amma məmursansa, özü də hansı kateqoriyadan olusan ol, dəxli yoxdur- ancaq öz həkimlərimiz, öz xəstəxanalarımız, öz doğum evlərimiz. Kateqorik olaraq!
   
   2. Uşaqlarnız ancaq Azərbaycanda oxumalıdır. Adi məktəblərdə və Ali məktəblərdə. Heç bir oksford və kembriclər. Oksfor istəyirsən, buyur, amma sən dövlət məmuru deyilsənsə. Uğurlu sahibkarsansa, ödəyə bilirsənsə- yolun açıq olsun, harada istəyirsən oxu, oxut. Amma məmur balasısansa- olmaz! Ancaq Azərbaycan ərazisində və Azərbaycan Ali məktəbində.
   
   3.Azərbaycandan kənarda heç bir mülkiyyət olmaz! Hər hansı bir ranqdan olan məmura xaricdə mülkiyyətə sahib olmaq qadağandır! Rentabelli mülkiyyət lazımdır- bunu öz dövlətinin ərazisində yarat, əlbəttə varsa və bacarırsansa. Yox bacarmırsansa- dövlət sektorundan çıx, öz biznesinlə qazan və harada istəyirsən istədiyini al.
   
   Təklifin mənası aydındırmı? Məncə aydındır-məmurları (dövlət adamlarını) dövlətə bağlamaq. Hər mənada. Əgər hakimiyyət işinə gedirsənsə, bil ki, ancaq öz dövlətinin olanından, özünkündən istifadə edə bilərsən. Özgəninkindən istifadə etmək istəyirsənsə, özün bil, amma vəzifəyə yolun bağlanacaq. Biznes olar, vəzifə-olmaz! Nöqtə!
   
   Vallah, sadəlövhlük olsa da, təsirli vasitə olardı. Bax, ABŞ-ı götürək. Onların məmurlarının, dövlət adamlarının mülkiyyətləri haradadır? Balaları harada oxuyurlar? Bəlkə də mən səhv edirəm, amma elə bilirəm ki, Amerika ərazisində. Bir də təkrar edirəm, söhbət məmurlardan, dövlət adamlarından gedir, biznesmenlərdən yox. Bəs bizimkilər niyə öz gələcəklərini, balalarının gələcəklərini niyə öz ölkələri ilə bağlamırlar? Qoy bağlasınlar! Qoy öz ölkəmizdə oxusunlar, müalicə alsınlar, mülkiyyətləri burada olsun. İstəmirlərsə dövlət işindən çıxsınlar, kim ölkənin rifahı üçün burada yaşamaq və yaratmaq istəyirsə onlara yol versinlər.
   
   Belə bir qanun olarsa və ona əməl edilərsə- məmləkətdə korrupsiyadan əsər-əlamət olarsa, adımı dəyişərəm. Dediklərim olsa hansı məmur, dövlət adamı istəyər ki, özünü savadsız həkimə müalicə etdirsin, balasını savadsız müəllimin yanında oxutdursun, bacarıqsız mütəxəssisə iş tapşırsın? Deməli, bunların olmaması üçün rüşvətlə, tapşırıqla, kiminsə adamı olmaqla indiki vəziyyət davam etsin? Kim istəyər ki, savadsız həkimləri olsun, savadsız müəllimləri, alimləri, mütəxəssisləri olsun ki, səhhətini, gələcəyini, biznesini göz görə-görə məhv etsin? Vallah, heç kim istəməz.
   
   Siz diri, mən də hələlik diri, məmurların gəlir bəyannaməsi açıqlanmasa korrupsiya ilə mübarizə etmək oyunu mənasız bir işdir. Dərd orasıdır ki, bu haqda qanun, sərəncam da var, amma əməl edən yoxdur. Bir-iki həkim, hərbi komissar, JEK müdiri damlamaqla korrupsiya ilə mübarizə etmək olmaz. Məmurlar ipə-sapa yatdırılmalıdırg
   
   Ağlınız nə kəsir? Eh, kimdi sizin ağlınızın nə kəsib-kəsməməyinə baxan?...

TƏQVİM / ARXİV