Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkəti iştirakçılarına müraciət edib.
Bu barədə Adalet.az-a idarədən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.


Bakı -°C
