Sabah ilin son Ay tutulması olacaq

248 | 2025-09-06 18:00

Sabah ilin ikinci və son Ay tutulması baş verəcək.

Adalet.az xəbər verir ki, bu, tam Ay tutulmasıdır (bəzən "Qanlı Ay" da adlandırılır).

Tam Ay tutulması - Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb Günəş işığının Yer atmosferində sınma və səpilmə səbəbindən qırmızı və narıncı şüaların Ay səthinə çatmasıdır. Qanlı rəng Ay üfüqdə olarkən daha "dramatik" görünə bilər. Çünki həm Yer atmosferindən keçən Günəş işığı Ayı qırmızıya boyayır, həm də üfüqdə olan Ay artıq qırmızımtıl olur.

Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, bunu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.

Yarımkölgəli Ay tutulması saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək. Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq. Tam tutulma 82 dəqiqə davam edəcək.

İkinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək.

Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki,  ilin ilk Ay tutulması martın 14-də baş verib. Bundan başqa, bu ilin ikinci və son Günəş tutulması (qismən) hadisəsi isə sentyabrın 21-də qeydə alınacaq.

  • Sentyabr:
  • 5

TƏQVİM / ARXİV