Süleymana qalmayan dünyada “Süleymana qalmayan şeir”lər də var, bunu bildiyi halda Süleyman Abdulla yenə şeir yazır. Yazır ki, oxucu çeynənmiş qafiyələrdən, təkrarlanan fikirlərdən ayrılsın. Bəzən adama elə gəlir, onun yazdıqları şeir deyil, çünki bu yükdə, bu ağırlıqda poeziya olmur. S.Abdullanın şeirləri özündən roman yaradan şeirlərdir. Ona görə həmişə soruşuram: indi roman oxumağa vaxt, hövsələ yoxdur deyirlər, bəs Süleyman Abdullanın şeirləri niyə oxunur? Bəs bu roman kimi şeirləri kim gözlərinə təpir?
Şeir quş deyil ki oxuyan kimi uçub getsin. Misralar ilan torpaqda süründüyü kimi ürəklərdə sürünməsə, ruha dolanmasa, cismi çalmasa ondan heç nə qalmaz. S.Abdulla fiziki hadisələri poeziyaya gətirir. Oxuyanda görürsən ki, günəş boylanır, qəfil tufan qopur və birdən-birə sakitlik çökür. Şeirə nəyi qatsa, gözəl və sanballı olur. Bir şeirə bir dünya məna yükləyir. Bütöv yaradıcılığına nəzər salanda orda həyatın təkcə eniş-yoxuşunu yox, sevincini, nəşəsini, qalibiyyətini də görmək olur. Döyüşçü şairin poeziyasının hərb meydanını xatırlatması başadüşüləndir. Müharibənin ilk günlərində şair nisbətən sakit təsiri bağışlayır:
Bərk xəstələnmişdim döyüşlər başlayanda,
sayıqlama kimi anlayırdım cəbhə xəbərlərini.
Gözlərimin qabağından uçuşan
işıldaböcəklər kimiydi yaylım atəşləri.
Bədənim od içində olduğundan
hiss etməmişdim hərarətini atəşfəşanlığın.
Bir müddət sonra artıq cəbhə xəttində dərk etdiklərini, duyduqlarını söyləyir:
Torpaq qoxuyan hərbi geyimdir
geyimlərin ən ruhanisi...
Peyğəmbər hirqəsi kimidir
dizləri otlardan göyərmiş komuflyaj,
ətəyi öpüləsi xaki buşlat...
bir qəhrəmanın soyunduğu
çəkmələrin kəskin iyi...
Necə çatlayır adamın bağrı səadətdən...
S.Abdulla adı çəkiləndə adamın dilinə balasını hərbi gödəkcədə böyüdən şair ifadəsi gəlir. İfadənin yaranmasına səbəb olan şeiri oxuyaq:
O vaxt çox gərəkdi Vətənə əsgər,
Sevindim,
igidim dünyaya gəlmiş!
O gün havalar da xeyli soyuqdu,
Göydən narın-narın tökülürdü nəm.
Yolu yüyrək idi doğum evinin,
Barıt qoxuyurdu hərbi gödəkçəm.
Yorğun gözlərimdən sevinc yağırdı,
İlahi, boz çiskə çevrildi qara.
Qollarım yollandı dümağ qundağa,
Ciblərim yol oldu muştuluqlara.
Bakıya dönürdü səadət köçüm,
Qardan qorğanırdı özünü hamı.
Nə pulum qalmışdı,nə maşın vardı,
Hərbi gödəkcəmə bükdüm balamı.
Piyada yürüdük vağzala qədər,
Hərbi iş dediyin belə işdi dəə...
Təlaşla qundağı açıb yoxladıq,
Körpə puçur-puçur tərləmişdi də...
...Sonra illər keçdi o qarlı gündən,
O körpə böyüdü bir ərən oldu.
Böyüdü, boy atdı elə o ruhda,
Hərbi gödəkcəmlə boyu tən oldu.
Məncə, heç bir interpretasiyaya ehtiyac yoxdur. Şeir özü səhnədir, hər şeyi göstərir.
Ordudan geri döndüyü gündən qələbə çalınanadək poeziyasında hər şeyin adı torpaq, vətən, ordu oldu. Hərbçi sərtliyi göstərmədiyi, “irəli” deyib bağırmadığı, hədə-qorxu gəlmədiyi halda şeirlərində düşməni məğlub etməyə yetəcək qədər qüvvə – dərin məna hiss olunur. Hərb dünyasını müdrikcəsinə anladır.
İllər ötdü, şair də yaşıdları da yaşa doldu, yerlərini gənc Azərbaycan oğulları aldı. Qismətimizə bir-birimizə yurdun işğaldan azad edilməsi münasibətilə gözaydınlığı vermək yazıldı. Qələbə çaldıqdan sonra şairdə bütün azərbaycanlılartək qürur hissi daha da gücləndi, sanki əlimizi vətənin çiyninə qoyub: – Səni xilas etdik. – deyib öyündük. Döyüşün ilk günlərində:
Az qaldı təbrik etməyə,
Lap çoxdan ağrıyan yolu.
Öpüb göz üstə qoymağa,
Gözlərini qıyan yolu. – ümidində olan şair:
Kəsdik canımıza atəşdən həkət,
Ayırmaq mümkünmü ocağı daşdan?
Gözün aydın olsun alov məmləkət,
Hər evə bir çınqı düşdü savaşdan. – deyərək nəticəni yazmağın sevincini də yaşadı. Öz təbirincə desək, “ağır tonnajlı şeirlər”in vaxtı çatdığından qələm də zirehləndi.
Orda
indi şeir yox,
dastan yazılır, əfəndim,
elə bir dastan ki,
bütün əlifbalar sirena səsinə sığmaz,
bütün qrafikalar həyəcan siqnallarına...
Qəhramanlıq salnaməsi!...
cümlənin mübtədası avtomat səsləri ilə başlayır,
feli qurtarır raket atəşləri ilə...
Vətənin hər halı gözəldir. Şair onu dərd-bəlası ilə birgə sevir.
Azarı da gözəldir Vətənin,
ağrısı da,
şəhadəti də!
O hər şeyə hazır olduğu üçün hərb həyatını seçib. Bilir ki, ölüm də ola bilər, qələbə də.
Belədir bu işlər, cənablar,
heç nə hazır olmur sudan-havadan...
Vətən istəyirsənsə
hazır olmalısan hər cür itkilərə.
Torpaq dediyin döyüşlərdən başlar,
döyüşün döyüşçüləri olmalı,
döyüşçülərin şəhidi...
Qəhrəmanlıq bər-bəzəkli söz deyil,
canı-qanı bahasına
həyata keçən əməldir şücaəti olanlara...
Əsl gerçəyi sonda göstərir:
Bütün saf sevgilərin nəticəsi eynidir:
QƏLƏBƏ!
bütün qələbələrin səbəbi:
İSTƏK!
Milyonlarla ürək eyni ritmdə döyünürsə,
milyonlarla nəbz eyni ahənglə vurursa,
başqa yolu yoxdur əks tərəfin,
ağ bayraq qaldırmalı.
Ədalət milyonların – yurdunu sevənlərin, onun əsl sahiblərinin tərəfində olduğundan düşmən məğlub oldu.
Ömrü səngərlərdən keçən şairin, eyni zamanda, ədəbiyyatın poeziya hanasına sevgidən, xoş duyğulardan ilmələr tökməsi sevindiricidir. Demək, ruh silaha qalib gəlir. S.Abdullanın vətən adlı, torpaq qoxulu poeziyası təkcə od-alovlu müharibəni andırmır. Onun gözəl sevgi şeirləri də var. “Süleymana qalmayan şeir” ifadəsinin açıqlamasının vaxtı öz-özünə yetişdi. Profilini izləyirəm, duyğulu şeirlərini paylaşan kimi götürüb düz oxucuların yanına aparıram. Qarşılarına qoyuram: sərt görünən şairin yumşaq ürəyi var deyirəm. Görün sevgidən necə gözəl yazıb:
Uşaq oyunu kimidir sevgi,
Ya da uşaq oyuncağı kimi...
Əyləncədir bir üzü,
göz yaşları və səadət – o bir üzü.
Yersiz küsüb-barışmağı,
göysüz cığallığı var.
Qaşınmamış yerdən qan çıxarmağı bir başqa,
Nahaqdan qarşı çıxar haqqa da arada.
Olur ki, darı dələr qulağı,
Olur ki, adam eşitməz, söz anlamaz.
Bəzən qıyya çəkməyi, bəzən lallığı var.
Amma nə olur-olsun,
Qar kimi təmizliyi,
su kimi saflığı,
çörək kimi halallığı var.
Sevənlərin uzaqlıq həsrəti də olur. Ömür boyunca gözləri yollardan yığılmır. Şair həmin uzaqları bu cür təsvir edir:
Uzaqlardan qorxur adam,
amma ürəyi də uçunur yaxınlaşmağa.
Bizim başqa nəyimiz var
görüş üçün səbirdən başqa daşmağa.
Ötdü "bağ dövrü, bostan çağı",
qalan ömrümü keçirirəm uralarda...
Bəlkə belə yaxşıdır –
sən uzaqlarda, mən buralarda...
Yox,
əsəbləşmirəm daha
səma dolub yağış yağanda...
Üstümə ayrılığın buludları
qoşun-qoşun axanda...
Ölmürəm dərdindən gün işığının,
kədərlənmirəm bozluğundan havanın.
Çox gec anlamışam
xeyri yoxmuş cəngin, davanın.
Baxışların
damar-damar kif atıbsa, nə olsun?
Köksün altında
usanmış bir ürək yatıbsa, nə olsun?
Həsrətdən, intizardan usananda şair ürəyinə istirahət də verir, əgər istirahət demək mümkünsə...
İstirahət günüdür sənsizliyin,
Adamın ağlı işləmir fikirdən.
Yandirsəyi vurub qayğılar
beynimin tən ortasında...
Kədər belədən belə şellənir vücudumda,
nisgil elədən elə...
Sıxıntılar kölgələnir sinəmdəki səhrada.
Ürəyimdə dincəlir ağrılar,
Gözlərimdə üzür qəm
Uyumaq istəyir kirpiklərin yol həsrəti...
Bütün yoxluqlara rəğmən
yatmaq istəyirəm sinəmə sıxıb ürəyimi...
Bir gün dincəlmək haqqı var hər kəsin,
Canı çıxsın yorğunluğun...
Bu gün istirahət günüdür,
Ərkim də çatmır ürəyimə ki, deyim yat...
Oxudunuzsa soruşum: – Kim ürəyinə bu cür istirahət verir?
“Tez çıxarır yol adamı yolundan...” Yolların bu tərəfi də varmış, yoxsa şair suçunu boynuna atmağa nəsnə tapıb?
Adam unutmaq istəməyəndə bəhanə tapıb sevir, ona görə:
Nə olsun ki veyil-veyil gəzirəm
Məndə səni unutmağa vaxt hanı? – deyir.
Şair ayrılığın ağır günlərini bədii estetikaya zidd ifadə ilə təsvir etsə də, vəziyyətin çətinliyini göstərə bilib:
daha gəlmərəm siz tərəflərə,
sən ki yoxsan
orda nə itim azıb?
Lap gəlim,
itirib-axtaran hanı...
Kim məni tanıyır, bilə kim azıb.
Yox!
Daha gəlmərəm siz tərəflərə,
Bir səbəbmi qalıb baş çəkəm, dəyəm?
Küçə itləri də hürməz,
çünki mən
sənsiz qalan gündən it günündəyəm...
“Sinənin sən yeri və küt ağrı...” şairin həkimliyi də olur, onun diaqnozuna şübhə ola bilməz:
Bir küt ağrı var,
Sinəmin sən yerində.
Ürəkmi adın?
İztirablarla ötən günlərin ürəkdə buraxdığı izlər görünməz, alın isə yaşananları açıb-ağardır. Dağların sinəsində salınmış cığırları yalnız o xatırladır.
Ömrün payızını yaxşı-pis nəsə,
Səni unutmağa həsr etdim, sağ ol.
Qalan ömür qısa, gedən yol kəsə,
Nə vaxtı saxladım, nə getdim, sağ ol.
Ev-eşik başıma gəlir dar, nədir,
Ya mən böyümüşəm, ya kiçilib dam.
Niyə düşünürsən sənə görədir,
Buludlu havada darıxır adam.
Sevənlər olurlar dişqarı dindən,
Amma ayrılığın olmaz savabı.
Vurur ürəyinin sınıq yerindən,
Əsəbi "vargəl"in "yoxget" cavabı.
Əzab vermək imiş qərəzi, qəsdi,
Hərənin bir sevgi qəzası olur.
Başqa da baxırsan dünya məhbəsdi,
Sevənin ömürlük cəzası olur.
Öhd olmaz çuxası qara yatmışa,
Ağaran gözümdə çaşdı haqq yolu.
Ömrün payızını dövr etdim qışa,
Səni unutmağın yoxmuş "sağol"u.
Sevənə təşəkkür edilmirsə, unudana da sağ ol deyilməz. Hər ikisi adamın özünə verdiyi zülmdür.
Bütün olanlardan sonra şair Hamletsayaq sual verir:
Hansı çox əzizdir: yaramı, yarmı?
Nədir suya dönən: ağılmı, qarmı?
Cavab vermək əvəzinə mən də özümdən soruşdum:
– Hansı çox əzizdir: yaramı, yarmı?
Deyəsən, tapdım... yarın vurduğu yara da əzizdir, axı hər yara şeirə çevrilə bilmir...
Ağlın suya dönmə halı sevməkdir. Məncə, ağıllı adamlar sevə bilmirlər. (Bacaranlar etiraz edə bilərlər.)
Şair yazdı getdi, indi gəl sən bütün bunları saf-çürük elə.
Gördünüz, Süleyman Abdullanın şeirlərindən özünə heç nə qalmadı...


Bakı -°C
